Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

150 syf.
8/10 puan verdi
·
14 günde okudu
N.Makiavelli və "THE PRINCE" (Hökmdar) əsəri.
Monarxiyaların olmadığı bir dövrdə Makiavellinin Hökmdar əsəri nə qədər vacibdir? Nikolo Makiavelli 15,16- cı əsrlərdə yaşamışdır. Yaşadığı dövrdə öz dövləti də daxil olmaqla monarxiyaların sayı çox idi, və onun “Hökmdar” əsəri həmin dövr üçün olduqca əhəmiyyətli idi. Bəs indi necə, Makiavellinin “ Hökmdar” əsəri nə qədər vacibdir ? Makiavellini digər filosoflardan fərqləndirən cəhət onun artıq 5 əsrdir ki fikirlərinin heç də birmənalı qarşılanmamasıdır. Makiavellinin sözügedən əsəri işıq üzü gördükdən bəri siyasətdə ikiüzlülüyü, xəyanəti və cəmiyyət içərisində mənfi olaraq qəbul edilən bir neçə xüsusiyyəti təbliğ edir. Bu məşhur intibah dövrü diplomatının yazdıqlarının günümüz üçün nə qədər önəm ərz etdiyini daha yaxşı anlamağımız üçün, gəlin biraz daha təfsilatlı danışaq. Makiavelli deyir ki; insanlar hökmdar olmaq istəyirlərsə özlərindən qabaq yaşamış dahi şəxsiyyətlərin həyatına baxmalıdırlar, və onlardan ən ləyaqətlilərinin yolu ilə getməlidirlər.İnsanlar öz işlərini talehin hökmünə buraxmamalıdırlar, doğrudur insan bütün həyatını özü idarə edə bilməz amma bunun yarısı yaxud yarıya yaxın bir hissəsi insanın öz əlindədir və Florensiyalı dövlət xadimi bir daha vurğulayır ki, talehin ümidinə daha az bel bağlayanlar daim zəfər çalmışlar. Bu fikrlərin özü nəyinki günümüz üçün, bütün dövrlər üçün keçərli bir haldır, öz işlərini şansa buraxan insanlar və hökmdarlar, gec-tez məğlubiyyətə düçar olacaqlar. Makiavelli daha bir maraqlı mövzuya toxunaraq yazır ki, insanların yaxud xalqların başına pis işlər gəlməli, onlar uzun müddət əziyyət çəkməlidirlər ki, daha sonra xoş gün görsünlər. Makiavelli buna yetəri qədər nümunə göstərir. Bəni-İsrailin Misirdə zülm və əsarət altında yaşaması lazım idi ki, köləlikdən qurtulmaq üçün Musanın arxasınca getməyə razı olsunlar. Romul dünyaya gələr-gəlməz talehin ixtiyarına tərk edilməsəydi və Alba onun üçün həddindən artıq kiçik görünməsəydi, Roma dövlətinin banisi və hökmdarı olmazdı. Bu fikirlər təsdiq edir ki bu günün özündədə əziyyət çəkən insanlar və xalqlar, gələcəkdə onları nələrin gözlədiyindən xəbərsizdirlər. Makiavelli dövlət quruculuğuna aid fikirlər bildirərkən qeyd edir ki, dövlət üçün yeni qaydalar və yeni idarə üsulu tətbiq etmək mütləqdir, çünkü bunlarsız yeni dövlət qurmaq və öz təhlükəsizliyini təmin etmək mümkün deyil. Bunu da bilmək lazımdır ki, köhnə qaydaları yeniləri ilə əvəz etmək qədər tətbiq edilməsi çətin, uğur qazanması şübhəli, idarə edilməsi təhlükəli bir iş yoxdur. Belə işlərə baş vuranların köhnə qaydalardan faydalananların düşmənliyi yeni qaydalardan faydalanacaq şəxslərin isə soyuq tərəfkeşliyi gözləyir. Qısa olaraq Makiavelli deyir ki yeni bir şeyi təbliğ edərək yeni qanunlar gətirmək istəyən insanlar öz güclərinə arxayındırlar ? yoxsa onlar başqalarının yardımına möhtacdırlar ? Birinci halda onlar uğur qazancaqlar ikinci halda çətin vəziyyətə düşəcəklər. Məhz buna görə silahlı