Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

372 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 günde okudu
İllüziyalı Reallıq
(Qeyd: Spoyler!) “Kitab yazmaq ikinci dərəcəli işdir. Mən faşizmə qarşı vuruşmağa gəlmişəm!” deyən yazıçının “1984” romanı (370 səhifə) amerikan dərgisi olan “Newsweek”in 2010-cı ildəki “Dünyanın on ən mühüm kitabı” siyahısında “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutmuşdur. Totalitarizmə hüdudsuz nifrətdən yoğrulmuş bu əsər əsl qiyam şərqisidir. Üç hissədən ibarət olan romanın birinci hissəsində yeni dünya nizamı, o nizama şüurlu bir şüursuzluqla boyun əymiş Uinston Smit və onun çirkab dolu həyatıyla rastlaşırıq. Yeni dünya nizamı belə qurulmuşdur: tək planet, tək planetin üç hakim dövləti olan Okeaniya, Avrasiya və İstasiya (Şərqi Asiya). Kitabda Avrasiya və İstasiyaya haqlı səbəbdən ötrü geniş yer verilməyib. Hadisələr büsbütün Okeaniyada, İngiltərə - Londonda cərəyan edir. Burada sistem necədirsə, digər iki imperialist ölkədəki “vəziyyət də buna bənzəyir” yox, birbaşa bununla ekvivalentlik təşkil edir. Amerika və İngiltərəni özündə birləşdirən Okeaniya istibdad ölkəsinin sistemində üç təbəqə mövcuddur: Xarici Partiya, Daxili Partiya və Partiya üçün “fəqir həqirlər” sayılan proletariat. Piramidal strukturun başında virtual lider “Böyük Qardaş” dayanır, hansı ki, o, iqtidar partiya “İngsos”un yaradıcısıdır (düzdü, Böyük Qardaşın təbiricə desək, İngsos yaradılmayıb, o həmişə var olub). Sonra əhalinin iki faizini təşkil edən ali təbəqə gəlir: Xarici Partiyanın üzvləri - dövlətin varlı və inzibatçı nümayəndələri. Onlarda həmişə ən yaxşı məişət, ən yaxşı geyim, yemək, xırdavat olur. Lakin buna baxmayaraq, onlar da daim nəzarət altında saxlanılır. Ümumiyyətlə, partiya üzvləri hər zaman (24 saat), hər yerdə teleekranlar tərəfindən izlənilir. Günümüzün kameralarının sənə, mənə göz qoyduğu kimi. Sadəcə kameralardan fərqli olaraq, teleekranlar səni izləməklə bərabər, səninlə danışa da bilir. Səhv addım atan kimi dərhal üstünə çımxırır. Amma kiçik “səhv addımlar”da belə çımxırmalar baş verir. Əksərən teleekranlar xəbəri polislərə ötürür və artıq lazımi tədbiri polislər görürlər. Xarici Partiya üzvlərinin yarım saat kimi teleekranı söndürmək ixtiyarları var. Daxili Partiya üzvləri heç bir vəchlə heç vaxt bunu edə bilməzlər. İmtiyazlı təbəqə olan Xarici Partiyadan sonra Daxili Partiya üzvləri gəlir ki, onlar sözün əsl mənasında gəzən ölüdürlər. Güc-bəla ilə güzəranı keçirməyə çatacaq qədər maaşla təmin olunurlar. Uinstonun həyatı buna bariz nümunədir. Daxili Partiyaya olan nəzarət heç bir təbəqədə gözə dəymir. Əmrlərə tabe olmaq başlıca şərtdir. Hər kəs öz işini görməlidir. Başqa şeylərlə məşğul olmaq olmaz. Seks və məhəbbət olmaz. Ən əsası düşünmək olmaz. Partiya hər şeyi əfv edə bilər (işlədiyin günahın cəzasını çəkdikdən sonra keçmiş çala-çuxur həyatına qayıdaraq), ancaq əsla müqəssirin təqsiri fikirləşmək olmamalıdır. Fikirləşən insan əfvedilməz məxluqdur. Fikirləşən insan ölümöncəsi işgəncəyə, birbaşa ölümə məhkumdur. Partiya bu günahı bağışlamır. Düşünərək qaydanı pozan şəxslər ən ağır cinayət işləmiş olurlar və uğursuz günlərin birində mütləq Fikir Polisi adlanan polislər tərəfindən tutulurlar. Daxili Partiya təbəqəsindən sonrakı pillədə prollar “oturur”. Əhalinin səksən faizini təşkil edən bu insanlar səfalət içində yaşayan ən kasıb təbəqədir. Onlar Daxili Partiya üzvlərindən də betər ömür sürürlər (maddi mənada). Ancaq onların bir üstünlüyü var. Onlar sevə, düşünə, hətta qiyam belə qaldıra bilərlər. Dövlət üçün prollar heç bir əhəmiyyət kəsb etmir. Çünki prolların həyatı ağır fiziki əmək, ev və ailə qayğıları, qonum-qonşularla fasiləsiz boğuşmalar, kino, futbol, pivə, ən başlıcası isə qumarla məhdudlaşırdı. Onların düşündükləri ümdə şeylər sadəcə bunlar idi. Belə olduğu təqdirdə Partiya şüarlarında deyildiyi kimi: Prollar və heyvanlar azad idilər. Bəli. Heç onlara