Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Keçmişin ictimai quruluşu 3 dayaq üzərində dayanırdı: ruhani, hökmdar, cəllad... əsrlər öncə insanlar sorğulamağa başladı, buna görə də bir səs ucaldı: "Allahlar gedirlər!" Yaxın zamanda insanlar öz dəyərlərini tam mənası ilə anladı, heç kim tərəfindən kölə halına salına bilməyəcəyini dərk etdi. Buna görə də başqa səs gəldi: "Krallar gedirlər!" Artıq üçüncü səsin eşidilməli olduğu vaxtdır: "Cəlladlar gedirlər!" Beləcə köhnə quruluş kərpic-kərpic dağılacaq. Cəlladlar gedəcək, onların izi-tozu belə qalmayacaq... Bəlkə də ən uzun ön sözü olan bu kitabda müəllif edam cəzası barədə düşüncələrini elə ən gözəl şəkildə burada ifadə edib. Fransada edam cəzasına məhkum edilən cinayətkarın ölümə qədər keçirdiyi daxili sarsıntıları, özü ilə baş-başa qalarkən keçirdiyi hislər fonunda sosial ədalətsizliyi, özlərinin xalqın qanına susamış qatı cinayətkar olduqları halda kasıb, aşağı təbəqənin nümayəndələrini istədiyi yerdə, hətta gizlicə edam edən rejimin riyakarlığı göstərilib. "Edam cəzası ibrət xarakteri daşıyır" söyləyənlər edamı bəzən dan yeri söküləndə, xəlvəti məkanda etmələri ilə öz dediklərini inkar edirlər. Ölüm cəzası artıq cəmiyyətə dərs vermirdi, cəlladların şəxsi maraqlarına xidmət edirdi... Ölkəmizdə ölüm cəzası ləğv olunsa da, müxtəlif cinayətlər üçün bu cəzanın yenidən qaytarılması təklif olunur. Amma bu təklifi edənlər düşünmürlər ki, ölüm cəzası leqallaşarsa, nələrə yol aça bilər.. İnsan mahiyyət etibarilə olduqca maraqlı, mürəkkəb varlıqdır. Onun hər şeyini əlindən almaq olar, amma ümidlərini, arzularını əsla.. Edam qurğusunun kandarında belə "Məni əfv edəcəklər. Başqa cür ola bilməz" deyə düşünüb hələ də ümid edən məhkumun timsalında bunu görürük. Sonunda hər birimiz qeyri-müəyyən müddətə ölümə məhkum olunmuşuq. Amma dəqiq ölüm vaxtını bilən insan o ana qədər hər dəqiqə ölür, düşüncələr girdabında boğulur. Ən qatı cinayətkar, islahı mümkünsüz görünən residivist belə buna layiq deyil. Edam cəzası varsa, bu cəzaya layiq olan həmin cinayətkar yox, cəmiyyətdir. Çünki heç kəs cinayətkar doğulmur.. Əgər bir cəmiyyətdə bağışlanması çətin olan cinayət törədilibsə, bu cinayətdə cinayətkarla bahəm cəmiyyət də günahkardır... 2022
The Last Day of a Condemned Man
The Last Day of a Condemned ManVictor Hugo · Alma Books · 2017120,1bin okunma
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.