·176 syf.····Okunma: 06 Ocak 2024 00:00 İlahi, elə yordu ki bu kitab məni... Keçən ilin sonlarından başlamışdım, heç cür bitmək bilmirdi. 176 səhifəlik monoloq, özü də "Gənc Verterin Əzabları"ndan sonra... Bərbad deyildi, əksinə, Lispector'un bədii təsvir və ifadə vasitələrindən istifadə şəkli olduqca qəşəng, söz seçimləri isə çox incə idi. Amma elə bu ədəbi ustalıq tez-tez diqqətimi yayındırır, məni hər səhifənin sonuna çatanda ən başa qayıtmağa vadar edirdi ki, indi gəldiyim nöqtəyə necə gəldiyimi, hansı hissədə mövzunun şaxə verdiyini kənardan müşahidə edə, özümə bir xülasə çıxara bilim.
Mənə elə gəlir ki, yazıçının ən böyük uğuru baş obrazı necə varsa, oxucuya o şəkildə də ötürə bilməsidir. Joana bizim qarşımıza nə edəcəyini bilməyən bir qız olaraq çıxır, nə edəcəyini bilməyən bir qadın olaraq da vidalaşır. Onu tanıya bilmirlər, tanıyanlarsa geri çəkilir, kimsə onu öz yalnızlığından qoparmağa qadir deyil, heç özü də.
Kitabın sonlarına doğru yazıçının bu təsvirinin çox dəqiq, zalımlıq dərəcəsində dürüst bir təsvir olduğunu, o "kimsə"lərə sadəcə kitabın daxilindəkilərin yox, özüm də daxil olmaqla, həmçinin xaricindəkilərin aid olduğunu gördüm. Joana'nın düşüncələrinə, ən məhrəm xatirələrinə girməyimə baxmayaraq onu istədiyim və istədiyi şəkildə anlaya bilmədim. Hər səhifəni başdan oxuma səbəbim onu başa düşmə arzusu idi, ya da ehtiyac, ya da nəyisə qaçırdığıma dair bir inanc. Amma hər kəs kimi, elə Joana'nın özü kimi mən də uğursuz oldum, bir yerdən sonra yoruldum, bitməsini istədim, hər yeni monoloqda səbirsizliklə içimi çəkməyə başladım.
Bu nöqtədə qarşıma çıxan həmin o təsvir bütün əsər boyu axtardığım aydınlanmanı yaşatdı mənə. Başqa birini anlamağa çalışmaqdan yorulmaq öz-özünün üstündə baş sındırmağın gətirdiyi bezginlikdən daha tükədici ola bilməz, deyil də. Joana'nın ən qüvvətli duyğusuna sahib olmuşkən tapdım özümü, özü də ona qarşı: bu qadına yazığım gəlirdi.
İpsiz çərpələng kimi havada süzülən, lövbərsiz, sükansız gəmitək hara istiqamətləndiyi bəlli olmayan düşüncələrlə yaşamaq, öz-özündən qaça bilməyib bütün dünyadan qopmaq (bəzənsə tam əksi) qorxunc idi, - empatiya qurmaq istəməyəcəyim qədər qorxunc, - və kitabın məndə yaratdığı narahatedici, dərinlərimə hopmadan uzaqlaşdırmağa çalışdığım o duyğunu, bitirər-bitirməz başqa kitaba, tanış limana, güvənli bölgəyə keçməyimi də açıqlayırdı.
Bircə bu xaos, fikir dolanbacı ruhuma sirayət etməsin!
Clarice Lispector yaradıcılığına şans verdiyim ilk və - yazıçının qələmini bəyənmədiyimdən deyil, ürəyimin rahatlığı adına - son əsər idi.
Monoloq şəklində yazılmış bir əsər oxumazdan öncə ikinci dəfə düşünməyi öyrətdi...