Ədəbi əsərləri təhlil edərkən "tarixilik prinsipini" gözardı etməmək lazımdır.
Əsər hansı dövrdə, hansı ictimai şəraitdə, hansı rejimin təsiri altında qələmə alınmışdır...bunlar təhlil zamanı nəzərdə tutulmalı məqamlardır.
Bununla belə, Bir Gəncin Manifesti - ni oxuyarkən daxilən əsəb, sarsıntı keçirməyə bilməzdim.
#y:153861 - ın əsərdə insafsızcasına Azərbaycan Xalq Cümhuriyyətini tənqid etməsi, zalım bəy-ağa hökuməti adlandırması, təhsilə, təsərrüfata önəm vermədiyini altından qırmızı xətt çəkərək vurğulaması və sonda Bahtiyar Vahapzade - nin, müəllifi "həyat həqiqətlərinə sadiqlik" təhlili ilə təqdir etməsi... Bütün bunları, əsərin Sovet hakimiyyəti dövründə-1941-1944 illərdə yazıldığını bilsəm də qəbul etmək istəmirəm.
Xüsusilə, yenə eyni dövrdə, Kurban Said tərəfindən qələmə alınan Əli və Nino əsəri göz qabağında ikən bunu necə qəbul etmək olar?
Müqayisə müstəvisinə gətirsək, bəli, bu iki əsəri müqayisə etmək düzgün olar.
Hər iki əsərdə hadisələr, əsasən, Gəncə şəhərində baş verməklə, birində AXC-ni qurmaq, birində AXC-ni yıxmaq uğrunda mübarizədən yazılıb. Əli və Ninonu oxuyarkən Əli və silahdaşları insana nə qədər doğma gəlirsə, Mərdana qarşı daxilən sevgisizlik duyursan. Həqiqətən beləmi olmuşdu? AXC Həqiqətən insafsız bəy-ağa hökuməti idimi? Xalqa zülmmü verirdi?
Xeyr, 2 illik hakimiyyəti dövründə AXC rəhbərliyinin Bakı dövlət universitetini açmağı, torpaq, əlifba islahatları keçirməyə cəhd etməsi, ordu quruculuğu, dil islahatı keçirməsi, qadına seçmə və seçilmə hüququ verməsi, həm də müsəlman şərqində ilk dəfə... Tarixi həqiqətlər bunlardır və əsərdə bu həqiqətlər təhrif olunmuşdur.
Bəs #y:153861 keçmişə nifrət, sosialist siyasət yürüdən Sovet hakimiyyəti dövründə bunlardan yaza bilərdimi? Sovet qızıl ordusunu əsərdə olduğunun əksinə, işğalçı bir ordu kimi əks etdirə bilərdimi? Xeyr, bunu da başa düşürəm. Bununla belə, əsərdə AXC-müsavat hakimiyyətinin insafsızcasına tənqid edildiyini deməyə bilmərəm. Yazıçı qələminin qadir olmdığı bir şey yoxdur. Mənə elə gəlir, bizim qürur mənbəyimiz AXC-ni belə təhrif etmədən, hadisələri başqa tarixi dövr ilə əlaqələndirərək yazmaq olardı. Ya da artıq belə bir əsər varsa, onu tənqid etməkdən də çəkinməməliyik.
Əlavə olaraq, əsərlə bağlı, Baharın faciəsi, Sonanın tam milli mövqedən çıxış edərək xalçasını, əslində vətənini ingilislərə satmamağı, "itə ataram yada satmaram" mətni, Mərdanın əsər boyu sezə bilməsək də, son səhifələrdə Bahara olan məhəbbətinin təsviri əsərin ən mükəmməl, yazıçı qələmindən xəbər verən epizodlarıdır.
" Bir Gəncin Manifesti " ədəbiyyatımızda özünəməxsus yer tutur. "Əsəri oxumayın" - demək düzgün olmaz, hərhalda. Əksinə, oxuyun və Sovet rejiminin avtoritarlığını, yazıçı qələmi üzərindəki basqısını, yazıçıları və əsərləri necə qəliblərə saldığını anlayın, demək istəyirəm.