Gönderi

Sizə indi diyorlar: – Çıxınız bu örtüdən, Qovunuz üzünüzdən bu məlun buludları. Bunların fərqi yoxdur acı bir üzüntüdən, Parçalayıb yırtınız bu köhnə yadigarı. Bu xitabı bəlkə siz xoşlayıb bəyəndiniz. Qəlbinizdə titrədi şəfəqlənən arzular, Bəziniz də çarşafı yandırıb sevindiniz, Fəqət bunu başında daşıyan daha çox var. Bir çoxu anasından, bir çoxu babasından Qorxaraq bu çizgini sürükliyor peşincə. Bəzi əskidən əski olan əqrabasından İstəmiyor eşitsin hər ağız sözü, məncə. Yaxşı qız! Bəlkə sən də utanaraq məhlədən Vida etmiyorsın o zülmətin övladına? Qorxmadasın bir xətər toxunar qanadına, Fəqət bu deyil bizə yaşayışı öyrədən. Qaya uçdumu, əlbət, toz qopacaq yerindən, Buludlar sıxılınca ildırımlar guruldar. Qoy onlar nə dər desin, sənin əməllərində Möhtəşəm dənizlərin çiçəkləri parıldar. Düşün, bil ki, o çadra, bayquş qanadlı çadra Şərqin qaranlıq, siyah mühitindən toxunmuş. Aləm dəyişmiş indi, o Şərq hara, sən hara? Mərsiyəsi o Şərqin çünki çoxdan oxunmuş. Təbiidir ki, ay qız, yaz ayları gəlincə Yarpaqlanıb pərdədə qalmaz örtülü qönçə. Rəvamıdır yurdunun açıq bir səhərində Dalğalansın bir bahar buludu gözlərində?! Həyatın səslərindən kəsb edərək iqtidar, Bu qaynar məmləkətdə qoş, oyna, sıçra, hayqır! Onsuz da həyat adlı, çəlik barmaqlı rüzgar Başınızdan çarşafı götürüb qaçacaqdır.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
·
142 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.