·560 syf.····Okunma: 27 Şubat 2025 12:33 Getenin bütün yaradıcılıq həyatı boyu tam 59 ilə yazdığı bu kitab , şübhəsiz ki, onun şah əsəridir. “ Faust” özü ilə eyni tərəziyə qoyula biləcək müəlliflərinə böyük şöhrət gətirən “ Şahnamə”, “ İskəndərnamə”, “ İlahi komediya” kimi sənət örnəklərinin də baza sütununu təşkil edən xalq dastan və rəvayətləri əsasında yazılıb.16-cı əsr ingilis dramaturqu Kristofer Marlo tərəfindən “ Doktor Faustun faciəli əhvalatı” adı ilə ədəbiyyata gətirilən bu dərin mövzu Getenin fəlsəfi, mistik- mifoloji toxunuşları ilə daha da məşhurlaşır. Adı çəkilən mənzum roman iki hissədən ibarətdir. Birinci hissədə Faust dünyanı dərk etməyə çalışmaq üçün səy göstərən, amma oxuyub-öyrəndikləri ilə qane olmayan bir gəncdir. Mefistofelin( şeytanın) ona xoşbəxtlik və həzz vəd etməsi ilə ruhunu şeytana satan Faust məsum və gözəl bir qızın- Qretxenin faciəsinə səbəb olur. Kitabın ilk hissəsinin oxunuşu asan və axıcı olmasına baxmayaraq, ikinci hissə mifoliji elementlərlə zəngin olduğundan dərk edilməsi bir qədər çətindir. Ütopik və antik mədəniyyətlərin təsvirləri ilə zəngin olan bu mərhələ Faustun xarakter cəhətdən inkişafında mühüm rol oynayır. Faust həyatın qarşısına çıxartdığı enişlı- çıxışlı yolları qət edərkən dünyanı dərk etməyə başlayır. Yer üzündə azadlığın və rahat yaşayışın, insanlığa xidmət etməyin , zəhmətlə ömür sürməyin dəyərini anlayır və ruhu xəbis varlıqdan- Mefistofeldən azad olub mələklərin qanadında pak səmaya qovuşur.
Kitabda insanların Tanrıya bənzər sayılması mənə sufilik ideyalarını xatırlatdı. Sufizmə görə daxilən saf olan şəxs Allaha bərabər tutulurdu. Məşuqa- Allaha qovuşmaq üçün yol ölümdən keçirdi. Eyni ilə Faustun ruhunun ölümündən sonra təmizlənməsi kimi.
Faustun ideal cəmiyyət yaratmaq istəyi Nizaminin İskəndərinin arzusu ilə yaxından səsləşirdi. Zaman- zaman müxtəlif dövrlərdə və mədəniyyətlərdə bu mücərrəd məsələnin ədəbiyyata gətirilməsi məni çox maraqlandırdı. Görəsən nə vaxtsa, belə bir cəmiyyət yaratmaq mümkün olacaqmı? Yoxsa bütün ideyalar kağız üzərində qalacaq?
Alman həyatının ensiklopediyası kimi qiymətləndirilən bu mənzum dram mütərrəqi ideyaları və qoyduğu problemləri ilə daim həmişəyaşardır. Xoş mütaliələr!