Gönderi

7/10
·100 syf.··
2023 16. kitabı
Tolstoyun arayışa doğru addımladığı növbəti kitablardan biri olan "İvan İliçin ölümü" kitabı, ölüm anını iliklərinizə kimi hiss etdirəcək bir kitabdır. Ölüm mövzusu insanlığın yaradılışından bu günə kimi və bundan sonra da öz gerçəkliyini qoruyub saxlaya bilən, istisnasız hər kəsi əhatə edən yeganə mövzudur. Üzərinə kitablar yazılacaq qədər geniş olan bu mövzuya bəlkə başqa bir incələməmdə daha ətraflı yer verərəm. Ancaq bunu deməliyəm ki, gerçəklikdən qaçmağımızın bizə bir faydası olmadığı kimi zərəri də çoxdur. Ölümə sadəcə qorxulu bir son, bir heçlik kimi baxdığımız müddətcə isə o elə belə də qalacaqdır. Bir sözlə, qorxunun əcələ faydası yoxdur deyərəkdən keçək incələməmizə. İvan İliç 3 uşaqlı ailənin ortancıl uşağı olaraq dünyaya göz açmış və daima ailənin qürur mənbəyi olaraq bilinmişdir. Xoşbəxtliklərlə dolu uşaqlıq həyatının ardından gənclik həyatına atılaraq istedadlı, ləyaqətli, dürüst bir hüquqşünas olmuşdur. Xüsusiyyətinə zidd olan yaltaqlıqdan söz etməyərəkdən onun daima yüksək cəmiyyətə can atdığını deyə bilərik. Hər zaman vəzifəli şəxslərə, onların həyatlarına qibtə edər, onlarla dostluq əlaqələri yaratmağa çalışardı. Şöhrəti, vəzifəni daima çox sevən İliç digərləri kimi başına gələcək ölümdən xəbərsiz halda vəzifəsini daha da yüksəltməyə can atırdı. İliçin dəfələrlə iş və ailə həyatında yaşadığı uğurlu və ya uğursuz hər şeyi keçərək bir gün hər kəsin başına gələcək olan ölümün İliçdən də yan keçmədiyi dönəmə gələk. İliç bir gün yeni almış olduğu evinə həvəslə pərdə taxarkən kiçik bir qəza keçirər, nərdivandan yıxılaraq böyrəyini pəncərəyə vurar. Biraz ağrısı olsa da bu İliç üçün sadəcə gülərək danışdığı kiçik bir qəza olaraq da qalar. Ancaq bu ağrı bir gün dayanılmaz bir hal alar və İliçi ölümə doğru sürükləyər. İş həyatına olduqca bağlı olan İliç ölümü yadına belə salmadan bunun sadəcə bir xəstəlik olduğunu düşünərək bütün çətin zamanlarında olduğu kimi özünü işə verməyə, başını qatmağa çalışar. Ancaq hər keçən gün pisləşdiyini və ümidinin azaldığını gördükdə bundan qaçışın olmadığını anlayar. Hər an öləcəm qorxusu ilə üzləşməsinə baxmayaraq, İliçi əsas məhv edən onun çevrəsindəki insanların bunu çox normal qarşılamaları və ölümün sadəcə İliç üçün olduğunu, onlar üçün isə heç bir qorxu olmadığını düşünmələri idi. Kitabı incləyərkən qarşıma çıxan bir videoda belə deyilirdi: "Hər kəs ölümü düşünür amma heç kim ölümlü olduğunu düşünmür". Bu vəziyyət İliçi içdən içə yeyir, hər kəsə qarşı nifrət etməsinə səbəb olurdu. Ölümün onun üçün qaçınılmaz olduğunu gördükdən sonra "bəlkə mən doğru həyat yaşamadım və buna görə ölümə məhkum oldum", ya da ölüm məvhumu haqda düşünərək "Mən olmayacağam, bəs onda nə olacaq? Bəs o vaxt ki, mən olmayacağam onda mən harda olacağam? Doğrudanmı bu ölümdür? Yox istəmirəm" kimi düşüncələrə qapılır və hər kəs onun fiziki acılarından, əzablarından danışarkən İliçi yoran şeyin əslində mənəvi acılar olduğunu aydın şəkildə görürük. Xəstəliyinin irəliləyən saatlarında İliç xoşbəxt olduğu zamanları düşünməyə çalışır. Ancaq ailə həyatı qurduğu, vəzifəsinin yüksəldiyi, yeni evini aldığı, hər kəsin ona qibtə ilə baxdığı zamanlarda belə duyduğu keçici "xoşbəxtliyin" hamısı onun üçün olduqca mənasız gəlir. Həqiqətən xoşbəxt olduğu an kimi o, sadəcə uşaqlığını xatırlayır. İvan İliç üçün ölüm artıq qaçınılmaz hala gələrkən qəribə bir şey olur və o aylardır beynini məşğul edən, ona əzab verən ölümü və onun qorxusunu artıq hiss etmir. O sadəcə bir işıq görür. Digərləri üçün olduqca uzun müddət olsa da onun üçün bütün bunlar bir anın içində baş verir. Beləliklə, illərdir ölümü ağlının ucundan belə keçirtməyən, həqiqi xoşbəxtliyi sadəcə keçici dünya həvəslərində, mal və mülkdə görən İvan İliç yeganə gerçəkliyə gözlərini əbədiyyən yumur. Bu incələməni oxuyan hər kəsi kimliyindən, şəxsi və ictiami statuslarından asılı olmayaraq ortaq bir nöqtə birləşdirir: "Ölüm". Və İlya İliçin ölüm anında özünə verdiyi sualı mən hələ də nəfəsimiz üzərimizdəykən vermək istəyirəm: Ən son nə zaman özünüzü həqiqətən də xoşbəxt hiss etmisiniz? Hal-hazırda xoşbəxt olduğunuzu və bu xoşbəxtliyin ölüm anını da əhatə etdiyini düşünürsünüzmü? Bu sualın cavabını son nəfəsinizdəymiş kimi verməyinizi xahiş edəcəm. Çünki nə bəllidir bu cümlələri oxuyarkən verdiyiniz nəfəsin son nəfəsiniz olmayacağı?
1000k
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261bin okunma
·
49 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.