teleekranlar da nəzarət etmirdi. Çünki onlar dərin şüurun yiyəsi deyildilər. Bu iyerarxiya, bu rejim altmış il əvvəl bir kitabda əks edilməsinə rəğmən indi də öz aktuallığını cahanşümul səviyyədə qoruyur. Haşiyəyə çıxıb elə öz ölkəmizlə Okeaniyanı müqayisə aparaq. Xarici Partiya üzvləri ən imtiyazlı təbəqədir. Bizim ölkədə də bu partiyaya mənsub nazirlərimiz, vəzifəlilərimiz az deyil. Daxili Partiya üzvləri guya orta təbəqədir, halbuki ortadan aşağı bir həyatı yaşayırlar. Eyni ilə dövlətimizin fəxr etdiyi bizim orta təbəqə kimi. Buraya sıravi həkimlər, müəllimlər, bəsit məmur işçiləri və s. daxildir. Onlar da Okeaniyada olduğu kimi məcburi surətdə iqtidar partiyaya üzvdülər. Orada dövlət ayaqqabıların istehsalının artdığını deyir, gəl gör ki, xalqın əksəriyyəti ayaqqabısız gəzir. Bizdə də maaş artır, amma çoxumuz həmişəki kimi pulsuzluqdan qıyya çəkirik. Uinstonun dövlətdən aldığı pulun bir qismi könüllü ianələrə gedirdi, bir növ dövlətə geri qaytarılırdı. Həyatımız Uinstonunku ilə müzavilik təşkil edir. Təşəxxüslü fondlarımız sağ olsun... Demək olar ki, əsərin mövzusu ikifikirlilik və yenidil üzərində qurulub. İkifikirliliyin nə olduğunu ən asan şəkildə belə göstərmək olar: Müharibə – sülhdür! Azadlıq – köləlikdir! Cəhalət – qüvvədir! Yalan – həqiqətdir! Məhəbbət – ölümdür! Bunlar partiyanın təməl şüarlarıdır. Deməli belə... Okeaniya daim müharibə şəraitində olsa da, o hər vaxt müharibə aparmaqla əslində ölkə daxilindəki sülhü, əmin-amanlığı, asayişi təmin etmiş olur. Tarixi proseslərə baxdıqda əksər dövlətlərdə bunu görmək olar. Daxildə parçalanma olmasın deyə xarici düşmən olmalıdır ki, vətəndaşların başı o düşmənə qarışsın. Yalnız və yalnız canfəşanlıqla düşməni məğlub etməyə fokuslansınlar. Beləcə dövlət də, iqtidar da öz yerində qalacaq. Hakimiyyəti devirmək heç kimin ağlının ucundan belə keçməyəcək. Çünki baş çoxdan xarici düşmənlərlə mübarizəyə qarışmışdır. Elə məhz buna görə də üç imperiya - Okeaniya, Avrasiya, İstasiya heç vaxt bir-birilərini tam şəkildə ələ keçirmir, daimi sülh şəraitində də qalmırlar. Azad insan kölədir. Partiya bu fikir oxunu xalqın beyninə batırmağı bacarıb. Artıq insanlar köləliyi belə qəbul edirlər ki, əslində partiyanın hər dediyini etməklə kölə olmaq özü həqiqi azadlıqdır. Necə ki, bizdə də “vətən üçün hər şey edilməlidir, vətənin köləsi olmaq lazımdır” kimi devizlər var. Bunlar hakim qüvvələrin öz istəkləri naminə zavallı xalqa aşıladığı ideologiyalardır. Çoxumuz vətənpərvərlikdən dəm vurur. Ancaq azımız vətənpərvərliyin nə olduğunu anlayır. Və onsuz da vətənpərvərliyin nə olduğunu anlayanlar da vətənpərvər olduğunu heç zaman dilə gətirmir. Beləcə həmin şəxslər “vətən xaini, nankor vətəndaş” olaraq damğalanır. Elmə, fəlsəfəyə, sənətə, qısaca təhsilə (söhbət əsl təhsildən gedir) dəyər verməyən xalqın övladlarıyıq biz. Nə gözləməliyik ki? Çox düşündüm, cavab tapa bilmədim. Bu sualı ritorik sual kimi qəbul edin. Ya da sadəcə cavab budur: Heç nə! Cəhalət – qüvvədir. Partiyaya görə güclü olmaq üçün cahil olmaq lazımdır. Zənnimcə, Oruell bu fikirlərin doğruluğunu özü də qəbul edib. İlk baxışdan cahil olmaq necə güc gətirə bilər, kimi suallar yaranır insanda. Amma yox. Elə cahillik güc gətirir. Mənanın dərinliyinə endikdə görürük ki, insanlar cahil olmasa, onları heç cür idarə etmək olmaz. Ağıllı baş daim üsyankar və şübhəçi olmalıdır. Uinstonun da dediyi kimi: “Onlarda şüur yaranmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr, heç vaxt şüurlu olmayacaqlar”. Nəfəskəsən bir yazıdır. Cahilləri xeyirxah ağıllılar idarə etsələr, burada problem yoxdur. Əksinə günün birində keçmişin cahilləri gələcəyin müdrikləri ola bilər. Bədbəxtlik o zaman baş tutur ki, cahilləri Şərin xidmətkarları idarə edir. Bax onda cəhalət daima cahilliyin fövqündə dayanacaq. Yuxarıda isə həmişə pis ağıllar oturacaq... Yalan - həqiqətdir! Okeaniyada dörd nazirlik var: Həqiqət Nazirliyi, Sülh Nazirliyi, Rifah Nazirliyi