peyğəmbərlərin hamısı qalib gəlmiş silahsız peyğəmbərlər məğlub olmuşlardır. Makiavellinin bu fikirləri monarxiyaların sayının azaldığı bir dövr üçün yəni günümüz üçün olduqca aktualdır. Bu məsələni xeyli ciddiyə alan yazıçı bir daha bildirirki insanları bir şeyə inandırmaq asan amma insanları o inancda saxlamaq çətindir. Makiavelliyə görə, hakimiyyətini qorumaq istəyən bir hökmdar yaxşılıq etməkdən qaçmalı və ehtiyac olduqda bundan istifadə etməlidir. Həmçinin hökmdar xalqa yaxşılığı az-az olaraq nadir hallarda etməlidir ki, xalq onun qiymətini bilsin. Hökmdar xalqa həmişə əziyyət verməməlidir qısa bir müddətdə çox əziyyət verməyi Makiavelli daha məqsədəuyğun hesab edir. O Hökmdarın böyük iğtişaşlara yol verməsindənsə ayrı-ayrı şəxslərin cəzalandırılmasını üstün tutur. Bu fikirlərin monarxiyaların mövcud olduğu bir dönəmdə yazılması onu deməyə əsas vermir ki bu fikirlər monarxiyaların olmadığa dövr üçün əhəmiyyətsizdir. Hökmdar üçün dəyərli məsləhətlər verməyə davam edən Makiavelli deyir: Ağıllı hökmdar onu hakimiyyətdən məhrum edə biləcək nöqsanlardan qaçmalıdır. Öz xalqını itaətdə saxlamaq istəyən hökmdar zalımlıqda günahlandırılmaqdan qorxmamalıdır. Xüsusi mülkiyyət məsələsinə də diqqət yetirən Makiavelli bildirir ki, hökmdar xalqın nifrətindən qaçmaq üçün vətəndaşların və təbəələrin malını qəsb etməkdən mütləq çəkinməlidir, çünki insanlar atalarının ölümünü mallarının itkisindən daha tez unudurlar. Dövlətin məqsədi hər bir şəxsin mülkiyyətdən azad istifadə etməsinə və təhlükəsizliyinə nail olmaqdan ibarətdir. “Hökmdarın xalq tərəfindən sevilməsi yaxşıdır yoxsa xalqın ondan qorxması?” sualına Makiavelli belə cavab verir: “İnsanlar öz fikirlərinə görə hökmdarları sevir, amma hökmdardan onun əməllərinə görə qorxurlar. Buna görə də yaxşı olar ki, ağıllı hökmdar başqalarından asılı olana deyil, özündən asılı olana güvənsin”. Əsas məsələlərdən biri olaraq mütləq şəkildə qeyd etmək lazımdır ki, Makiavellinin siyasi düşüncəsi teokratizimdən azad idi, yəni Makiavelli deyirdi ki, dövləti Tanrı yaratmayıb buna görə də dövlət dini qanunlarla yox insanların yaratığı qanunlarla idarə olunmalıdır. Bu fikir monarxiyaların azaldığı bir dövrdə kifayət qədər yayğındır. Makiavelli orta dövrdə yaşamışdır. Orta dövr Avropada bilindiyi kimi çox mühim sosial, siyasi hadisələrin dərin olaraq transformasiya etdiyi bir dönəmdir və modern siyasət anlayışlarının cücərdiyi bir mühitə sahibdir. Insanların təbiətə olan baxışları, qədərə olan inancları məhz orta dövrdə kökündən dəyişməyə başlamışdır. Orta dövr müasir insanın ilk dayanacağıdır. Orta dövrü anlamadan nə günümüz siyasətini, nə tarixi, nə də dövləti anlaya bilmərik. Qısacası Orta dövrü bilmək dövləti bilmək, dövləti bilmək hər şeyi bilməkdir. Makiavellini fərqləndirən cəhət də məhz tarixin içində yaşadığı dövrdən, durduğu nöqtədən əsrlər sonrasını görmüş olmasıdır. Makiavellinin bu xüsusiyyəti onun hökmdar əsərinin monarxiyaların olmadığı bir dövrdə nə qədər vacib olduğunu göstərir, hətta sadəcə hökmdar əsərinin deyil, ümumi olaraq müəllifin düşüncələrinin, dövlətə