Gönderi

80 syf.
8/10 puan verdi
·
Read in 1 hours
"Poçt qutusu" hekayəsinin təhlili.
Əsərdə təqdim olunan İtqapan kəndinin sakini Novruzəli ötən əsrin əvvəllərindəki Azərbaycan kəndlilərinin ümumiləşdirilmiş obrazıdır. Novruzəli cəhalət içərisində yaşayan yüzlərlə, minlərlə həmkəndlilərdən biridir. Əsərdə onun başına gələn müsibətlər də ilk növbədə avamlığı ucbatından baş verir. Novruzəlinin sadəlövhlüyü elə bir həddədir ki, o hüquqlarını bilmir, ölənədək özünü xanın qulu sanır. O, söyülür, təhqir edilir, alçaldılır, lakin bunu təbii sanır. Buna görə də ailəsi ehtiyac içində dolansa da, əkib-becərdiyi məhsuldan mütləq xana pay ayırır, ildə bir neçə dəfə ona sovqat gətirir. Müəllif Novruzəlinin avamlığını poçt qutusunun önündə daha qabarıq nəzərə çarpdırmışdır. O, xanın verdiyi məktubu qutuya salandan sonra nə edəcəyini bilmir. Əvvəl istəyir ki, poçt qutusunun yanında dayanıb gözləsin, sonra fikirləşir ki, axı nə qədər gözləsin - ulağı acdır, axşam düşənədək evinə qayıtmalıdır. Novruzəli bu fikirləri beynində saf-çürük edərkən bir nəfər xidmətçi gəlib poçtun qapağını açır və məktubları torbaya doldurub aparmaq istəyir. Bunu görən Novruzəli xidmətçinin məktubları oğurladığını düşünür və cəld onun üstünə cumub xanın məktubunu istəyir, xidmətçi məktubu vermədikdə dava salır, onu üzüüstə yerə yıxır... Yazıçının hekayədə erməni və rus millətlərinin nümayəndələrinin poçt qutusuna məktub salmaları səhnəsini təsvir etməsi də təsadüfi deyildir. Bununla müəllif digər millətlərin elmə, inkişafa böyük maraq göstərmələrini və buna görə də zamanla ayaqlaşa bildiklərini nəzərə çarpdırmaq istəmişdir. Eyni sözləri müsəlmanlar barədə demək mümkün deyil. Onlar hər vəchlə övladlarını məktəbə getməkdən yayındırır, cəhalətdən yaxa qurtarmağa heç bir səy göstərmirlər. Buna görə də həyatları çətinliklər içində keçir. Novruzəlinin əzab-əziyyətli dolanışığı, başına gələn bəlalar, durduğu yerdə külfətini başsız qoyub qazamata düşməsi bunun təsdiqidir. Böyük yazıçı C.Məmmədquluzadə belə təzadlı və təsiredici səhnələr təsvir etməklə ilk növbədə azərbaycanlıların gözünü açmaq, onları elmə, inkişafa, öz hüquqlarını anlamağa istiqamətləndirmək istəmişdir. Novruzəlinin faciəsi ayrılıqda götürülmüş tək bir fərdin faciəsi deyildir. Belə hal cəhalət içində boğulan cəmiyyət üçün xarakterik idi. Novruzəliləri faciələrdən qurtarmaq üçün ilk növbədə cəmiyyəti sağaltmaq gərək idi. Xalqını çox sevən, onun acınacaqlı həyat tərzinə ürəkdən acıyan ədibin dövrünün eybəcərliklərinə güzgü tutmaqda məqsədi də elə bu idi.
Poçt Qutusu
Poçt QutusuCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2021289 okunma
·
1 plus 1
·
53 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.