·816 syf.··Beğendi
···Okunma: 09 Temmuz 2024 23:35 "İnsan öz ruhunu məhv etdikdən sonra bütün dünyaya sahib olsa belə bunun heç bir faydası yoxdur."
Kitab bitdi,amma mən yarım qaldım. Boğazımda udqunması çətin olan qırıntı qalmış kimi bir hiss var. Beynim,fikirlərim,hətta bütün bildiklərim,cümlələrim hamısı qarışıb. Ahh Klayd,mən sənə niyə bu qədər üzülürəm?! Halbuki,bu sonu sən özün gətirmədinmi? Öz ruhunun əsirinə sən çevrilmədinmi? Bəlkə də,sənə haqq verdiyimdəndi bütün üzüntüm. Axı nəyəsə və ya daha artığına nail olmaq üçün didindin,durdun. Bu qəbahətdirmi? Əlbəttə yox! Haqq verirəm,çünki oxuduqlarımla özüm də manipulyasiya olmuş kimiyəm,sadəcə düşünmək istəmirəm. Düşünsəm belə,sənə üzülməklə çox da doğru bir şey edib-etmədiyimi sorğulamaqla qalacam.
Və gələk,Teodor Drayzer qələminin möhtəşəmliyinə. Əslində bu əsərində də,digər oxuduğumu nəzərə aldığım əsərlərində olduğu kimi yenə hər hansı bir baş qəhrəmanın şöhrətə çatmaq üçün keçdiyi yol və bu yolda isə əlbəttə ki,məğlubiyyətini göstərməsinə baxmayaraq və eyniylə həmin obrazı heç də məsum təsvir etmədiyini də nəzərə alsaq,oxucu düşünüb də tutarlı səbəb tapa bilmədiyi halda yenə də obraza qarşı rəğbət hissi mütləqdir ki yaranır. Niyəsini Klaydda da tapa bilmədim. Ya da tapdım bəlkə də...
Kitabda məni dərindən sarsan yazıçının məhkum psixologiyasına verdiyi yer idi. Paskuale Kutronenin edamına edam səhnəsi deyib də keçməyən Drayzer,bir dəhşəti bundan artıq təsvir edə bilməzdi. Ağlatdı,bütün ruhumu paramparça etdi. Deyə biləcək heç nə tapa bilmirəm. Çarəsizlik...Bir ümid olmadığına baxmayaraq,ölümə qarşı son çırpınışlar:
"Bundan sonra o öz kamerasında iməkləyib sürünməyə, döşəməni öpməyə və çarmıxa çəkilmiş İsanı təsvir edən kiçik, tunc heykəlin ayaqlarını yalamağa başlamışdı."
Və sondu artıq. Heç nə fayda etməmişdi ona:
"Mərasim ötüb keçdi. Həmin qapı açılıb bağlandı. Demək, o indi oradadır. İndi yəqin, onu qayışlarla həmin stula bağlayırlar. Artıq, başına hava gəlmiş bir adamdan - son söz olaraq bir şey demək istəyib-istəmədiyini soruşurlar. İndi yəqin qayışları bərkidirlər. Başına dəbilqə qoyurlar. Bir an da, bir saniyə də və..."
Edama haqq vermək olardımı? Bəlkə də,bəzi nüansları nəzərə alsaq haqq vermək olar. Amma Kutronenin ölümü üçün bunu deyə bilməyəcəm.
Roberta və Sondra məsələsinə də toxunmadan keçmək olmaz. Sözdə Sondra üçün Robertanı öldürmüş olsa da,əslində Sondra onun üçün şöhrətə çatmağa vasitədən başqa bir şey deyildi. Sondraya hiss etdikləri bir vaxtlar Robertaya qarşı duymuş olduğu keçici arzudan başqa bir şey deyildi. Və hətta onların göndərmiş olduğu məktubların mənim üçün təsirli tərəfi olmadı. Ta ki,Sondradan gələn son məktuba kimi. Klayda bütün həyatının bitdiyi bəlkə də,bu ana kimi aydın görünməmişdi.
Yanlışlara sövq olunmuş boşa keçən bir ömür... Bəli,Klaydın ömrü tam da bu cür keçdi. Həyat dərsi qalınlığında bir kitab oldu desəm yeridir. Yarı qırğın,yarı məyusluq içində yazacaqlarımı burda bitirirəm. Sizlərə xoş oxumalar! (Hə,bunu da deyim,ilk 200 səhifəsinə gəlsəniz,bundan sonra kitabı yarıda qoyma ehtimalınız çox azdır)