Gönderi

116 syf.
9/10 puan verdi
·
Read in 25 hours
Ziddiyyətin izi ilə: Siçanlar və Adamlar
Fareler ve İnsanlar
Fareler ve İnsanlar
kitabı ilə
John Steinbeck
John Steinbeck
'in qələmiylə tanışmış oldum. Bu əsərin baş qəhrəmanları gəzgin ferma işçiləri olan George və Lennie-dir. 1920-ci illərdə John Steinbeck özü də evsiz və gəzgin bir ferma işçisi olmuşdur. Hətta 1937-ci ildə New York Times'a yazdığı məqalədə belə qeyd edib ki, "Uzun müddət mən özüm də başıboş gəzən avaranın biriydim. Hekayənin keçdiyi şəhərdə işləyirdim." Gördüyümüz kimi, o özü də personajları ilə olan oxşarlığını təsdiqləyirdi. Əsərin adı isə şotland şair Robert Burns'ün "To A Mouse" adlı şeirindən götürülüb. Belə bir maraqlı fakt oxumuşdum ki, John Steinbeck əvvəllər kitabın adını tam fərqli, yəni "Olan Bir Şey" olaraq düşünübmüş. Amma bu şeiri oxuyandan sonra fikrini dəyişib və kitabın adı bu gün olduğu hala çevrilib. Adında qeyd olunan "siçanlar" isə böyük ehtimal ki, cəmiyyətdə olan aşağı təbəqə işçi qruplarını nəzərdə tutur. Kitabın mövzusuna gəldikdə isə deyə bilərəm ki, həcminin kiçikliyindən fərqli olaraq bir çox mövzulara toxunur. Əsərin baş qəhrəmanları Lennie və George yaşamlarını qaydasına salmaq arzusu ilə eyni yolda irəliləyən iki dost, yol yoldaşlarıdır. Bir-birlərinin tam ziddi olmasına baxmayaraq, bu yaşam səyahətlərində bir-birlərinə arxalanır, sahib çıxırlar. Lennie Small adının tam ziddi olaraq, yekəpər, hündürboy biridir və bəzi psixoloji olduğunu düşündüyüm problemləri olmaqla yanaşı, həmçinin də ağıldan kəmdir. George isə daha ağlı başında və Lennie'yə yol göstərən, onu yönləndirən biridir. Hər ikisi də bir parça torpaq arzusu ilə yaşama tutunur. Özlərinə aid olan, heç kimin dəyib toxunmayacağı, istədikləri kimi yaşayacaqları ev arzusu ilə... SPOILER Mən kitabı oxuduğum müddətcə Lennie personajına qarşı ayrı bir simpatiya duyurdum. Düşünürəm ki, bir çox oxucu mənimlə eyni düşüncədədir. Amma mən bir yandan da emosionallığı, xəyalpərəstliyi ilə onu özümə oxşadırdım deyə bu fikrə sahib idim. Dediyim kimi, bu personaj insana ayrı bir təsir bağışlayır. Düşüncələri nə qədər səhv başa düşülsə də, əslində saf və məsum idi bildiyimiz kimi. İdarə edə bilmədiyi gücü isə ona daha çətinlik törədirdi. Ümumilikdə, davranışlarına qarşı ayrı bir mərhəmət hissi yaranır insanda. Hətta yuxarıda da qeyd etdiyim Times məqaləsində müəllif bu personajın real olduğunu da qeyd edibmiş. Məqalədə təxminən belə yazırdı: "Personajlar bir yerə qədər müxtəlif insanların qarışığı ilə ortaya çıxıb. Lennie isə əsl personaj idi. O, hazırda Kaliforniyada psixiatriya xəstəxanasındadır. Həftələrlə onunla işləmişəm. Gerçək Lennie bir qızı yox, fermanın sahibini öldürmüşdü. Müdir dostunu işdən çıxardığı üçün Lennie əsəbiləşmiş, yaba ilə onu öldürmüşdü. Təəssüf ki, Lennie'ni vaxtında dayandıra bilməmişdik." Ayrıca qeyd etmək istəyirəm ki, ələ alınan digər mövzular oxucuya çox yaxşı şəkildə çatdırılıb. İrqçilik, arzu, mərhəmət, dostluq və s. kimi həmişə aktual olan bu mövzuların xüsusilə belə personajlar tərəfindən ötürülməsi çox xoş idi məncə. Kitabın son səhnəsi üçün isə əslində bir şey demək istəmirdim, amma demədən keçə bilmirəm. Fikirlərim sabit deyil deyə bir şey demək istəmirdim. Çünki George'a bəzən əsəbiləşirəm. Amma bir yerdən sonra təbii ki onu da başa düşə bilirəm. Empatiya quranda ona da haqq verirəm. Bu rəyimdə Lennie haqqında daha çox yazmış olsam da, əslində George'un da yeri məndə ayrıdır. George yaxın dostunun işgəncə verilərək öldürülməsinə göz yummayıb, öz əlləri ilə onun həyatına son verir. Düşünürəm ki, Lennie özü də belə olmasını istəyərdi. Düzdür, son hissəni oxuyanda istər istəməz xəyal qırıqlığı hiss edirsən, amma başqa cür olsaydı, yəqin ki, bu qədər təsirli və mənalı olmazdı. Hamıya oxumağı tövsiyə edirəm. Xoş mütaliələr :)
Fareler ve İnsanlar
Fareler ve İnsanlarJohn Steinbeck · İletişim Yayınları · 2023173.1k okunma
·
1 plus 1
·
76 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.