və Sevgi Nazirliyi. Belə ki, nazirliklərin adlarıyla gördükləri işlər arasında ziddiyyətlik ön plandadır. Həqiqət Nazirliyi tarixi həqiqətləri saxtalaşdırmaqla, mediaya yalan xəbərlər buraxmaqla məşğuldur. Sülh Nazirliyi müharibə işlərinə baxır. Rifah Nazirliyi təbəqələrin stabil vəziyyətdə saxlanılmasına (yoxsullar yoxsul qalmalıdır), Sevgi Nazirliyi isə asayişin qorunmasına, yadfikirlərin izlənilməsinə diqqət yetirir. “Məhəbbət” də ona görə ölümdür ki... Burada partiyanın seksual məhdudiyyətlər qoyduğu üzvlərinə çatdırmaq istədiyi fikir budur ki, məhəbbət insanda fərqli düşüncələrə körükləyən hisslər yaradır. Yoldan azmamaq üçün şüursuzluqla müvazi hissizlik də olmalıdır. Hər şey partiya, yəni vətən üçün edilməlidir. Hətta o dərəcə ki, uşaq doğmaq da sadəcə partiya üçün olmalıdır. Bu üzdən seksdə qətiyyən sevgi olmamalıdır. Seks partiya üzvləri üçün əxlaqsızlıq, bəzi hallarda isə cinayətdir. Evlilikdən sonrakı həyatda ailə bağlılığı yox, vətən naminə müqəvva bağlılığı olmalıdır. O da dediyimiz kimi, doğulmuş uşaqların partiyaya həvəsli yetişdirilməsi ilə əlaqədardır. Bəs Yenidil nədir? Yenidil birbaşa düşüncənin üfüqünün daraldılmasına xidmət edən bir dildir ki, burada mahiyyət - insanlar fikirlərini ifadə etmək üçün az sözdən istifadə etməlidir. Dolayısı yolla, məhdud söz bazası heç vaxt genişfazalı düşüncəyə yol aça bilməz. Bu da məlum məsələ... Partiya gələcəkdə manqurt bir cəmiyyətin yaranmasına müvəffəq olur. Yeri gəlmişkən, bizim dil də kifayət qədər kasaddır. Amma buna baxmayaraq, yazıçılarımız, tərcüməçilərimiz, eləcə də “1984”-ü doğma dilimizə tərcümə edən Vilayət Quliyev bəzi nəfis sözlərimizi möhtəşəm məharətlə üzə çıxarmışdır. Əlbəttə, Azərbaycan sözlərindən istifadə bəzilərimizə ağır gəlir. Bu da milli qürurumuzun olmamasından, milli heysiyyətimizin yoxluğundan xəbər verir. Namus, qeyrət bayraqdarlığı edənlər dilimizin qeyrətini çəkib başqa millətlərin leksikologiyasının bizimkinə təcavüzünün qarşısını alsaydılar, bəlkə də indi bu gündə olmazdıq. Hələ bu qatı millətçi, dinçilərə bir bax. Mən türkçüyəm, ona görə ki, türkəm deyir. Nə türküsən? Bədənində xalis erməninin, farsın, ərəbin, rusun qanı var. Bəlkə də almanların belə qanı var. Tarixinə bir bax da! Elə şüursuzca millətini, dinini müdafiə etmək o dinin, millətin məhvinə yol açan birinci səbəb və nəticədir. Keçmişimiz köçürmə siyasətləri ilə doludur. Ərəblər gəlir, coğrafiyamızı zəbt edir. Aydın məsələdir ki, sonrakı dönəmdə ərəblərlə əcdadlarımız evlənirlər, qız alıb verirlər. Beləcə yeni ərəb qanlı nəsil meydana çıxır. Hələ ondan əvvəl haylar, yəni ermənilər, albanlar və s. var idi. Şübhəsiz biz qarışıq keçmişin əsəriyik. Bu yaxınlarda Pyotrun manifestindən sonra kütləvi rus və erməni köçürmələri olub. Bunun da rolu və təsiri böyükdür. Bəzilərimizin gözləri rusa çəkir, bəzilərimizin alınları erməniyə... Bəzilərimizin bədən rənginin tonu farslara, ərəblərə... Hansı türklükdən danışırsan? Heç Azərbaycanda xalis türk qalıb ki? Məncə qalmayıb. Türkiyənin hal-hazırki türk dilinin tərtibçisi erməni dilçi professor olub. Nə qədər olmaya yaxşı bir dil ərsəyə gətirib – sistematik. İndi bəziləri o ermənini tənqid edir ki, yaratdığı türk dili belədir, elədir... Tənqid etməyə nə var? Bacarırsan, sən yarat! Sən işin o yanına bax ki, o dönəmdə bir dilçi türk professoru olmayıb. Gör nə qədər bədbəxt özəyin yiyəsiyik. Azərbaycana bir türk müsafir gəlir. Bizimkilər o dəqiqə “merheba, nasılsınız?” kimi düşük intellektlərini nümayiş etdirməyə başlayırlar. A sənin milli qürurun heçmi yoxdu? Heçmi əlahiddə səviyyənin sahibi deyilsən? Sən Türkiyəyə getsən, bir türk qarşına çıxıb “salam, necəsiz?” deyəcək? Əlbəttə ki, yox. Çünki onun milli qüruru az-çox var. Sən azərbaycanlı! Sənin taqqanaq zehniyyətin təkzibolunmaz yaltaqlıqla yoğrulub. Bundan qurtulmalısan. Bir də bizim guya elit olan təbəqəmiz var ki, onlarda da rusca “tak”, ingiliscə “okey” sözlərinin arası