10/10
·320 syf.··
2025 127. kitabı
·
12 günde okudu
·
Okunma: 13 Mart 2025 07:20
Hər sətrini heyranlıqla oxuduğum bir kitab… Ana dilimizin gözəlliklərindən ustalıqla istifadə edən şairin 10 poeması bu cildə daxil edilmişdir. 1) “Şəbi - hicran” - “Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?” misralarının müəllifi Məhəmməd Füzuliyə həsr olunmuş bu epik- lirik poema onun öz müəlliminin qızını sevməsi, məhəbbətdə uduzub şairlikdə yüksəlməsi və Kərbəlada vəfatını təsvir edir. Nakam eşqin təsirindən Nizaminin ölməz “ Leyli və Məcnun” unu dönə- dönə oxuyan Füzuli hamının bu təsirli hekayəti anlaya bilməsi üçün onu yenidən Azərbaycan dilində yazır. 2) “ Gülüstan” - lirik poemadır. 1813- cü ildə Gülüstan kəndində bağlanan Rusiya- İran sazişinə əsasən iki yerə parçalanan vətənə həsr olunan bir ağıdır. Dayanıb Arazın bu tayında mən "Can qardaş" deyirəm, o da "can" deyir. Ey zaman, sorğuma cavab ver, nədən Səsim, yetən yerə əlim yetməyir... - deyə car çəkən Vahabzadə sərhədlərin önəmsiz olduğunu, ürəkləri birləşdirən körpünün hər şeyə rəğmən sarsılmaz olduğunu qeyd edir. Şəhriyarın yaralı misraları Vurğunun həsrət qoxan nəğmələri ilə birləşərək xalqın ruhunun dəmir çəpərlərlə bölünə bilməyəcəyini göstərir. 3) “ İstiqlal” - “ Gülüstan” poemasının davamı olaraq bir oxucunun istəyi üzərinə yazılan lirik poemadır. Bir vahid millətə, iki hakimin Dili doğmalaşdı...Bu lap ağ oldu. Doğma anamızın şəkərdən şirin Bizə öyrətdiyi dil yasaq oldu. - deyən ədibimiz öz yaradıcılığında çox mühüm bir yer tutan ana dili məsələsinə toxunur. Dövrdən ,zəmanədən etiraz motivlərinin yer aldığı əsərin sonunda B.Vahabzadə bir gün güneyli- quzeyli Azərbaycan xəritəsini görəcəyimizə dair ümidini ifadə edir. 4) “ Ağlar- güləyən” - Mirzə Ələkbər Sabirin həyatından bəhs edən poemadır. Dəmiri döydülər... Qışqırığından Qulaqlar tutuldu, gözlər qaraldı. Qızıl dedi: - Dəmir, söylə nədir bu? Məni də döydülər, axı, sənin tək. Səsimdən bir adam xəbər tutdumu? Dəmirsən, əzaba dözəsən, gərək. Dəmir söylədi ki: - O zərbələrdən, Ahü-nalə çəkib ağlamadım mən. Bədbəxt yaranmışam mən, a bəxtəvər, Səni dəmir döydü - özgəsi döydü. Ona ağladım ki, məni döyənlər Özgəsi deyildi, özümünküydü. Daim özümüzkülər tərəfindən incidilən Sabirin insanların zahiri təmizləmək üçün sabun bişirib satması, daxilini paklandırmaq üçün isə əlinə qələm tutması, “ Ümid” məktəbini açdırması, sonra isə “ arizi qəmlər əlindən” ürəyi şişən, ciyəri dağlanıb vəfat etməsi təsir bir dillə ifadə olunub. 5)” Təzadlar” - Beynəlmiləl problemlərin təsvirinin verildiyi poema. Şair burada Sovet Rusiyasının ideologiyasına xidmət edərək Amerika- Rusiya soyuq müharibə dövrünün acı bir reallığı olan Vyetnam müharibəsinin dəhşətlərini çatdıraraq( təbii ki Amerika günahlandırılaraq) əslində, bu bayraq altında azadlıq, hüriyyət ideyalarını öz doğma millətinə çatdırır: İnsan ürəyində kin də, nifrət də Əbədi köz bağlar, bir anlıq olmaz. Azadlıq olmayan bir məmləkətdə Adamlar yaşayar, insanlıq olmaz. 