Gecələr qanımı qaraldır yenə
Qanım it qanıdır, damar həminki
Gedənlər çətin ki, geriyə dönə
Gələn başqasıdır, yollar həminki
Gecələr qanımı qaraldır yenə
Yığıb çamadana xatirələri
Aparıb atasan mavi Xəzərə
Batan başqasıdır, dəniz həminki
Gecələr qanımı qaraldır yenə
Düzüb qabağıma şəkillərini
İlişir xəyalım təbəssümünə
Gülən başqasıdır, gülüş həminki
Gecələr qanımı qaraldır yenə
Saatın zəhərli əqrəblərini
Aldadıb çəkirəm hərdən geriyə
Ölən başqasıdır, zəhər həminki
Gecələr qanımı qaraldır yenə
Axı nədir dərdi bu gecələrin
Gecəni boğuram tütün iyinə
Tütün başqasıdır, yanan həminki
Gecələr qanımı qaraldır yenə
Qanım it qanıdır, damar həminki
İtin də dili yox adama deyə
Mən həminki itəm, sən də həminki