kəsilmir. Deyirəm, həqiqətən, taleyi bəd olan millətlərdənik. Yazığıq, zavallıyıq. İş orasındadır ki, əvvəllər yadellilər bizi bu günə salırdılar, indi isə biz elə özümüz özümüzün həqiqətlərinə xilaf çıxırıq. İçimdəki təlatümü, Cənab Oruell sağ olsun, nəhayət kəllə sümüyümün içindəki bir neçə kub santimetr boz maddənin şüurundan bayıra tolazlaya bildim. Bax beləcə, “1984” romanında da dilin əhəmiyyəti Yenidilin fəsadları vasitəsilə bizə çatdırılır. Bu gün Azərbaycan xalqı “yaxşı, əla” kimi primitiv sözlərdən başqa “qaneedici, kafi, qənaətbəxş, möhtəşəm, fövqəladə, ağlasığmaz, heyratamiz, xariqəvi, xariqüladə və s.” kimi sözlərdən istifadə etməyi özünə vacib bilmir. Bax Yenidil də bunu tələb edir. Nə qədər söz az olsa, o qədər beyin məhdudlaşar. Nə qədər beyin məhdud olsa, bir o qədər də düşünməyi bacarmaz. Və düşünməyən beyin əsarət altında qalmağa məhkumdur. Boşuna deməyiblər, dil öyrənin. Boşuna deməyiblər, çoxlu xarici dillər öyrənin. Və boşuna deməyiblər ki, iki dil bilən insan iki insandır. Bəli, elədir. Ancaq mən onun tərəfdarıyam ki, xarici dil öyrənənlər öz dillərini vacibi-mütləq unutmasınlar. Unudanlar da dərhal başlasınlar bədii ədəbiyyat oxumağa. Paralel olaraq həm ana dili mənimsənilsin, həm də digər dil. Nəysə... Mövzudan kifayət qədər kənarlara müdaxilə etdik. Qısaca, bir təkrar keçim. Romanda despotizmin dəhşətləri və diktaturanın bəşəriyyəti məhv edən qansız davranışları əks olunub. Bu rejimə qarşı duran Uinston Smit özü də bilmədən həqiqətin axtarışına çıxır. Və əlbəttə keşməkeş onu gözləyir. Sevgilisi Culiya ilə tiran “Böyük Qardaş”a qarşı eyni fikirləri paylaşan Uinston sonda təəssüf ki, bədənindən, ruhundan, birbaşa əqlindən azad edilərək, yenidən köləlik sisteminə həbs edilərək məhv edilir. Amma məhv edilmək problem kimi görünməməlidir. Əsl fəlakət ləğv edilməkdədir. Bəli, əfsus qədəhləri çırpılaraq yerə tökülsün ki, şüuru əlindən alınan Uinston bir fərd kimi də ləğv edilir. Mövzu üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Birinci hissə ümumilikdə adətən oxucular üçün darıxdırıcı gələ bilər, hərçənd mən sıxılmağı bacarmadım (ikinci hissədə Qoldsteynin kitabını oxuyanda ürəyim çəkildi!), birinci hissə əsasən məlumat yığınından ibarətdir. Lakin qeyd edək ki, yazıçı fikirlərini oxucuya məharətlə səlis üslubda çatdıra bilib deyə sadəlövh oxucu da asanlıqla müəllifin nəyi demək istədiyini qavraya bilir. Birinci hissə antiutopik dünyaya bələd olmağımız üçün vacibdir, həmçinin biz burada Uinston Smitlə də tanış oluruq, taleyin uğursuz qurbanı U. Smitlə. Kitabın əvvəlində Uinstonun departamentdə gördüyü qız mənfi imic daşıyır, Daxili Partiya üzvü O`Brayensə müsbət. Sonda şok effekti yaratmaq üçün erkən təfərrüatlar gözəl təsvir və təzahür edilib. Mənə görə, birinci hissənin birinci fəsli həyəcanla davam etdi və sonlandı. Yeri gəlmişkən, bir daha xatırladaq ki, əsər üç hissədən və hər hissə müxtəlif fəsillərdən ibarətdir. Birinci hissənin ikinci fəslinin son abzası yazıçı Oruellin özünün də sanki xırda detallara, nüanslara diqqət yetirən biri olduğunu göstərir: “Uinston barmağının ucu ilə güclə gözə görünən ağ rəngli bərkimiş toz dənəcəyini götürüb cildin yuxarı küncünə qoydu. Əgər gündəliyə toxunsaydılar, toz dənəciyi yerindən düşəcəkdi”. Həmin hissənin dördüncü fəslində (sonda) Böyük Karl və Yuli Sezarın adları çəkilir. Aydındır ki, bənzətmə məqsədilə işlədilib. Sadəcə aydınlaşdıra bilmədim ki, müəllifin özünün o tarixi şəxsiyyətlərə sempatiyası var idi, yoxsa antipatiyası. Əlbəttə, bu o qədər əhəmiyyətli deyil, ancaq yenə də məni düşünməyə sövq edir. Ümid edirəm, gələcəkdə bu əsərə yenidən qayıtdıqda ondan daha yeni nələrsə öyrənərəm... Sujetdə göründüyü müəllif öz fikirlərini oxucuya yeritməkdən boyun qaçırmır. Beşinci fəsildə süjetə filoloq, Yenidil üzrə mütəxəssis Saymın qatılması yaxşı oldu. Biz Saymla Uinstonun arasındakı dialoqlar vasitəsilə dil kasadlığının fəsadlarını açıq-aşkar görürük. Yazıçı