·320 syf.····Okunma: 12 Nisan 2025 16:52 İllər əvvəl oxuduğum “ Səfillər” ə bir də bu yaşımda yenidən “baxmaq” istədim. 19-cu əsr Fransasının tarixi- siyasi dövrünü işıqlandıran bu roman dünya ədəbiyyatında obrazlarının rəngarəngliliyi və çox maraqlı bir şəkildə bir- birləri ilə dərindən əlaqəsi, təsvir olunan zamanın dəqiq mənzərəsini əks etdirməsi, süjetin dinamiki inkişafı baxımından sayılıb- seçilir. Hüqonun bütün insanlar üçün yazdığı “ Səfillər” bizləri insanlığın yavaş- yavaş öldüyü bir dünyada hələ də nəcib hissləri qəlbində, bütün varlığında daşıyan kəslərlə tanış edib hamını başqasının dərdinə şərik olmağa, ağrısını duymağa çağırır.
Əsərin əsas qəhrəmanlarından sayılan Jan Valjanın keçdiyi həyat yolunun biri digərindən tamam fərqlənən iki istiqamətdə cərəyan etməsi insanın hər zaman mənəvi xilasının mümkün olduğunu göstərir.
Roman çox böyük bir zaman kəsiyini əhatə etdiyindən tanış olduğum hər bir obrazın illər keçdikcə dəyişilməsi, böyüməsi, dünyaya fərqli baxışları onlarla aramda bağ qurmağıma, onlarla birgə üzülüb - sevinməyimə, seçimlərini, səbəblərini, doğru və yanlışlarını anlamağıma kömək oldu.
Dil- üslub xüsusiyyətlərinə gəldikdə isə qeyd etməliyəm ki, kitab sanki mənə yaxın bir adamın hekayə danışmasına bənzəyirdi. Hüqo əhvalatı başlayır, arada kəsib öz fikirlərini bildirir, surətlərin başlarına gələn hadisələri nəql edərkən həmin dövrün tarixi şərait və faktlarını sadalayır, bəzən də obrazların keçdikləri küçələrin, keçidlərin yaranma dövrünə qədər gedib çıxırdı. Hətta bütöv bir fəsli buna həsr etdiyi də olurdu. Bu zaman-zaman məni bir az yorsa da, ümumillikdə əsərə xüsusi bir rəng qatdığını düşünürəm.
Kitabı oxuyanlar məni daha yaxşı anlayar; az qala hər cümlənin altından xətt çəkmək gəlirdi içimdən. O qədər gözəl sitatlar var idi ki…
Ən sevdiyim obraz isə heç şübhəsiz Qavroş oldu. Kiçik ürəyində böyük mərhəmət daşıyan bu balaca qamen mənim nəzdimdə təkrarsız surətdir. Kozettanın isə uşaqlığını çox bəyənsəm də ,böyüklüyünə çox da isinə bilmədim…Nədənsə, ikinci dərəcəli obrazlardan sayılan Eponina məndə özünə qarşı daha çox rəğbət oyatdı. Jan Valjan isə… Onun barədə nə demək olar? O, hekayənin ən fədakar obrazı idi…
“Əgər “Səfıllər” olmasaydı, dünya ədəbiyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi.”
Kitabı oxuduqdan sonra 1998-ci ildə çəkilmiş filminə də baxa bilərsiniz.