Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

23.02.2023
Eyni gün fərqli zamanlarda çəkilmiş iki şəkil arasındakı fərq, başlanğıcla son kimi… Günün başlanğıcında hər şey çox gözəl idi, hava əsl “yaz”ı xatırladırdı. İlk baxışdan, uzaqlardakı ümidimə bənzəmişdi. Həmişə belə olmurdu ki? Başlanğıclar “yaz” qədər səmimi və canlı, vidalar isə hər zaman solğun, qaranlıq və soyuq. Bu gün əllərim üşüdü, oysa ki, onlar heç vaxt isinə bilmədi. Necə də yanılmışam, soyuğun keyidici təsiri ilə sadəcə bir anlıq isinə biləcəyimə inanmaq istəmişəm. Ta ki, kəskin şaxta məni yaxalayana qədər. Bir teatr çıxışı əlimdəki plakatı qorumağa çalışırdım sadəcə. Eynilə, uşaqların ən sevimli geyimlərini yağışdan qoruması kimi. Axı bilirdim yağışın yağacağını. Bəs niyə ən gözəl duyğuları da uzun müddət qoruyub bir qış soyuğuna təslim oluruq? Yaz gününə niyə qışı gətirdik? Yox, qışı gətirmədik. Tərəzidəki balansı saxlamaq istəyim baha başa gəldi. “Yaz və payız”. Yaz getdi, payız qaldı. Payız məhkum olacağımız qaçınılmaz sonluq idi. Təklik kimi. Bəs bir uşaqlıq inancıtək yağış hələ də yuya bilər günahlarımı? Gücü çatarmı, mənim bacarmadığımı dərimin üzərindəki yağış damlasının bacarmağa? Gözlərim hey axtarır, axtarır, axtarır… Tanış? Bəlkə, köhnə bir dostu? Uzaqlardan bir baxış. “Çox axtardın, burdayam” deyən bütün bu axtarışlarımı səssizcə izləyən bir adam. Tündlük və insan çoxluğu arasından sonu əvvəlcədən bilən birinin yumşaq gülümsəməylə o bilmiş baxışı. Sonra güclü yağışda zərif baxışlı bir pianistlə qarşılaşır. Əllərindəki qazet və braşuralar əllərinin incəliyini örtməyə kömək edərmiydi? Başındakı fransız papağı gözlərindəki həzin kədəri gizlədə bilərmiydi? Bəs əhəmiyyət belə vermədən, dərin bir nəfəs alaraq günəşli günlərdə əksi olduğu halda, hər kəsin başını əyərək keçdiyi küçələrdən köhnə tikililərin solğunluğu ilə yağışın harmoniyasını izləməyimə maneə ola bildimi? Gün gələcək hər şey bitəcək. Lakin təbiət və insan vəhdəti əbədi qalacaq. Təbiət yenə insanın ruhunda çulğayan fırtınaları yansıdacaq. Və insan eyni anda hər ikisi ola bilər? Həm yaz, həm payızı eyni ruhda bir bədənə sığdıra bilərmiydi? O həmin teatr tamaşasından həm zövq alıb həm də, həyatının bitdiyini tam o an, orada anlaya bilərmiydi?
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.