ironiyasından kifayət qədər yaxşı istifadə edib. Bu fəsildə insan bədəninin yaşlaşdıqca qocalmasının yalnız təbiət qanunları ilə izah oluna bilmədiyini də öyrənirik. Əslində bu yeni bir bilgi deyil, ancaq maraqlısı budur ki, cənab Oruell bunu yetmiş il əvvəl deyib. Halbuki indi də aktual olaraq qalmaqdadır. Ümumiyyətlə “1984” romanının mövzusuna, süjetinə bələd olduqca günümüzdəki hadisələrlə oradakıları əlaqələndirmək daha da bəsitləşir. “Buna həm də çirkab içərisində, yarıac, səksəkəli yaşayış, bitib-tükənmək bilməyən qışlar, corablarının və pal-paltarının yırtıq-yamağı, işləməyən liftlər, buz kimi soyuq su, adamın dərisini dalayan sabun, tütünü ovulub tökülən siqaretlər, qəribə və əcaib tamlı yeməklər səbəb olurdu”. Birinci hissənin altıncı fəslində biz Uinstonun keçmiş arvadı Ketrin haqqında müəyyən informasiyalarla – Ketrinin əsl partiya qadını, mənəviyyatı boş “yeriyən qrammafon” olmasıyla tanış oluruq. Gerçək məhəbbətin indiki zəmanədə mümkünsüzlüyü nəzərimizə ildırım kimi çarpır. Yeri gəlmişkən, birinci hissədə hadisələrin bir qədərini Uinstonun xatirinə endikdə öyrənirik. O, gündəliyinə fikirlərini yazdıqca, müəllif də bizə onun xatirələrini həvalə edir. Yeddinci fəslin axırında (görünür, yazıçı hər fəslin gedişatından ziyadə sonunu da müvəffəqiyyətlə başı çatdırır) belə bir nida var: “Adi, aydın və həqiqi olan hər şey müdafiə edilməlidir. Adi həqiqətlər həqiqətdir – bu fikrin üstündə möhkəm dayan!” Həqiqətən, möhkəm dayanmaq lazımdır. Azadlıqla bağlı aksiomsa lap yerinə oturub. Birinci hissənin səkkizinci fəslində London məhəllərindəki ab-havaya baxaq: “Dodaqlarını bayağı tərzdə boyayıb qızartmış cavan qızlar, onların dalınca sülənən ərgən oğlanlar, qızların on-onbeş il sonrakı vəziyyətlərinin əyani nümunəsi adlandırıla biləcək iri dallı, şişman qadınlar, ayaqlarını bir-bir götürüb qoyan beli bükülmüş qarılar, çirkli gölməçələrdə oynayan, analarının qışqırtısını eşidən kimi qaçıb dağılışan ayaqyalın, başıaçıq, çirkli-paslı uşaqlar hər tərəfi bürümüşdü”. Sanki cənab Oruell yetmiş il öncə orakulluq edərək ölkəmizi, ələlxüsus da bölgəmizi təsvir etməyə cəhd göstərib. Məncə də bunu müfəssəl bacarıb. Sonrasında Uinstonun prol bir qocayla söhbətinə şahid oluruq. Həmin qocanın zəka geriliyi bizim “çayxana dayılarımız”la eyni səviyyədədir. Düşüncələri əyyaşlaşmış insanlar əyyaş insanlardan daha acizdir. Birinci hissədəki süjetin sonu kasıblar məhəlləsi ilə (U. Smitin bir dükana daxil olub oradakı qeyri-adi satıcıyla söhbət) tamamlanır. İkinci hissədə artıq Uinston gələcək sevgilisi Culiya ilə yaxından tanış olur. Bununla süjetə daha da maraq və həyəcan qatılır. Bu hissədə biz seksual aclığın yaratdığı isteriyanı bariz nümunə kimi Uinstonla Culiyanın timsalında görürük. Buranın beşinci fəslində artıq dilçi Saym yoxa çıxır. Onun fikirləri Partiyanın, Yenidilin lehinə olsa da, bu qədər dərin düşüncələrə sahiblik etmək Partiya üçün özü bir təhlükədir. Məhz ikinci hissəyə görə, Uinstonla Culiyanın məhəbbət sərgüzəştlərinə görə “1984”ü qismən də olsa, romantik əsər hesab etmək olar. Ən azından mənim nöqteyi-nəzərimcə. Beşinci fəsildə (II hissə) Culiyanın danışığından başa düşülür ki, Uinstonun mənəviyyatı və həqiqətləri qızınkından qatbaqat dəyərlidir. Uinston hər kəsi fikirləşdiyi təqdirdə qızcığaz gələcək nəsilləri və s. düşünmür, onu yalnız özü və sevgilisi maraqlandırırdı: “- Əzizim, məni gələcək nəsillər maraqlandırmır. Məni maraqlandıran özümüzük... - Sən yalnız qurşaqdan aşağı üsyançısan, - deyə Uinston mübahisəyə son qoydu”. Yəqin ki, cənab Oruell bu dialoqu (Culiya) ruhlarında üsyan qaynayan, halbuki bu hissin yalnız öz mənafelərindən ötrü yaranan tayfaya xitabən qurub. Yeddinci fəsildə (II hissə) son səhifələrdəki xəyanətlə bağlı parçalar süjetin ən fərahlı, ən tazə görünən peyzajlarıdır. Vaxtı ilə mənfi imic daşıyan Culiyanı biz ikinci hissədə heç də elə olmadığını, Uinston kimi düşünənlərdən biri olduğunu (onun