Sən birdən getmədin,yox
hər gün bir az getdin , bir az.
Bəlkə ,qorxdun -
birdən getsən,bu ürəyim tablamaz.
Bu necə oldu axı?
Gündən - günə tərgitdin hər öpəndə
qulağıma şirin sözlər pıçıldamağı.
Sonra...sonra tərgitdin öpməyi də...
Uşaq evciyi kimi -
nə qurmuşduq,hamısını
öz əlinlə uçurtdun.
Əvvəl məndən gözlərini
qaçırtmağa başladın,
Sonra ayaqların səni qaçırtdı.
Getdin -
amma hələ tamam gedib qutarmamısan,
gedəndə çox şeyi aparmamısan .
Hələ çox suallara cavabların qalıb.
Hamamda üzqırxanın,
çirkli corabların qalıb.
Hər gün vərəqləyirəm
səndən qalan bu qalın kitabları,
Səndən qalan iri sürütmələrlədə
gəzirəm otaqları.
Sən baxdığın kinolara baxıram,
sən güldüyün şeylərə gülürəm mən.
Yavaş-yavaş ,deyəsən,sənə çevrilirəm mən.
Belə getsə-
qorxuram üzümə də tük çıxa.
...Mən bu ömrə tüpürdüm.
Səndən qalan nə varsa -
hamısını bir - bir sildim,süpürdüm,
atdım zibilqabına.
Səndən qalan o qalın kitabları
apardım bukinistə.
Bir qalın xətt çəkdim
adının üstən.
Daha nə yadıma düşürsən mənim,
nə yuxuda adını sayıqlayıram.
Sənin baxıb güldüyün seriallara
baxa - baxa ləzzətlə ağlayıram...