"Saz" Azərbaycan yazıçısı İsa Hüseynovun (Muğanna) İkinci Dünya Müharibəsi illərində arxa cəbhədə, Azərbaycan kəndlilərinin həyatındakı ağırlığı, çətinliyi təsvir etdiyi povestidir.
Povestdə Sovet orqanlarında çalışan Qılınc Qurbanla, xalqın nümayəndəsi, dünya görüşünün daşıyıcısı İsfəndiyar kişi qarşılaşdırılır. Bəli, bir tərəfdə iki oğlunu müharibəyə göndərən dürüst, saf, mehriban İsfəndiyar kişi, digər tərəfdə vəzifəsinə arxalanaraq insanların həyatına istədiyi kimi müdaxilə edə biləcəyini düşünən Qılınc Qurban.
Ömrünü başqalarının həyatına müdaxilə ilə keçirən insan necə yaşaya bilər ki? Qılınc Qurbanın əksinə, İsfəndiyar kişi öz həyatını yaşayaraq başqalarını da yaşatmağın gözəl nümunəsidir. O, böhtanlara inanmayaraq, el-obanın hər cür qınaq və tənələrini gözə alır. İsfəndiyar kişi böyüklük, saflıq, dürüstlük kimi insani duyğuları təcəssüm edir. Qılınc Qurbanın hədələrinə, böhtanlarına rəğmən İsfəndiyar kişinin arxasında durduğu, müdafiə etdiyi Hacı obrazını isə mənəvi təmizlik və məsumluq mücəssəməsi kimi qəbul edə bilərik.
Əslində, əsərdə müharibə mövzusundan çox insani keyfiyyətlər, əxlaq və mənəviyyat məsələləri ön plandadır.
Povestə adını verən saz əsər boyunca qabarıq verilməsə də, oxuduqca onun yanıqlı səsini eşidirik, bir də Bəhmənin ifasını:
“Gəl, ey Şeşpayi-bəhrim,
Qalmadı təbanım təhrim...”
Mənim fikrimcə, saz burada İsfəndiyar kişinin ümidlərinin timsalı idi. İnsan ümidləri öləndə, həyat idealları sındırılanda məhv olur. İsfəndiyar kişi də Bəhmənin sazı kökdən düşdüyü gün məhv oldu...