Gönderi

293 syf.
·
Not rated
Dünyanın 30-a yaxın dilinə tərcümə edilmiş, 1992-ci ildə yazılmış (ilk versiyası 1977-ci ildə yazılıb, daha sonra 7 dəfə yenidən işlənib, 8-ci versiya "İsmayıl"olub) Daniel Kuinin "İsmayıl" romanı düşüncəni kökündən dəyişdirən kitablar siyahısına layiq romandır. Əsərin quruluşu elədir ki, telepat qorilla-müəllimlə hekayəçinin dialoqu başladıqda, bu Sokratsayağı dialoqun təsiri altına düşməyə bilmirsən. Sanki İsmayılla özün danışırsan düşüncəsi yaranır. Roman boyu hekayəçi ilə yer dəyişirsən. Kitabın missiyası yazıçının planetimizin vacib problemlərinin həll edilməsi üçün insanlara xəbərdarlıq edə bilməsinə ümid bəsləməsidir. Bunlar elə problemlərdir ki, öz-özünə həll olunması möcüzəsini gözləyə bilmərik. Romanı oxuduqca, diaoqlarda qabardılan sivilizasiya tarixindən tutmuş, qlobal problemlər daxil, indiyə qədər nə qədər sənədli film izləmişəmsə, hamısı bir-bir gözümün önündən keçdi. Bu tip mövzuda izlədiyim son sənədli film 2015-ci il, Fransa istehsalı olan "İnsan" (Human) filmi idi. Paralel olaraq yayda oxuduğum Yuval Noah Hararinin "Homo deus" kitabında işıqlandırılmış problemlərə də bənzətdim. Qayıdaq İsmayıla. Telepat müəllim iddia edir ki, onun təlim mövzusu "əsarət"dir. Həyatının çox hissəsini bu və ya digər formada əsarətdə keçirib və bu qərara gəlib ki, bəşəriyyət də əsarət altında yaşamaqda davam edir. Onlar spontan şəkildə məhkumluqdan qurtulmağa səmimi cəhd göstərirdilər, amma nəhayətdə uduzdular, çünki qəfəslərinin çıxışını tapa bilmədilər. İsmayılın şagirdinə insanları ikiyə ayırmağı təklifi ilə (Razılar və Narazılar) roman daha maraqlı istiqamət alır. Bundan sonra İsmayıl ilə hekayəçi arasında məsələlərə aydınlıq gətirən dialoq davam edir: - Deməli... Biz indi iki yeni çərçivə müəyyən elədik: Razılar xeyir və şər anlayışını dərk edənlər, Narazılarsa... - Narazılarsa tanrıların iradəsi altında yaşayanlardır. Bu yerdə İsmayıl həm də şagirdinin şüurunu genişləndirmək üçün fərdiləşdirilmiş konsepsiyası Mədəniyyət Ana fiqurundan istifadə edir: Mədəniyyət Ana - doğulandan həmişə eşitdiyin o səs hər şeyin necə baş verdiyinin səbəbini sənə izah edib. Bu, sənə lap yaxşı məlumdur, eləcə də, sənin mədəniyyətindən olan hər uşağa. İzahatı da tədricən almısan. Heç kim səni qarşısında əyləşdirib başa salmayıb: "Bax, hər şey bu cür yaranıb, hər şey on-on beş milyard il öncə başlayıb..." Bunu daha çox ətrafında artıq izahatı qəbul etmiş insanların verdiyi milyonlarla hissəcikdən tərtib olunan mozaikaya bənzətmək olar. Bunu masa arxasında valideynlərinin söhbətlərindən, televizordan izlədiyin cizgi filmlərindən, müqəddəs məktəblərdəki dərslərdən, dərsliklər, xəbər verilişləri, filmlər, romanlar, pyeslər, qəzetlərdən mənimsəmisən. Bununla telepat müəllim azadlığa çıxmaq üçün ilk növbədə "köləliyimizi" tanıyıb, qəbul etməyi şagirdinə izah etməyə çalışır. Bundan sonra davam edən diloqda sivilizasiya tarixinin yaranması, Adəm və Həvvanın mənşəyi, Habil və Qabilin əhvalatı məsələlərinə toxunulur. Hadisələr dini və elmi aspektdə müzakirə edilir, təkamül məsələsinə alışmadığımız yanaşma görülür. Bütövlükdə götürdükdə, roman mənə həm də dərslik təəssüratı bağışladı. Hər müzakirədə terminlərin açıqlanması, izahı, öyrədici xarakter daşıması ilə müsbət tərəfini sevdirir. İsmayılın şagirdinə öyrətdiyi dərslərin hamısını bir yazıda cəmləmək mümkün deyil. Qorillanın hekayəçiyə son məsləhəti bu olur ki, Mədəniyyət Ananın yaratdığı düşüncə həbsxanasından qurtulmaq üçün onun dərslərini insanlar arasında yaymaq lazımdır. Əgər bu dərslər yayılsa, insanlar tərəfindən mənsimsənilsə, dünya harmoniya içərisində inkişaf edər və məhv olmaqdan xilas olar: "Əgər insan yoxa çıxsa, qorilla üçün ümid varmı?" Əks tərəfdəsə belə yazılmışdı: "Əgər qorilla yoxa çıxsa, insan üçün ümid varmı?" Romanı bitirdikdən sonra beynimdə belə sual qaldı: Əgər insana dünyanın əşrəfi olmaq "status"u verilibsə, başına qoyulmuş tacın dəyərini nə zaman dərk edəcək?
İsmail
İsmailDaniel Quinn · Maya Kitap · 2016545 okunma
·
24 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.