Nağı bəy Şeyxzamanlı Gəncə şəhərinin çox qədim ailələrindən olan Şeyxzamanlı ailəsinə mənsubdur. Nağı bəy “Difai”partiyasının üzvü, Gəncə Gənclik Təşkilatının sədri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Əks-inqilab ilə Mübarizə Təşkilatının rəisi olmuşdu.
Nağı bəy Şeyxzamanlının fəal şəkildə siyasətə qoşulması, vətənpərvərlik mövqeyinin ortaya qoyulması məhz “Difai”dən başlayır. “Difai” partiyasındakı fəaliyyəti dövründə Nağı bəyin təşəbbüsü ilə bir sıra erməni vəhşiliyinin qarşısı alınır və xalq az da olsa, rahatlıq tapa bilir. O, şəxsən İstanbula gedib, Osmanlı imperiyasının dövlət xadimləri ilə görüşmüş və onlardan yardım istəmişdi.
1919-cu ilin mart ayında Məmmədbağır Şeyxzamanlı tərəfindən müstəqil Azərbaycanda ilk dəfə təsis olunan əks-kəşfiyyat idarəsi həmin ilin avqust ayınadək Məmmədbağır bəyin rəhbərliyi altında fəaliyyət göstərir. Lakin çox keçmədən onu rəis kimi qardaşı Nağı bəy əvəz edir.
Vacib olan hadisələrdən birini qeyd edim: Xəzər dənizində rus çarının 27 gəmisi yiyəsiz qalmışdı. Bu gəmilər silah-sursatla dolu idi, eyni zamanda Azərbaycan üçün təhlükə yaradan məsələ idi. Cəsarətli Nağı bəy bu gəmilərin nümayəndələri ilə xüsusi əlaqə yaradır və müvafiq danışıqlardan sonra bu gəmilər Azərbaycana təhvil verilir. Rus imperiyasının 27 bayrağını endirmək Nağı bəyə qismət olur və 27 gəmi Xəzər dənizində Azərbaycan bayrağı altında üzməyə başlayır. Hansı ki, qeyd olunurdu ki, Türkmənçay müqaviləsinə uyğun Xəzər dənizində rus imperiyasının bayrağından başqa bir dövlətə aid bayraq dalğalanmamalıdır. Və bu müqavilə orada yenə parça-parça edildi.
Kitabın bəzi hissələrini kədər, ağrı, bəzilərini sevinc, bəzilərini isə böyük qürur hissi ilə oxudum. Altından xətt çəkdiyim o qədər cümlə, qazandığım o qədər yeni məlumat, hadisə və ziyalı oldu ki... Daha başqa oxunması lazım olan əsərlərin, özüm üçün araşdırılması lazım olan hadisələrin olduğunu başa düşdüm. Qısaca bunu deyə bilərəm ki, bu kitabda misilsiz, dəyərli məlumatlar var. Oxuyun, oxutdurun !