Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ananla rəftarın.
Onun halını düşünəndə sənə bərk acığım tutdu, Enriko. Elə bir ana ki, bir saatlıq ağrılarını səngitmək üçün bütün xoşbəxtliyini fəda etməyə hazırdır. Həyatını qurtarmaq üçün ona-buna əl açmaqdan, yolunda canını fəda etməkdən çəkinməz. Bunu yaxşı-yaxşı düşün! Bil ki, həyatda səni çətin günlər gözləyir, ancaq sənin ən ağır günün ananı itirdiyin gün olacaq. Bir gün güclü qüvvətli cavan olsan da, onun səsini bircə dəfə eşitmək həsrəti ilə alışıb yanacaqsan, aciz və kimsəsiz uşaq kimi isti qoynuna sığınmaq istəyəcək, bu arzu ilə hönkür-hönkür ağlayacaqsan. Onu dəfələrlə səsləyəcək, "Hardasan anam" deyə inləyəcəksən, Enriko. O gün ona əziyyət verdiyinə görə çox peşman olacaqsan, vicdan əzabı çəkəcəksən. Ananı incitsən, həyatda rahatlıq tapmayacaqsan. Ondan əfv diləyəcəksən, xatirəsini ehtiramla yad edəcəksən, amma bihudə, geri qaytara bilməyəcəksən! Vicdanın səni dinc qoymayacaq. Ananın zərif və mehriban siması daim sənə elə kədərlə və elə tənə ilə baxacaq ki, əsl işgəncə çəkəcəksən. Enriko, diqqətli ol! Ana sevgisinin ən müqəddəs bəşəri duyğu olduğunu heç vaxt unutma. Vay onu ayaqlayanın halına! Əgər bir qatil anasına hörmət edirsə, deməli, onun qəlbində doğruluq və mərdlik hisləri hələ ölməyib. Ancaq məşhur bir insan anasını acılayır, təhqir edirsə, o, alçaq tinətli məxluqdur. Səni dünyaya gətirən insana qarşı ağzından kobud söz çıxmasın. İşdir, ağzından çıxsa, onun ayaqlarına qapan ki, alnına yaxılan nankorluq ləkəsini öpüşü ilə silsin. Ancaq bunu atanın qorxusu ilə deyil, vicdanının səsi ilə elə. Mən səni sevirəm, oğlum! Sən həyatda mənim ən dəyərli ümidimsən, ancaq sənin anana nankorluq etdiyini görməkdənsə, cəsədini görmək mənim üçün daha yaxşıdır. İndi get, Enriko və bir müddət məni öpmə, çünki hələlik sənə ürəkdən nəvaziş göstərə bilmərəm. Atan...
Sayfa 41 - "Fabula" MMCKitabı okuyor
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.