Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Tez-tez gördüyüm bir yuxu var. Həmin yuxuda necəsə qardaşımla rastlaşıram, sağ-salamat olduğunu, hətta aradan keçən dörd ildə (ilahi, artıq dörd ildir...) bir xeyli böyüyüb dəyişdiyini görüb həm çox sevinirəm, həm də həyəcanlanıram, bu hədsiz-hüdudsuz sevincimi bölüşməyə adam axtarıram. Amma əvvəlcə onu möhkəm bağrıma basıram, yanaşı oturub aradakı illərdə baş verənlərdən, olub keçənlərdən danışıram, həyəcanla onun niyə və hara getdiyini soruşuram. O da ölümünün əslində qurma olduğunu izah edib həmin gün baş verənləri detalları ilə anladır, anlatdıqca da məni qəhər boğur. Axırda ayağa qalxıb getməyə hazırlaşan adam görkəmi alaraq "mamaya demə, yazıqdır, pis olar. Mən yenə gedirəm, amma qayıdacağam" deyir və harasa qeyb olur. Bu elə bir yuxudur ki, hər dəfəsində hər şey sıfırdan başlayır, onu görərkən keçirdiyim hiss və həyəcan, hər şeyi öyrənməyə olan maraq və təşviş, qorxu və üzüntü, hamısı təkrarlanır, amma nəticə həmişə eyni olur - mən qan tər içində ayılıb yan-yörəmə baxıram və heç kimi görməyib yerimin içində oturaraq səhəri gözləyirəm. Əvvəllərdə buna fikir verməsəm də, təzəlikcə bu yuxunu gördüyüm dönəmlərin bir-birinə çox bənzədiyinin fərqinə varmağa başlamışam, ya da heç elə deyil, həmişəki kimi boşuna məna yükləyirəm. Həqiqət hər nədirsə, gəldiyim qənaət birdir - mən bu yuxunu həmişə eksiztensial vakuuma düşdüyüm dönəmlərdə görürəm. Özümü, ətrafımı, içində olduğum prosesləri, qurduğum münasibətləri, başqalarına qarşı davranışımı, keçmişimi, gələcəyimi, əslində nə istədiyimi və nəyə nail olduğumu, olmaq istədiyim və olduğum yeri sorğulayanda və şeytanın belə çıxa bilməyəcəyi ucsuz labirintə düşəndə bu yuxu dadıma yetişir. Amma sonunda bir nəticə hasil olmur, sadəcə fırtına bir müddətliyinə dayanır və meydan üst-üstə yığılmış leşlə dolur. Bir az keçir və budur: hər şey başladığı nöqtəyə geri dönür... Yazanda və içəndə rahatlaşıram, sanki üstümdən yük gedir. İndi də oturduğum məkanda məndən başqa bir də gözünü ovuşdura-ovuşdura mənim durub getməyimi gözləyən xidmətçi var. Bilmirəm, şərabın yaratdığı hallüsinasiyadır, ya həqiqət (açığı, bunun hazırda zərrə qədər də olsun əhəmiyyəti yoxdur) Barış Manço məndən vur-tut bir neçə metr o yanda ən sevdiyim mahnısını oxuyur. Bende kalan resimleri, Mektupları istemişsin. Üzülme sevdiceğim, Bir daha çıkmam karşına, Sana son kez yazıyorum, Hatıralar yeter bana... Gövdəmə həkk edilmiş xatirələr, yazdığım məktublar, çəkdiyim rəsmlər, yuxusuz qaldığım gecələr, keçirdiyim iztirablar, inciklik, bir də hər şeyin əslində mənim düşündüyüm və beynimdə qurduğum ssenaridəki kimi olmadığını görüncə gələn sonsuz peşmanlıq hissi. Bütün bunları sözlə ifadə etmək mümkün deyil, gərək yaşayasan. Bilmirəm, yəqin ki, belə də olmalı idi, amma nəticə ilə barışa bilməməyin verdiyi əzab ağırdır. İçimdə çox qəribə və izaholunmaz bir hiss var, sanki bunu sənə yazıram, hətta üzünə deyirəm. Amma mənimki də lap gəmisi batmış matrosun ucsuz-bucaqsız okeana butulka