·856 syf.····Okunma: 05 Haziran 2024 17:12 Anna Karenina - İlk öncə onu deyim ki, Tolstoyun “mənim ilk həqiqi romanım” dediyi bu kitab,sadəcə bir məhəbbət romanı olmayaraq,psixoloji,ailə-məişət mövzusunda yazılmış,həmçinin sevgi kimi ən ülvi bir hissin,bir qadının obrazında canlandıraraq,onun həyatını,keçirdiyi hissləri,ən əsası övladı Seryojaya olan məhəbbəti ilə Vronskiyə olan sevgisi arasında qalmasını,övlad həsrətini,sondakı qərarsızlığını və uzun müddət düşündükdən sonra intihar etməsinin doğurduğu nəticələrdən bəhs edən bir kitabdır.Bundan başqa kitabda Levin,Kiti,Stepan Arkadiç,Vronski və s. kimi fərqli xüsusiyyətlərə sahib obrazlar da var ki,əsərə daha da məna qatan əsasən bu personajlardır deyə düşünürəm.
Oxuyacaq hər kəsə indidən xoş mütaliələr diləyirəm. Ümumiyyətlə isə bu kimi klassik kitablarda hər zaman bir personajı özümə bənzədirəm və romanda bir-iki xüsusiyyətini nəzərə almasam,burada “Levin” obrazını çox bəyəndim.Levinin əzmkarlığı,çalışqanlığı,xəstə qardaşı üçün etdikləri,sevdiyi qadın üçün əlindən gələn hər bir şeyin ən yaxşısını etməsi,onun üçün çalışan sadə kəndli və xidmətçilərə çox nəzakətli,dürüst və mərhəmətli olaraq davranması,onun sadəliyindən,qəlbinin təmizliyindən irəli gəlir ki,bunu da bir oxucu olaraq,xüsusilə qeyd etməliyəm. İndi isə romandan bir neçə qeydi sizlərlə bölüşüm.
“Birini sevdikdə sənin istədiyin kimi olub-olmadığından asılı olmayaraq,onu bütünlüklə sevirsən.”
“…adamlar həddindən artıq güzəştə getmələri,itaət göstərmələri üzündən can sıxıntısı hiss etdikdə çox tezliklə həddindən artıq daha tələbkar olur,hər şeyə irad tutur və bununla da dözülməz bir vəziyyət yaradırlar…”
“O hiss edirdi ki,bəzən yorğun gözlər qarşısında şeylər ikiləşdiyi kimi,onun ruhunda da hər bir şey ikiləşməkdədir.O,bəzən qorxduğunu və nə arzu etdiyini özü belə bilmirdi.Baş vermiş hadisədən qorxurdumu,yaxud bunu arzulayırdımı,yaxud gələcəkdə baş verəcək hadisədən qorxurdu və məhz o nəyi arzulayırdı,Anna bunu özü belə təyin edə bilmirdi…”
“Ailə həyatında bir qərara gəlmək üçün ya ər-arvad arasında qəti bir nifrət və ya məhəbbətlə əldə edilən razılıq olmalıdır.Ər-arvadın münasibəti qeyri-müəyyən olduqda,nə savaş,nə də məhəbbətlə əldə edilən razılıq olmadıqda heç bir şeyə qədəm qoymaq mümkün deyil.”
“Bir çox ailələr ərlə arvadın bir-birindən zəhlələri getdiyinə baxmayaraq,ona görə illərlə yaşayır ki,bu ailələrdə nə tam nifaq,nə də razılıq olur.”
“…ölüm haqqında düşündükdə həyatda çox az gözəl şey görürsən,lakin əvəzində daxilən daha artıq sakit olursan”
“Yalnız məhv olmaq istəməyən bir adamı xilas etmək mümkündür.Lakin əgər bir adamın təbiəti o qədər korlanmış,o qədər pozulmuşsa ki,məhv olmaq ona bir nicat kimi görünür,o zaman nə etmək olar?”
“Levin qulaq asır,danışır və bütün bu müddətdə Anna haqqında,onun daxili aləmi haqqında fikirləşərək onun hisslərini başa düşməyə çalışırdı.Qabaqlar Annanı ciddi surətdə qınayan Levin indi beynində doğan qəribə fikirlərə əsaslanaraq ona bəraət qazandırmaqla bərabər Vronskinin Annanı tamamilə anlamadığına təəssüf edirdi”
“Vronskinin qəlbində ona olan məhəbbəti təkrar oyandırmaq,onu cəzalandırmaq və Annanın qəlbində məskən salmış şər qüvvənin Vronski ilə apardığı mübarizədə qalib gəlməsi üçün ölüm yeganə bir vasitə kimi aydın və canlı surətdə Annanın təsəvvürünə hakim oldu.”
“Mənim məhəbbətim daha da coşmaqda və xudbin olmaqdadır,onun məhəbbəti isə getdikcə sönməkdədir; buna görə də biz ayrılırıq,-deyə Anna düşünürdü…”
“Əgər o məni sevməyib “xeyirxahlıq” üzündən mənə qarşı mərhəmətli olacaqsa,mənə nəvaziş göstərəcəksə və mənim istədiyim şey olmayacaqsa,bu,kindən min dəfə pisdir.Bu,cəhənnəmdir…”