Gönderi

·
Not rated
John Steinbeckin oxuduğum ilk kitabı olsa da, təhlilini yazdığım 2-ci əsərdi. Bəlkə də, ədəbiyyatda ən gözəl əsər deyil, yaxud Steinbeckin ən yaxşı əsəri deyil, amma mənim üçün xüsusi yeri var bu kitabın, təsirindən uzun müddət çıxmadığım, hüzünlü sonluğa malik əsərlərdəndi. Ilk oxuduğumda əsəri çox sevmiş və Steinbeckin qələmini bəyənmişdim. Bu əsər ona görə xüsusidir ki, mənə John Steinbecki tanıtdı, onun digər və bəlkə də daha maraqlı əsərləri ilə tanış etdirdi. Kitabı, dediyim kimi, ikinci dəfə oxudum. Eyni hisslərlə, eyni duyğularla və eyni göz yaşları ilə. Bilmirəm kimə necə (və niyə) təsir edir, amma mən bəlkə üçüncü dəfə də oxusam, duyğularım dəyişməz. Lenniii - ədəbiyyat tarixində bəlkə də ən çox mərhəmət hissimi ortaya çıxaran obraz ola bilər. Fiziki görünüşünün əksinə, masum, uşaq kimi xasiyyəti ilə o məndə başqa yerə malikdi. Eyni şeyi dəfələrlə təkrarlaması, buna rəğmən unutması, davamlı olaraq arzularını dilə gətirməsi o qədər özünə yaxın hiss etdirir ki. Lenni qorxur, Lenni sevir, Lenni əzizləyir. Amma necə sevməyinin onun üçün əhəmiyyəti yoxdu, o sadəcə sevir, sevir və öldürür. Onun xəyalları var, dovşanları olacaq. Amma bilmir ki onları da öldürəcək, siçanlar kimi, küçüklər kimi.. Amma yenə xəyal edir, ümid edir. Onun bir dostu var arzularını, planlarını bölüşdüyü, ona tanrı kimi baxır. Corc nə deyirsə o, Corc onun üçün hər zaman haqlıdır, ona görə də sonunda Corc ona desə idi ki, mən səni öldürməliyəm, cavabında deyərdi ki, haqlısan, öldür.. Halbuki onun iç səsi dəfələrlə müxtəlif obrazlarda Corcun onu tərk edəcəyini deyəndə inanmırdı. Corc etməz deyirdi. Corc özü bunu dilə gətirsə idi, o zaman inanacaqdı çünki ona özündən də çox inanır. Corc - Lenninin əksinə olaraq o daha ağıllı, məntiqli yol ilə irəliləyir. Zamanla Lenniyə əsəbiləşir, amma bəlkə kim olsa əsəbiləşər. Buna rəğmən onu tək qoymur, tərk etmir. Hər zaman onun yanında olur, qoruyur, xəbərdarlıq edir. Çünki tək olsa, başına bəla açacaq. Necə ki, açır da. Corca bəzən əsəbiləşsəm də, onun dostluğu bir başqadı. Hər kəs demək olar oxuyub, ona görə sonluğu rahat şəkildə yazaraq deyə bilərəm ki, o Lenniyə olan sevgisindən onu özü öldürür. Incitmədən, hiss etdirmədən.. tək güllə ilə. Birbaşa. Digərləri ona əzab verərdi. Qozbel - yenə bir qaradərili hekayəsi, ətrafdan təcrid edilmiş, öz aləmində bir dünyaya çəkilmiş zənci. Nə qədər ayrı seçkilik burda vurğulansa da, onun özünün ayrıca komasının olması əslində ona bu hüququ tanıtdırmalarına işarədir. Onu özlərindən kənarlaşdırırlar, həm də tabiri cayizsə 'mənzil hüququ' verirlər. Qoca Plüm və onun qoca iti - təsirləndirən bir qisim də onun itinin öldürülməsi idi. Itinin kənarda güllə ilə öldürülməsi, qocanın çarpayıda uzanıb gözünü tavana zilləyərək bu anı gözləməsi. Bu qədər asandırmı bir cana qıymaq? Qocaya "onsuz da qocalıb, ona əziyyətdir yaşamaq" deyirlər, əslində isə ondan pis iy gəldiyi üçün, heç bir işə yaramadığı üçün qurtulmaq istəyirlər. Sadəcə öz mənfəətini güdürlər. Qoca Plümün isə etmədiyini Corc etdi, sevdiyini öldürdü. Hadisələrin cərəyan etdiyi komanın sahibinin oğlu bossun oğlu olduğu üçün istədiyini əldə edə bilən fərsizin biridir. Bu isə günümüzdə belə aktual olan problemi göstərir. Arxanda adamın varsa, daha sənə zaval yoxdu. Məzmuna gələndə, əsərin ümumi məzmunu iki dostun və sonradan qatılan qoca Plümün xəyallarından, və onların puç oluşundan bəhs edir. Mirvaridə də bu mövzu işlənmişdi. Arzuları o qədər çox dilə gətirirlər ki, sonunda səadət onlardan üz döndərir. Əsərin adı 'Siçanlar və adamlar' olması onu oxumazdan əvvəl məndə sual işarəsi yaradırdı. O, bu adı bir şeirdən ilhamlanaraq seçmişdi, şeirdə isə belə deyilir: siçanlar və adamların ən yaxşı planları daima tərs gedər. Eynən Corc və Lennin arzuları kimi. Siçanlar nə əlaqə deyə soruşa bilərsiz, axı siçanlar da pendirə tam yaxınlaşmışkən tələyə düşürlər.
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0173.1k okunma
·
136 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.