Gönderi

8/10
·432 syf.··
Beğendi
·
2023 17. kitabı
·
7 günde okudu
·
Okunma: 07 Ağustos 2023 00:00
Azərbaycan nəsrinin tanınmış imzalarından biri olan Əzizə Cəfərzadənin zəngin və çoxşaxəli yaradıcılığı var. Yazıçının müxtəlif dövrlərdə qələmə aldığı "Aləmdə səsim var", "Vətənə qayıt", "Yad et məni", "Bakı-1501", "Zərrintac-Tahirə", "Gülüstandan öncə", "İşığa doğru", "Bir səsin faciəsi", "Xəzərin gözyaşları", "Eşq sultanı" və başqa əsərləri Azərbaycan tarixi romanları içərisində "Səyyah - Eldən-elə" əsəri xüsusi yer tutur. Görkəmli Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvaninin həyat yolundan bəhs edən bu əsərdə tarixi qaynaqlar əsasında Şərq həyatının canlı mənzərəsi yaradılmışdır. Əzizə Cəfərzadənin romanı tarixi mövzuda qələmə alınmışdır. Lakin, bu əsəri ənənəvi tarixi romanlardan fərqləndirən bir çox məqamlar vardır. Bu fərqlilik yalnız mövzu-problem çərçivəsi ilə məhdudlaşmır, həmçinin forma-sənətkarlıq məsələlərini əhatə edir. Şübhəsiz ki, bəhs olunan, romanın tarixi mövzuda qələmə alınması bir çox məqamlarda müəllifə janrın ənənəvi prinsiplərindən bəhrələnməyə təbii imkanlar yaratsa da, o daha çox orijinal yolla getməyə üstünlük vermiş, sələflərini təkrarlamamış, mövcud poetika qəliblərini seçilmiş olduğu mövzuya uyğun şəkildə yeni ştrix və çalarlarla xeyli dərəcədə zənginləşdirmişdir. Romanın baş qəhrəmanı tarixi şəxsiyyət olan görkəmli Azərbaycan səyyahı Zeynalabdin Şirvanidir. Bu məşhur səyyah haqqında bir çox elmi-nəzəri qaynaqlarda məlumat verilsə də, onun bədii obrazı yaradılmamışdır. Roman bu mənada adı çəkilən səyyahın bədii obrazının yaradıldığı ilk nəsr örnəyidir. Əsərin tarixi roman janrında yazılması müəllifə bir tərəfdən dövrün tarixi-etnoqrafik mənzərəsi yaratmağa, digər tərəfdən tarixi şəxsiyyət kimi Zeynalabdin Şirvaninin daxili mənəvi dünyasını aşkarlamağa imkan vermişdir. Romanın baş qəhrəmanı oxuculara ilk öncə yazıçının təhkiyə-təqdimatında tanıdılır. Müəllif onun bir şair, bir alim və bir səyyah olaraq xarakter cizgilərini aşağıdakı tərzdə canlandırır: "Bir vücudda, bir ürəkdə, bir beyində birləşmiş bu 3 şəxs alim, şair, səyahətçi bitib-tükənmək bilməyən yollarda, gah susuz qumlu səhralarda, gah yamyaşıl, sımsıx cəmgəlliklərdə, gah da qarlı dağ aşırımlarından keçməkdəydi. Hacı Zeynalabdin yollarda idi." (səh. 241) Bu cür yanaşma əsərin sonrakı səhifələrində qəhrəmanın taleyi fonunda təsvir olması hadisələrin aşkarlanmasına açar rolu oynayır, başqa deyimlə müəllif Zeynalabdin Şirvanini gələcəkdə onun müşayiət edəcək hadisə və əhvalatlardan öncə oxuculara təqdim edir. Romandan aydın şəkildə göründüyü kimi, müəllif Zeynalabdin Şirvaninin bədii obrazı yaratmaq üçün onu daxili-mənəvi dünyasını müxtəlif yönlərdən aşkarlamağa çalışmışdır. İlk növbədə qeyd olunmalıdır ki, qəhrəmanın xarakteri onun yazmış olduğu səyahətnamə fonunda canlandırılmışdır. Əzizə Cəfərzadənin bir yazıçı kimi Şirvaninin qələmə aldığı əsərləri öyrənməsi, onun gəzdiyi-gördüyü ölkələrlə bağlı düşüncələri ilə yaxından tanış olması obrazın real cizgilərlə təsvir edilməsinə imkan vermişdir. Başqa sözlə, Zeynalabdin Şirvaninin ilkin portret cizgiləri onun əsərlərindən alınmış bilgilər əsasında gerçəkləşmişdir. Bundan əlavə, müəllif bədii şəxsiyyət kimi seçdiyi qəhrəmanı onun doğulub boya-başa çatdığı Şamaxının tarixi keçmişi, etnoqrafiyası, adət-ənənələri kontekstində canlandırmaq mərami izləmişdir. Müəllif eyni zamanda baş qəhrəmanın xarakter bütövlüyünü təmin etmək üçün onu ailə bağları müstəvisində təqdim etmişdir. Qeyd etmək lazımdır ki, Zeynalabdin Şirvaninin bioqrafiyası ilə bağlı məlumatların azlığı onun tarixi xidmətlərini yetərincə dəyərləndirməyə imkan verməmişdir. Yazıçı bunu duymuş, yeri gəldikcə qənaətlərini ifadə etməyə çalışmışdır. "İndi o bu yolun astanasında dayanmışdı. Kaş onun kitablarından başqa xalqlar, ölkələr, qəbilələr, tayfalar haqqında öyrəndiklərimizin yüzdən biricə özü haqqında da öyrənə biləydik. Bu müdrik, bu təvazökar insan öz tərcümeyi-halını yazmayıb, haradasa əsərlərinin ora-burasına səpələnən xırdaca işarə və qeydlərdən öyrəndiklərimizdə də o qədər sual var ki!" (səh. 76) Əzizə xanımın qələmi bir müəllim qələmi idi! Gəldi, bir dərs keçdi və getdi. Ümid edirəm, kitabın mənə xeyri dəydiyi kimi təhlilim də istifadəli olar. #aimraabooks
Səyyah (Eldən-elə)Əzizə Cəfərzadə · MİMTA Yayımları · 202222 okunma
·
130 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.