Gönderi

619 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 39 days
Ya şimdi, ya hiç bir zaman, unutma!
Ah, bu kitab! Haqqında çox rəy oxumadan saf düşüncələrimlə yazmağa başlayıram. "Oblomov" ruhumda çox dərin izlər buraxdı, yer-yer gülümsətdi, bəzən kədərləndirdi, tez-tez də əsəbləşdirdi. Əvvəllər kitab haqda rast gəldiyim rəylərin əksəriyyəti bununla başlayırdı: "Bilinçli vazgeçiş". Amma mən belə deməzdim. Əgər Oblomovu az da olsa, hərəkətə gətirən heç nə olmasa idi, ruhundakı coşqunluğu, hərarəti oxuyub duymasa idim, bununla razılaşardım. Belə incə ruhlu, saf, dərin zəkalı birinin heç bir şeyə tutuna bilməməsi, özünü bu bataqlıqdan qurtara bilməməsi mənə çox dərindən təsir etdi. Kitab haqqında fikirlərimi bölüşərkən oxumağa başlamamın hekayəsini də yazmasam, olmazdı. Uzun bir müddət kitabını almağa qərar verməklə, daha uzun bir müddət isə kitablarımın arasında oxumadan gözlətməklə keçdi. Fərqində olmadan Oblomovluq etmişəm, sən demə. :) Bir postda buğa bürclərinin xarakterini əks etdirən obrazın Oblomov olduğunu oxuyandan sonra kitaba başlama qərarı aldım. Yaxşı ki də başlamışam. Əsərin baş obrazı Oblomovu bütün yaxşı xüsusiyyətlərinə rəğmən sevmədim, sevə bilmədim. Ondakı üstün cəhətləri, Ştoltsun dediyi kimi, saflığını, təmiz qəlbini görə bildim, amma sevə bilmədim. Nə bilmək olar, bəlkə, elə bu saflığı da Oblomovluqdan irəli gəlirdi. Oblomov, əslində, hər gün ətrafımızda gördüyümüz onlarla insanın bədiiliklə bütünləşmiş, sətirlərə çevrilmiş halıdır. Kitabı oxuduqca onda tez-tez özümü də tapdım. Təxirə saldığım işlərim, üzərində yetəri qədər düşünmədiyim qərarlarım, qərar versəm də, həyata keçirmədiyim planlar, bəzən heç bir şey etmədən keçirdiyim zamanım, hər şey yolunda gedərkən geri atdığım addımlarım, uzaqlaşmalarım, bəzən yersiz çəkingənliklərim, başqalarının fikirlərini önəmsəməyim... Və bu kimi digər xırdalı-böyüklü bənzərliklərimiz. Elə, bəlkə də, buna görə sevmədim Oblomovu, içimdəki o tərəfi aşkara çıxardığı, bu tənbəlliyimə ayna olduğu üçün. Məhz buna görə Oblomovluq etməyək. Həyatımızla bağlı doğru qərarlar verək və həyata keçirək, addım ataq, üzərimizdəki süstlüyü ataq. Unutmayaq ki, Oblomov da xəyallar, planlar qurur, qərarlar verirdi. Önəmli olan onları reallaşdırmaqdır. Bu qədər yazmışkən, həm də ilk incələməmi paylaşmışkən Ştoltsdan bəhs etməyə bilmərəm. Çox sevdiyim, dərin hörmət bəsləyərək oxuduğum, fikirlərinə, müdrikliyinə, dünyagörüşünə, dostluğuna heyran qaldığım bir obraz oldu. Yazarın dolğun təsvirlərinin bunda rolu danılmazdır, əlbəttə. Yaşamağı, yaşatmağı sevməsi, hər anlamda sevdiklərinin yanında olması onu sevməmə, ən sevdiyim kitab obrazı olmasına bəs etdi. Olga ilə həyatlarını birləşdirmələrinə, Olga və Oblomovun ayrılmasına sevindim, amma qəlbimin bir küncündə sıxıntı, kədər də hiss etdim, düzü. Ayrılıq epizodu isə çox incə, zərifliklə yazılmışdı, ən təsirləndiyim ayrılıq səhnəsi ola bilər. Ah, hələ Olganın bu cümləsi: "Olan bir Oblomov'u değil, olacak bir Oblomov'u sevdim". Hər halda bu kitab mənim üçün çox özəl qalacaq. İlmək-ilmək işlənmiş, oxuduqca hər biri fərqli duyğular yaradan obrazları, atmosferi, mövzusundan əlavə dərinliyi, incəliyi ilə. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın, gələcəyinizin qeydinə qalın, sizi sizdən başqası xilas edə bilməz. Olgalar, Ştolstlar olsa belə. Unutmayın, ya indi, ya da heç vaxt!
Oblomov
Oblomovİvan Gonçarov · Türkiye İş Bankası Kültür Yayınları · 202139.6k okunma
·
61 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.