qədər parlaq fikirləri olmasa da) anlayırıq. Həmçinin biz bu hissədə vaxtı ilə müsbət imic daşıyan O`Brayenlə də daha yaxından görüşürük. Partiya əleyhinə yaradılmış Qardaşlıq Cəmiyyəti barədə məlumatlara yiyələnirik və s. Lakin artıq ikinci hissənin sonuncu – onuncu fəslində biz əsl həyəcanı yaşayırıq. Onlar tutulurlar. Uinston və Culiya ələ keçirilir. Amma hələlik sadəcə bədənləri... Üçüncü hissənin birinci fəslində Uinstonun yuxusunun (əsərin əvvəllərində O`Brayenlı bağlı illüziyası – Heç zaman qaranlıq olmayan yerdə görüşmək) reallığının fərqli şəkildə təzahürünü görürük. O, ağ divarların arasında həbs edilmişdi. “Bura heç zaman qaranlıq düşməyən yer idi! Uinston yalnız indi O`Brayenin bu sözlərinin mənasını dərhal anlamasının fərqinə vardı. Sevgi Nazirliyində pəncərə yox idi”. Artıq məlum olur ki, O`Brayen Partiyanın öncüllərindən imiş... Bir də unutmadan qeyd edim; süjetdə Qoldsteynin danışığını tez-tez “qoyun mələrtisi”nə bənzətməsi məni qıcıqlandırdı. Sanki bu bənzətməni dəfələrlə oxucunun gözünə soxmağa çalışıb. Süjet xətti, quruluşu və onun inkişafına görə bal dəyərləndirməm 1 ballıq şkaladan 0,8. “1984” romanı mənə “bəzən kürəyinin də adamı ələ verdiyini (1.1)”, “indi hamının dostunun əvəzinə yoldaşının olduğunu (1.5)”, “söz bazasının azlığı, dil kasadlığı nəticəsində fikrin üfüqlərinin daraldıldığını (1.5)”, “inanclı adamın fikirləşmədiyini, ümumiyyətlə buna ehtiyacının olmadığını (1.5)”, “ən qəddar düşmənimizin öz əsəb sistemimizin olmasını (1.6)”, “seksin insan həyatında rolunu”, “dövlətdəki totalitarizmə və diktaturaya qarşı mübarizədə tək çıxış yolunun prollara (aşağı təbəqəli insanlara) bəslənən ümidin olması, lakin onlarda da şüur yaranmayana qədər üsyan etməyəcəklərini, üsyan etməsələr də, heç vaxt şüurlu olmayacaqlarını (1.7)”, “güclülər qarşısında zəif insan irqinin acizliyini”, “keçmişin siyasi əllərlə dəyişdirilə biləcəyini, buna görə daim hər şeyə şübhəylə yanaşmağı”, “tək olduqda ətraf mühit tərəfindən dəli sayılmağın əhəmiyyətsiz, lakin həm tək qalmaq, həm də yanlış yolda olmağın ən dəhşətlisi olduğunu (1.7)”, “Azadlıq iki üstə gəl ikinin dördə bərabərliyini demək haqqıdır (1.7)”ı, “Cəmiyyətin aşağı hissəsinin sevincinin, ümidinin, dəliliyinin, intellektual fəallıq mənbəyinin lotereya, futbol, içki-pivə olmasını (1.8)”, “əzabları yüngülləşdirən yeganə təsəllinin çalışmaq olduğunu (2.1)”, “başı salamat saxlamaq üçün – müvəqqəti də olsa – kütləyə qoşulub onlarla birgə bağırmağı (2.2)”, “lüzumsuz əxlaq qaydalarının insan təbiətinə xas hisslərini məhdudlaşdırması nəticəsində hisslərin vəhşiləşə biləcəyini, bu üzdən əxlaq qaydalarının insanları daha da əxlaqsızlaşdırdığını (2.2)”, “qadınlarla müqayisədə kişilərdə cinsi instinkti nəzarətdə saxlamağın daha da çətin olmasını (2.3)”, “anadangəlmə mühafizəkar prinsiplərə etiqad edənlərin bəzilərinin hətta xəyallarında belə həmin prinsiplərdən kənara çıxmağa qadir olmadıqlarını (2.3)”, “insanların əksəriyyətinin qeyri-səmimi olduğunu (2.3)”, “seksual aclığın yaradacağı vəhşəti (2.3)”, “xoşuna gəlməyən adamı itələyib uçuruma yıxmağın heç nəyi həll etmədiyini (2.3)”, “beynimizdə gizli dünya yaradıb orada səssizcə, kimsəyə bildirmədən xoşbəxt yaşamağın mümkünlüyünü (2.3)”, “hər bir sonluğun onun başlanğıcının təbii nəticəsi olmasını (2.6)”, “hər şeysiz sevginin varlığını (2.7)”, “sevginin yoxluğunun birbaşa əsl xəyanət olduğunu (2.7)”, “insan kimi qalmağı bacarmaqla həyatda qalib fərd olmağı (2.7)”, “gələcəkdən daha çox keçmişin mühüm olduğunu – çünki keçmiş də bir zamanlar indinin gələcəyi olub (2.8)”, “elmi-texniki tərəqqinin, sənayeləşmənin yarada biləcəyi təhlükələri (2.9)”, “digər tərəfdən, sənaye baxımından geri qalmış ölkənin hərbi cəhətdən də köməksiz olduğunu (2.9)”, “mahiyyət etibarilə müharibənin yalnız insan həyatını deyil, insan əməyinin nəticələrini də məhv etdiyini (2.9)”, “təkrar etməyin önəmini – Uinstonun fikrincə, ən yaxşı kitablar insana