Gönderi

264 syf.
·
Puan vermedi
Şükriyyə Taleyim, şükür Xudaya!..
Bu kitab ilə ilk dəfə keçən il bir müəllimimin tövsiyəsi üzərinə tanış olmuşdum. Nə yalan deyim ilk oxumağa başladığım zaman nə yazarı tanıyırdım, nə də kitabda bəhs olunan xanımı, ailəni. Heç birini tanımırdım və çox sıxılacağımı düşünürdüm, lakin elə olmadı. Kitabın elə ilk səhifələrində məni özünə çəkən bir "qüvvə" yarandı. İndi isə gələk kitabla bağlı olan hisslərimə, kitabın mövzusuna. Kitabda bəhs olunan xanım 1937-ci ildə Stalin repressiyası qurbanı olmuş, Azərbaycan incilərindən hesab olunan, bir çox beynəlxalq məkanlarda çox böyük şərəf və qürur ilə səsləndirdiyimiz himnimizin sözlərini yazan Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımdan bəhs edir. Bu məlumatın özü elə mən də kitaba qarşı çox böyük maraq və diqqət yaratdı. Bilmirəm niyə amma repressiya qurbanı olmuş şairlərimiz, görkəmli şəxslərimiz haqqında və yaxud onların ailə üzvləri haqqında oxuduğum zaman çox pis təsirlənir və qəzəb hissi yaşayıram. Kitaba başladığım zaman yenə müəllimlərimin tövsiyəsi ilə Azər Zeynalovun ifasında "Şükriyyə Taleyim" mahnısı ilə tanış oldum. Və sonra öyrəndim ki, bu mahnının sözlərini Əhməd Cavad öz həyat yoldaşı olan Şükriyyə xanıma həsr edib. Mahnını dinlərsəniz kitabı oxumağa ehtiyac qalmadan o hissləri sizin də yaşayacağınızı əminliklə deyə bilərəm. Mən kitabı oxuyarkan da, bu yazını yazarkən də həmin mahnını dinləyə-dinləyə yazıram. Çünki belə olduqda sanki o kitabdakıları, Şükriyyənin yaşadıqlarını gözlər önündə canlandıra bilirəm. Sizlərə də kitabı oxuyarkən mahnını dinləyə-dinləyə oxumağınızı tövsiyə edirəm. Şükriyyə xanım mənim nəzərimdə çox mübariz qadındır. Məncə romanda oxuyucunu təəccübləndirən əsas məqam knyaz qızı Şükriyyənin zəmanəyə, onun iti caynaqlarına qarşı necə mübarizə aparmasıdır. Şükriyyənin öz sevgisinə sadiq qalması, qadınlıq vüqarını, izzətini qoruyub saxlaması yolunda göstərdiyi misilsiz fədakarlıqlar, çəkdiyi əziyyətlər insanı riqqətə gətirir. Bu əsər, eyni zamanda mənim fikrimcə Əhməd Cavad və Şükriyyənin sevgi dastanıdır. Bu romanda bir qadının bütün əziyyətlərə rəğmən necə ayaqda durduğunun, necə meydan oxuduğunun, övladları üçün nələr etdiyinin və ən əsası bu işgəncələr və zülmlər qarşısında öz namus və şərəfini necə qoruduğunun şahidi olacaqsınız. Həqiqətən, hər birinizə kitabı sonuna qədər oxumağı tövsiyə edirəm. Kitabdakı mərd, vüqarlı, öz namusunu qoyuran, fədakar, dözümlü, savadlı olan Şükriyyə xanım ilə hər bir Azərbaycan vətəndaşı tanış olmalıdır.
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021155 okunma
·
172 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.