Kitab oxuyarkən insan özünü itirə bilərmi? Wulf Dorn’un “Gecə Qurdlarındır” əsəri mənə bunun mümkün olduğunu göstərdi. Hekayənin ilk səhifələrindən mən artıq qəhrəmanların düşüncələrində gəzişməyə, onların hisslərini özümünkü kimi hiss etməyə başladım. Bu əsər sadəcə bir hekayə yox, insanın ən dərin qorxularını, ən gizli tərəddüdlərini və bir o qədər də sirli arzularını kəşf etmək üçün bir dəvətnamədir.
Hadisələr irəlilədikcə özümü hekayənin bir parçası kimi hiss edirdim. Sanki qəhrəmanlarla eyni otaqda oturur, onların qərarlarını izləyir, öz düşüncələrimlə hadisələri analiz edirdim. Beynimdə fərqli-fərqli versiyalar qururdum: “Bəlkə də belə olacaq?”, “Ya yox, tam tərsi baş verəcək?”. Hətta sonluqla bağlı konkret bir nəzəriyyəm də vardı. Amma Dorn’un yazı tərzi elə mürəkkəb və təhrikedici idi ki, mən həmin nəzəriyyələrdən vaz keçib özümü tamamilə onun yaratdığı dünyaya təslim etdim.
Kitabın son səhifələrində isə tamamilə başqa bir dünya açıldı. Dorn’un qələmi ilə formalaşan sonluq həm düşündürücü idi, həm də ürək toxunan. Və o dərin cümlə: “Yolda rahat yeriyə bilmək üçün keçmişdən qurtulmağı bacarmalıyıq. Bəlkə də, gələcəyin bizə gözəl sürprizləri var. Keçmişlə xudahafizləşməsək, həmin sürprizləri qəbul edə bilmərik.” Bu sözlər mənə nəinki kitabın, həm də həyatın mesajını çatdırdı.
“Gecə Qurdlarındır” mənim üçün yalnız maraqlı bir hekayə deyil, həm də özümə tutduğum bir güzgü idi. Dorn, keçmişin kölgələrində qalmamaq üçün irəliləməyin vacibliyini xatırladır. Bu əsər mənim üçün təkcə bir oxu təcrübəsi deyil, qaranlıqdan işığa uzanan psixoloji bir səyahət oldu. Wulf DornGecə Qurdlarındır
Gecə QurdlarındırWulf Dorn · Teas Press Nəşriyyatı · 20242,627 okunma