6) “ Qiymət”- Şairin tələbələrinə həsr etdiyi poemadır. İmtahan mühitinin təsvir edildiyi bu əsərdə şair yazır ki: İstərəm, hər cavan yandığım kimi, Alışsın! Məni də yandırsın yenə! Mənim yana-yana dediklərimi, Həmən yanğıyla da qaytarsın mənə. Hər müəllim kimi çəkdiyi əziyyətin bəhrəsini götürmək istəyir. Kimi bileti çəkdikdən sonra bütün suallara doğru- dürüst cavab verə bilsə də, kimi isə birinin tanışlığına güvənib susur. Şair isə etiraf edir ki, belə hallarda məcbur qalıb susan tələbəyə də 3 yazaraq savadsız müəllimlərin təməlini qoyur… 7) “ Muğam”- poema Üzeyir Hacıbəyovun əziz xatirəsinə həsr olunmuşdur. Muğamı bir nağıl, əfsanə adlandıran şair onun xalq ruhunu əls etdirdiyi qənaətindədir. “ Şur”, “ Çahargah”, “ Segah”, “ Rast” , “ Hümayun”, “ Şüştər” , “ Bayatı- Şiraz”kimi muğam növlərini ustalıqla təsvir edir: Dağlarda göynəyən Məcnundur Segah, Rast - onun atası... Nəsihət eylər. Məcnun səhralara gətirər pənah, Ata bu sevdanı məzəmmət eylər. 8)” Atılmışlar” - Amasına ünvanladığı bu poemada Bəxtiyar Vahabzadə qayğıya ehiyacı olan iki fərqli yaş qrupuna aid olan insanların- körpələrin və qocaların caavanlar tərəfindən tərk edilməsini kədərli hekayələrlə göstərir. Bir qadının yeni doğulmuş körpəsini vicdanı sızlaya- sızlaya bir qapının astanasına qoyub getməyə məcbur qalması dövrün acı həqiqətlərini gün üzünə çıxarır. Tələbə adını qazanıb şəhərə gəldikdən sonra bir gəncə sevdalanması , sonra isə aldanması və dünyaya nikahsız uşaq gətirməsi onu bu işi törətməyə vadar edir. Qocalar evində isə biz övladları ola- ola yalnızlığa tərk edilmiş insanların könülləri titrədən hekayələrini dinləyirik… Küçənin bu tayı - Körpələr evi, O tayı - qocalar sığınacağı. İnsan möhtac olur başqalarına Bir ömrün ilk çağı, bir də son çağı. 9)”İki qorxu” - Mərhum bəstəkar Qəmbər Hüseynliyə ithaf olunmuşdur. Qəmbər bir dəfə Mənə gileyləndi güzaranından, Ürəyim sıxıldı... Soruşdum ondan: - Bəs səni nə üstə həbs etmişdilər? Birdən barıt kimi açıldı Qəmbər: -Bilmirsən? Dünyanı lənətləmişdim. "Ellər atasına" düşmən demişdim. - misraları ilə poemanın əsas hissəsi başlayır. Qəmbərin Stalinə olan nifrətini etiraf etməsi və Vahabzadənin onu rahatlatmaq üçün fikirlərinə şərik çıxması ilə hər ikisini dəhşətli bir qorxu bürüyür. Ya içlərindən bir satqın edib bu təhlükəli düşüncələri yuxarılara çatdırarsa? Bu poema iki dostun simasında xalqın öz duyğularını azad şəkildə ifadə edə bilməməsinin acı bir örnəyidir. 10)” Şəhidlər”- Bu poemada 20 Yanvar dəhşətləri- tankların qabağına əliyalın çıxan cəsarətli xalqın qan donduran acı faciəsi əks olunub. İlham və Fərizə, Larisa, Sürəyya Lətif qızı,Baba müəllim, Aleksandr Marxevka, Hidayət, Ağabəy kimi real şəxsiyyətlərin qara taleləri ürək yanğısı ilə ifadə edilir. Dözdü hər zillətə, dözdü hər şeyə, "Dünyada mənim də haqqım var", - deyə. Kütləni xalq edən müqaviləyə Qanıyla qolunu çəkdi şəhidlər. İnsan insan olur öz hünəriylə, Millət millət olur xeyri, şəriylə. Torpağın bağrına cəsədləriylə, Azadlıq tumunu əkdi şəhidlər. Xoş mütaliələr!
Seçilmiş Əsərləri 2.CildBahtiyar Vahapzade · Öndər Nəşriyyatı · 2004130 okunma
·
37 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.