Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Şarlotta Bronte-Ceyn Eyr
Bütün dünya sənə nifrət etsə və hər kəs sənin yalançı olduğuna inansa belə, əgər sənin vicdanın rahatdırsa, başını dik tutmalısan”. Əsər Ceyn Eyr və onun həyatından bəhs edir. Xarici gözəlliyi olmasa belə, daxili dünyası ilə oxucularını məftun edən Ceyn Eyrin həyatı əsərin ana xəttini təşkil edir. Uşaqlıqdan keçdiyi məşəqqətli, acınacaqlı yollar, çəkdiyi iztirablara nümayiş etdirdiyi dözüm, hər vəchlə düşdüyü şəraitdən çıxa bilməyi, parlaq zəkası, füsunkar təbiəti ilə seçilən bu obraza oxucunun həm ürəyi yanır, həm də dəfələrlə valeh olur. Ceyn uşaq yaşlarından dayısı arvadı miss Ridin himayəsində yaşayırdı. Lakin o, gözlədiyiniz kimi möhtəşəm həyata sahib deyildi. Dayısı arvadı və uşaqlarının acımasız münasibəti, ümumiyyətlə, bu ailənin qızcığaza nifrəti onun Geytshed-Hollu tərk etmək istəyini oyadırdı: “Əgər mənim yerim olsaydı, burdan çıxıb getməkdən xoşbəxt olardım”. Tezliklə, Lovud yetimxanasına göndərilən Ceyn Eyr burada yeni insanlarla, yeni mühitlə tanış olur, özünə rəfiqələr qazanır. Helenlə başlayan gözəl və möhkəm dostluğunu da məhz burada görürük. Bir müddət sonra Törnfild malikanəsinə köçməsi ilə həyatı dəyişir və qəhrəmanımız yeni macəralara addım atır. Ən çox diqqətimi cəlb edən əsərin əsas qəhrəmanın dili ilə səslənməsi idi. Bu, onu həm oxunaqlı və axıcı, həm də maraqlı edirdi. Hadisələrin rəvan gedişatı, ürəyə yatan dialoqlar, duyğuların ehtişamlı tərənnümü, obrazların daxili narahatlığı, gizli saxladıqları ən incə və ülvi hissləri, məhəbbətin real və ehtiraslı təsviri - bütün bunlar məni o qədər riqqətə gətirdi ki, kitabı sevməyə bilməzdim. Şarlotta Brontenin qələmindən oxuduğum ilk əsəri idi. Dəst-xəttini çox sevdim. Hətta əsəri niyə belə gec oxuduğuma təəssüfləndim. Bu şedevri oxumayan hər kəsə şiddətlə tövsiyə edirəm.
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.