və cəmiyyətə baxış bucağının belə günümüz üçün keçərli olduğunu görmək mümkündür. Hökmdar və onun vəziri müşavirləri köməkçiləri haqqındada danışan Makiavelli söyləyir ki, hökmdar öz köməkçilərini dövlət adamlarını ağıllı və bacarıqlı insanlardan seçməlidir və sözünə davam edən dövlət xadimi vurğulayır ki, hər bir ağıllı hökmdar dövlər işləri ilə bağlı öz köməkçiləri ilə məsləhətləşər. Vəzirin və köməkçilərin ağıllı olması hökmdarın müdrik olmasının əlamətidir. Hökmdar vəzirə qayğı göstərməli ona sərvət qazandırmalıdır vəzirdə əvəzində öz hökmdarına sadiqliklə bağlı qalmalıdır deyə Makiavelli sözünü bitirir. Ətraflı düşündükdə Makiavellinin haqqında danışdığı məsələnin dövrümüz üçündə vacib olduğunu anlayarıq. Günümzüdəki dövlətlərin əksəriyyəti respublika quruluşu ilə idarə edilir və bu respublikalardaki bir çox dövlət işçilərini və bu dövlətlərin rəhbərləri öz köməkçilərini özləri seçirlər. Düzgün edilən seçimlər dövlət başçısının və dövlətin idarə olunmasını asanlaşdırar. Biz Hökmdar əsərini oxuduqdan sonra Makiavellinin hansı idarətmə formasının tərəfdarı olması haqda düşünsək ağlımıza ilk olaraq monarxiya gələcək çünki bu əsər bir monarxa verilən tövsiyyələr idi. Lakin Makiavelli başqa bir kitabında respublika tərəfdarı oldiğunu demokratik qaydalar hazırlamaqla bəyan edir. Qeyd etmək istərdim ki siyasətdə istifadə olunan Makiavellizm termini və ideologiyası Makiavellinin özü tərəfindən yox onun ölümündən sonra insanlar tərəfindən yaradılmışdır. Haqqında danışdığımız bu əsər uzun illər zəhər və xəncər siyasətinin əsası kimi şöhrət qazanmışdır. Makiavelliyə istinad edilən məşhur bir söz vardır ki bu söz tez-tez istifadə edilir. Zəfərə gedən yolda hər şey mübahdır.Yəni ki istənilən nəticəyə çatmaq mümkün olacaqsa işlərin hansı yolla görülməsinin çox da əhəmiyyəti yoxdur əsas olan nəticədir. Lakin bu populyar ifadə müəllifin özü tərəfindən istifadə edilməmişdir. Bu ifadə sonralar insanlar tərəfindən Makiavellinin ümumi düşüncələrinin təcəssümü olaraq deyilmişdir. Gətirdiyimiz bütün bu nümunələr Makiavellinin hökmdar əsərinin monarxiyaların olmadığı bir dövr üçündə nə qədər vacib olduğunun bariz nümunəsidir bunlardan çoxunu həyatda əyani şəkildədə müşahidə edə bilərik. Ümumi olaraq Makiavelli bu əsərdə Hökmdarın necə güclü ola biləcəyini, gücü necə əldə saxlamağı, zəfərə gedən yolda uğur qazanmaq üçün bütün dövrlər üçün keçərli olan dəyərli məsləhətlər verir. Makiavelli bir məqamıda dilə gətirir ki, yaşadığı dövrün şərtlərinə uyğun yaşaya bilməyənlər məğlub olarlar.
Hökmdar
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201814,7bin okunma
·
3 artı 1'leme
·
1.008 görüntüleme
Murad Mammadov okurunun profil resmi
Hər kəsin faydalana biləcəyi bir təhlil hazırladığımı ümid edirəm. Xoş mütaliələr.
Yalnızız okurunun profil resmi
Merhaba.Azerbaycan'ın en önemli ve değerli eserlerinden Türkçe olarak alabileceğim kitap önerebilir misiniz :)
Murad Mammadov okurunun profil resmi
Merhaba, Ali ve Nino" kitabını okuya bilirsiniz.
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.