bildiklərini çatdıran kitablardır (2.9)”, “köhnələr hakimiyyətdən devrildikdən sonra isə azadlıq vəd edənlərin yeni despotik rejim qura biləcəyi ehtimalını (2.9)”, “sosializmin sinoniminin utopizm olduğunu (2.9)”, “hakimiyyətin kimin əlində olmasının önəminin olmamasını - əsas iyerarxik quruluş dəyişmirsə (2.9)”, “ikifikirliliyin mənasının eyni anda iki əks fikrə malik olmaq və onların ikisini də qəbul etmək olduğunu və bunun çox mənfur bir şey olduğunu – mənə görə (2.9)”, “əgər sən az qala bütün dünya ilə üz-üzə gələrək yenə də həqiqətin tərəfində dayanırsansa, deməli, dəli deyilsən (2.9)”i, “quldurlar və qatillərin özünəməxsus həbsxana aristokratiyası olduğunu (3.1)”, “insanın total və üst işgəncələr nəticəsində hər şeyi edə biləcəyini, arvadının, uşağının başının kəsilməsinə belə razılıq verə biləcəyini (3.1)”, “yaddaşa nəzarət edə bilməməyin faciəsini”, “insanın sevilməkdən daha çox başa düşülməyə möhtac olduğunu (3.2)”, “bir dəfə doğru yoldan sapanların heç birinin canını qurtara bilmədiyini (3.2)”, “öz varlığını dərk edənin, həqiqətən də, mövcud olduğunu (3.2)”, “kütlənin əksəriyyətinin zəif və qorxaq məxluqlardan ibarət olduğunu (3.3)”, “bəşəriyyətin iki seçiminin olduğunu – azadlıq və xoşbəxtlik; insanların böyük əksəriyyətinin isə xoşbəxtliyi hər şeydən üstün tutmasını (3.3)”, “hakimiyyətin məqsədinin hakimiyyət olduğunu (3.3)”, “insanın kamilləşdikcə daha da amansızlaşa biləcəyini (3.3)”, “gələcəkdə dostluğun və sevginin tamam yox ola bilmə ehtimalının olduğunu (3.3)”, “mənəvi cəhətdən bir insanın qəddar və yalançı insanlardan üstün ola biləcəyini (3.3)”, “iradəsiz insanın qorxunc tənəzzül yaşayacağını” və ən nəhayət “qorumaq istədiyin sirri ilk növbədə özündən gizlətməli olduğunu (3.4)” fövqəladə yazılarıyla öyrətdi. Bəzi həqiqətləri bilməyimə rəğmən onları yenidən oxumağım, təkrar etməyim mənim üçün indidə faydası olduğu kimi, gələcəkdə də olacağına inanıram. Əsərin öyrədicilik xüsusiyyətinə görə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Cənab Oruellin yazı üslubu klassik romanistlərdən çox da fərqlənmir. Təsvirlərindən, bənzətmələrindən, qısaca ədəbi qələmindən söz açası olsaq, həqiqətən, cümlələr, hadisədən hadisəyə keçidlər, fəsil sonluqları möhtəşəm alınıb. Məsələn: “Külsaçlı, balacaboy qadın hiddətindən qıpqırmızı qızarmışdı, ağzı sudan bayıra atılmış balığın qəlsəmələri kimi açılıb-yumulurdu”, “Əgər sizə gələcəyin obrazı lazımdırsa, o zaman gözləriniz önündə insan sifətini tapdalayıb əzən uzunboğaz çəkmə canlandırın” və s. Bunlar onun qələminin yüzlərlə əlvan, cazib nümunələrindən sadəcə ikisidir. Təsvirlərə və yazı üslubuna görə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Dialoqlar xalis təbiiliklə təzahür edilib. Hələ O`Brayenlə Uinstonun oxucunu vəhmələndirən söhbətinə söz ola bilməz. Mənəviyyatı səlis izhar edən bu rəngarəng dialoqlar sözün əsl mənasında təqdirəlayiqdir. Dialoqlar (monoloq) üçün bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Obrazların hər biri fərdi xüsusiyyətlərinə görə seçilirdi. Amplfort, Parsons kimi yardımçı obrazların rolu əsərin ciddiliyinə uyğun olmasa da, onları yeməyin ədviyyatı hesab etmək olar. O`Brayen mənfi qəhrəman olsa da, mənim üçün sempatik biridir, elə Uinston üçün də olduğu kimi. Hiyləgərlik qarışıq ağılı adamı özünə heyran buraxır. Uinstonun dərin mənəviyyatı və uzunmüddətli iradəsi isə insanı əsl insan olmağa vadar edir. Onun sekslə bağlı düşüncələri qəti surətdə məni narahat etmədi, Culiyayla yaşadığı romantika da onun çoxdan əldə etməli olduğu haqqı idi. Yəni ən azından mən belə düşünürəm. Obrazlar üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Müəllifin özünəməxsus fikirlərini üçüncü şəxsin dilindən, eyni zamanda dialoqlarda Uinstonun dilindən sezmək olur. Elə Şər mövqedə Antiseks Liqası kimi bir ittifaqın romanda var olması – bu, Corc Oruellin qəlibləşmiş əxlaqa zidd düşüncələrinin təcəssümüdür. Bundan başqa əsərdəki “İki