Puan vermedi·240 syf.····Okunma: 30 Nisan 2025 11:53 Bu kitabda yalnız başqa bir ananın deyil, mənim də iç dünyamın əks-sədasını tapdım. Hər səhifəni tələsmədən, dərin-dərin düşünərək oxudum. Hər cümlə, içimdə basdırdığım duyğuları üzə çıxartdı, yaddaşımın dərinliklərində gizlənmiş xatirələrlə məni qarşı-qarşıya qoydu.
Mənim hekayəm oğlum dünyaya gəlməmişdən əvvəl başlamışdı.
Mən artıq o vaxt çox dəqiq bir qərar vermişdim:
Yaxşı ana olacağam.
Qırmadan, əzmədən, yox saymadan…
Sevgi ilə, hörmətlə, anlayışla…
Keçmişdə nə yaşamış olsam da, bunu övladıma daşımaq istəmirdim. Onun üçün təmiz, sağlam, sevgi dolu bir başlanğıc yaratmaq istəyirdim. Bu qərarla son 7 il ərzində çox sayda psixoloji kurslara qatıldım, fərqli sahələr üzrə təlimlər aldım – mindfulnesdən tutmuş klinik psixologiyaya, travma, valideynlik və fərdi inkişaf mövzularında öz üzərimdə çalışdım. Çünki bilirdim ki, uşaqları böyüdən yalnız əllərimiz deyil, daxili dünyamızdır.
Bir Annenin Terapi Yolculuğu isə bu prosesdə mənim üçün bir dönüş nöqtəsi oldu. Kitabdan bu cümlə qəlbimdə dərin iz buraxdı:
“Bir anne ancak kendisine yapılan annelik kadar annelik yapabiliyordu.”
Bu cümlə məni durdurdu və düşündürdü.
Bu dövrəni qırmağa çoxdan qərar vermişdim, amma hələ də içimdə daşıdığım yaralar var idi. Bu anlayış isə mənə həm yumşaqlıq, həm də özümə qarşı şəfqət hissi gətirdi.
Bir başqa cümlə isə məni çox kövrəltdi:
“Annesinin kucağına, sevgisine, bağrına doymayan kız büyüyünce dikenli olmuş, annesiyle hep çekişmişti.”
İçimdəki o tikanlı qız hələ də var idi – özünü qorumağa çalışan, anlaşılmaq istəyən o qız…
Amma indi onu yalnız ittiham etmirəm, anlayıram da. Bu anlayış isə həm öz anamla, həm də analığımla münasibətimə fərqli bir nöqtədən baxmağı öyrətdi.
Bu gün oğluma baxarkən bilirəm ki, o mənim üçün ən gözəl dəyişiklik fürsətidir. Onunla birlikdə mən də yenidən doğuldum.
Aldığım hər bir təlim, oxuduğum hər kitab, çəkdiyim hər əziyyət – sadəcə yaxşı ana olmaq üçün deyil, eyni zamanda özümə də analıq etmək üçün idi.
Artıq bilirəm ki:
Hər uşaq sevgi ilə, görülərək, hörmətlə böyüməyi haqq edir.
Və bu yol yalnız doğmaqla deyil, sevgi ilə, fərqindəliklə, şüurlu bir seçimlə başlayır…
Oxumaq isteyenlere tovsiye edirem, her ana oxumalidir, mence.