Əzizə Cəfərzadə - Bakı-1501
8/10
·353 syf.··
2024 12. kitabı
·
24 günde okudu
·
Okunma: 12 Mayıs 2024 15:01
Bu kitab Əzizə xanımın qələmindən oxuduğum üçüncü kitab oldu. Hər 3 kitabda tarixi şəxsiyyətlərin həyat yolunu roman şəklində təsvir edib Əzizə xanım və düşünürəm ki, tarixi prosesləri bu üslübda izah etmək daha yaddaqalan edir oxunulan məlumatları. Əzizə Cəfərzadənin romanlarında diqqət etdiyim bir məqam da hadisələri dərin detallara kimi izah etməsidir. Təsviri elə verib ki, hadisələri göz önündə canlandırmaq üçün əlavə bir cəhd göstərməyə ehtiyac qalmır, sanki. Bir də hansısa personajın həyatında baş vermiş bir hadisəni izah etmək üçün illərlə əvvələ qayıdıb, izah etdiyi zamanla əlaqələndirməni çox gözəl qurub Əzizə xanım. Başqa bir məsələ isə, personajları bir qədər çox tərifləməsidir. Bilmirəm, bəlkə də həqiqətən təriflənəsi hissələri seçib, amma mənə bir az şişirdilmiş kimi gəlir bəzi təriflər. Öz bucağımdan baxsam, təsvirin həddən çox olması və təriflərin şişirdilmişliyi yorurdu məni bəzən. Amma, bu, hamı üçün belə olmaya bilər, həmçinin, mənim əsəri oxumaqdan yayındıran amil olmadı. Bakı-1501 romanına gəlsək, Şah İsmayıl Xətainin həyatından bəhs olunur əsərdə. İsmayılın uşaqlığından qüdrətli hökmdar, şair olmasına, Çaldıran döyüşündəki məğlubiyyətinə kimi proseslər təsvir olunur romanda. Bununla yanaşı hadisələrə 3 personajın – İsmayıl, Aytəkin və İbrahimin – həyat başlarından keçən proseslər timsalında baxılır və bu üç personajın həyatlarının kəsişməsi istiqamətində irəliləyir. Əsərdə (həmçinin, İsmayılın həyatında) ən çox bəyəndiyim məqam doğma dilin əhəmiyyətinin vurğulanması oldu. Şah İsmayılın doğma dilini dövlət dili elan etməsi, diplomatik yazışmaları doğma dildə aparması, hətta dini ibadətin belə bütün insanların doğma dilində aparılmasının doğruluğunun vurğulanması təqdirəlayiqdir. Şah İsmayılın hakimiyyətində Azərbaycan tarixinin ən geniş torpaq sahəsinə sahib olub. Amma bunu nə uğrunda, hansı məqsədlə, neçə insanı qətlə yetirməklə edib? Din uğrunda edib, əlbəttə və insanları da ətrafına din ideologiyası ilə toplaya bilib, demək olar dünyadakı əksər müharibələrdə olduğu kimi. Amma İsmayılın uğrunda mübarizə apardığı təkcə din deyil, məzhəb idi. İslamı qəbul edib, şiəliyi qəbul etməyən hər kəsi öldürməsə, bəlkə də o qədər geniş ərazini tuta bilməyəcəkdi. Əsərdə sorğulanan bir məqam da budur. Şah İsmayıl qəddar hökmdar idi, şair idi, sərkərdə idi, ya şeyx idi? Yoxsa bütün bu xüsusiyyətləri özündə cəmləşdiridi? Necə ola bilirdi ki, elə şeirləri yazan bir insan məzhəb üçün neçə-neçə insanın öldürülməsinə razı olurdu? Bu sualların cavabları nə olsa da nisbi olacaq. Ona görə elə cavabsız qalsa yaxşıdır. Ümumi yekunlaşdırası olsam, əsəri bəyəndim, ümumi fikri, sorğulatdığı məqamlar oldu. Nəşriyyatla bağlı narazı qaldığım məqamlar oldu, onu da nəşriyyatın özünə yazmağı düşünürəm. Bəlkə, gələcək kitablarda nəzərə alarlar...
Bakı 1501Əzizə Cəfərzadə · Qanun Nəşriyyatı · 0102 okunma
·
82 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.