atmağına bənzəyir. Çox güman ki, hissimdə həmişəki kimi yanılıram və bunu hamı oxuyacaq, bir səndən başqa... Bu gün yenə gördüm səni. Üzündəki təbəssüm, gözlərindəki sevinc ürəyimi açdı. Amma yenə də bir-birimizdən o qədər uzağıq ki, aramızdakı məsafəyə dünyalar sığar. İnsan uzaqlaşdıqca da doğmalaşa bilirmiş. Nə qəribə varlıqlarıq biz... Dünən koğuşuna məktublar atdığım ağaca baş çəkdim. Sayın əskilməsi hardasa mümkünsüz olsa da, yenə saydım - doqquz məktubun hamısı yerində idi. Onuncunu da indi içkili və qırğın halda wordpressdə yazası oldum. Bəlkə də, ayılanda siləcəyəm, onsuz son vaxtlar nəticəsiz qalacağı öncədən gün kimi aydın olan çox şey etmişəm, bu da onlardan biri. Yeri gəlmişkən, yaxın aylarda çoxdandır gözlədiyimiz kitabım çapdan çıxacaq. Bəlkə də, bu elə ilk və son kitabım olacaq, hələ bəzi uzaqgörən dostlar bir az da irəli gedib məni böyük entuziazmla həbs ediləcəyimə inandırmağa çalışır, kitabı çıxartmamış ölkəni tərk etməyimi məsləhət görürlər. Onsuz bu yayın sonu gedəcəyəm, amma məni bilirsən, bir şeyin təhlükəli və riskli olması heç vaxt onunla bağlı qurduğum plana təsir edə bilməz. Üstəlik, sənə söz vermişdim ki, kitabın ön sözündə səndən də bəhs edəcəyəm. Ön sözündə yox, hekayədə bəhs edəsi oldum, vəfasız obraz kimi. Məni bağışla, amma daha artığına gücüm çatmadı. Ümidvaram, necəsə alıb oxuyacaqsan, hətta buna inandığım qədər çox az şeyə inanıram. Axı demişdin, oxuduğun ən yaxşı yazıçı mənəm... Barış Manço gedib, amma mahnı hələ də davam edir. Mən isə artıq işıqlı meqapolisin səmasına çatmışam, buludlardan enib ayaqlarım altında xalça kimi sərilən şəhərə göz gəzdirirəm və çox düşünmədən Hüseyn Cavid parkına enirəm. Ağacların birinin arxasında gizlənib beş metr o tərəfdə qızğın mübahisə edən iki nəfəri izləməyə başlayıram. O qədər gərgindirlər ki, ətrafda onlara təəccüblə baxan insanları görə bilmirlər. İkisi də qışqırır, əsəbi əl-qol hərəkətləri ilə qarşıdakına nəsə izah eləməyə çalışır. Və budur - onlardan biri əlindəki kağızı da cırıb uzaqlaşır. Kağızın parçaları isə yerə düşməmiş, elə havadaca göyərçinə çevrilib pərvaz edir. Aradan illər keçib, amma dünən olduğu kimi yadımdadır. Amma sənin yadındadır, ya yox, bilmirəm, bəlkə də, unutmusan, amma mənim hər bir detal dünən olubmuş kimi yadımdadır. Söhbətlərimizin birində sən mənə sanki məni yüz ildir tanıdığını demişdin. Bax, onda düşünmüşdüm ki, həqiqətən də bütün parçalar yerinə oturub, itmiş parçamı tapmışam. İndi isə dağılmış, viran qoyulmuş ölkə kimiyəm, hərə bir şey qamarlamağa, hər yoldan ötən özünə yer eləməyə çalışır. Bilmirəm hansı mahnıdandır, amma bayaqdan zümzümə etdiyim misralarla yekunlaşdırıram bu məktubu: Qələmim var eləmiş bir vərəqdə yoxdan hər kəsi, Hərə bir nöqtəyə qurban gedib onsuz da hər fəsil. Sən indi vergül atsan, olmayacaq, yoxdur çarəsi, Dağılmış ölkəyəm mən, artıq içdə sənsə, mərkəzi İmza:  Yad P.S  Bütün bu yazılanlar xəstə adamın natamam və qüsurlu təxəyyül məhsuludur, çox şey eləməyin.
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.