Dəqiqəlik Nifrət”in məqsədi göstərilmiş hədəfi linç etməkdir. Belə ki, psixoloji nizamdan çıxıb özünü itirən bu güruhun sosial nifrəti günümüzün sosial şəbəkələrində də mövcuddur. Kiminsə hər hansısa bir nöqsanı sosial şəbəbəkələrdə yayılır və şərh bölməsi “İki Dəqiqəlik Nifrət”lə, boş və mənasız nifrət dolu fikirlərlə, rəylərlə aşıb-daşır. TV-də xəbərlərə kor-koranə inanıb təqsirlini daş-qalaq edənlər, burada da “mötəbər” vərdişlərindən imtina etmirlər. Sosial şəbəkələr bizi həmçinin fikir yığcamlığına təhrik edir. Uzun mətnləri heç kim oxumaq istəmir. Hamı qısa postlarla özlərinin bilgi üfüqünü genişləndirdiyini düşünüb vicdanlarının xoşluğunu və elə öz yalançı xoşbəxtliklərini də beləcə təmin edirlər. Analitik fəlsəfəyə görə, kəlmə azlığı olan insanlar məhdud düşünə bilərlər. Və onlar da nəticədə cəhalət ölkəsinin öndər cahilləri olarlar. Buna görə dil və onun tətbiqi mühümdür. Sonra... “Parsonsun yetimləri”nə baxdıqda alleqorik zəmində müəllif zehnən uşaq olan böyüklərin düşüncələrini göstərib bəlkə də. Bu kimi insanlara hakimiyyətin və ya Şər xarakterli hakim fikirlərin təsiri daha sürətlidir, onların beyinləri daha elastikdir və hara istəsən əymək olar. Bildiyimiz üzərə kapitalistlər Orta Çağ zadəganlarını tənqid edirdi. “1984”də də İngsos kapitalistləri tənqid edir. Dolayısı yolla, müəllifin əsərində kapitalizmi tənqid etdiyini görmək olur. Axı İngsosun başında dayananlar da özləri kapitalistlərdir... İnsanlığın gəldiyi son halını yazıçı heyratamizliklə göstərir – Uinston Smitin qurumuş, skeletə çevrilmiş, bükülmüş bədəni... Yazıçının öz şəxsi fikirlərinin birinci (və ya üçüncü) şəxsin dilindən oxucuya yeritmək istəyinə görə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Tərcüməçi Vilayət Quliyev sağ olsun! Onun sayəsində əsərdən çoxlu yeni sözlər öyrəndim. Nümunə olaraq bunları göstərmək olar: Lövbər salmaq (bir yerdə qərarlaşıb qalmaq, məskən salmaq), qala mazqalları (qala divarlarında və s.-də atışma üçün qoyulan deşik), adətkərdə şəkildə (adət etdiyi tərzdə), intibahnamə (Təbliği məzmunda olub, əksərən gizli çap edilərək kütlələr arasında yayılan vərəqə; bəyannamə), tutalqa (bəhanə, səbəb), zifaf gecəsi (oğlanın (bəyin) qız otağına girdiyi birinci gecə), alabaxta (meşə göyərçini), sifilis (yoluxucu zöhrəvi (cinsi yolla keçən) xəstəlik), vımpel (Ensiz, uzun, yaxud üçbucaq şəklində kiçik bayraq), frak (Qabaq ətəkləri kəsik, dal tərəfdən isə uzun dar ətəkləri olan kişi kostyumu), cığara (siqaret, papiros), hacıyatmaz (Aşağı tərəfi ağır olduğu üçün həmişə dik duran uşaq oyuncağının adı), emprizm (Nəzəri cəhətin zərərinə olaraq, praktik cəhətə, əməli fəaliyyətə meyil; əməli fəaliyyət), asketik həyat tərzi (tərki-dünya; nəfsini, özünü saxlayan; çəkinən), inkvizitor (İnkvizisiya məhkəməsinin üzvü; zalım, cəllad), pederastiya (uşaqbazlıq, pedofiliya), hedonizm (ləzzət və zövqü həyatın məqsədi qəbul edən bütün əxlaq anlayışlarına verilən isim) və s. Şübhəsiz bu sözlərin orijinal ingiliscə qarşılıqları bir analogiyadadır. Bu üzdən... Ədəbi dil zənginliyi ilə bağlı sözçülüyə görə, dəyərləndirməm 1 ballıq şkaladan 1. “1984”də süjetin zirvəsi deyərdim ki, Uinstonla sevgilisi Culiyanın Partiya tərəfindən tutulması anıdır. Bu gözlənilməz hadisə oxucunu kifayət qədər həyəcanda saxlaya bilər (necə ki, məni saxlatdı). Hələ qravür arxasından danışan vahimə, bir sözlə möcüzə. Hadisələrin kulminasiya nöqtəsinin necə alınmağına əsasən, qiymətləndirməm 1 ballıq şkaladan 1. Antiutopik əsərdir deyə final barədə romana qərəzli yanaşmaq istəmirəm, amma finalın tragedik, hətta faciəli sonluğu məni kədərləndirdi və bir növ həyata, gələcəyə bədbin yanaşmağım üçün əlimə bəhanə verdi. Roman üzrə finalı qiymətləndirməm 1 ballıq şkaladan 0,8. Ümumi qiymətləndirmə isə 10 ballıq şkaladan 9,6.
1984
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023166,6bin okunma
·
1 artı 1'leme
·
1.224 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.