Gönderi

77 syf.
8/10 puan verdi
Psixoanaliz məsələlərini sevən oxucu kimi əvvəlcə, mənə daima maraqlı gələn bir məsələdən başlayım. Bu sualı dəfələrlə zehnimdən keçirmişəm, amma cavablamaq ağlıma gəlməyib. Niyə görə bir çox yazıçı özünün məşhur və çoxluq tərəfindən sevilən əsərindən sonra tez ölüb, ya da intihar edib? Məsələn, "Karamazovlar qardaşları"ndan sonra Dostoyevski az yaşayıb. "Şahmat" novellasından sonra Stefan Svayq intihar edib və s. Araşdırsaq, belə yazıçıların sayı çoxala da bilər. Düşünürəm ki, hardasa, Nitsşe: "Bütün yazılardan ancaq öz qanınla yazılmış olanı sevirəm. Yazını qanla yaz: qanın ruh olduğunu öyrənəcəksən", deyəndə elə bunu nəzərdə tutub. Təbii ki, subyektiv yanaşmamdır. Qısası, elə yaz ki, ölüm qədər qüvvətli olsun. Bəlkə "ölümsüzlük" qazanmaq istəyən yazıçı son enerjisini bu cür çıxarıb, özünü fəda edib. Yaxud acılardan qaçış, özünü son dəfə ifadə üçün bu ən gözəl yol olub? İki böyük yazıçını nümunə göstərməyim boşuna deyil. 1917-ci il Oktyabr inqiliabından sonra alman dilli ölkələrdə eskpresionizm dövrünün yayılması ilə F. Dostoyevskinin populyarlığı Avstriyada daha da artdı. Dostoyevskinin böyük pərəstişkarlarından və yaradıcılığını populyaşdıranlardan biri də yazıçı, şair Stefan Svayq idi. Təqdiqatçılara görə Dostoyevski yaradıcılığı ilə Svayq nəinki əsrlik rus mədəniyyətini, eyni zamanda dövrünü və özünü də dərk edirdi. Svayq M. Qorkiyə məktublarından birində yazırdı ki, ilk dəfə Dostoyevksi yaradıcılığı ilə universitet illəri zamanı tanış olub: "Rusiya yenidən gözlərim qarşısında - Tolstoy və Dostoyevski obrazlarında dayandı; bu gözlənilməz olan yenilik qəflətən məni mənəvi sərxoş edərək yaxaladı. Qarşımda görülməmiş insanlıq və elə dərin hisslər açıldı ki, əvvəllər məni uçurum kimi özünə çəksə də, nə olduğunu anlamamışdım". 1920-ci ildən başlayaraq Ziqmund Freydin məşhur psixoanalizindən təsirlənən Ş.Svayq məhz bu təsir altında ona dünya şöhrəti qazandıran novellalarını çap etdirməyə başlayır. Novellalarda uğur qazandığını görən yazıçı onu sevimli janrına çevirir və yazmağa davam edir. "Şahmat" novellasını 1938-1941-ci illərdə Braziliyada sürgündə olduğu zamanda qələmə alıb. Ancaq bu dövrə qədər Svayq çox geniş psixoloji təcrübə toplamış, bu təcrübədə ona əvvəlki dövr yaradıcılığında bioqrafiyalar, esselər yazması böyük kömək etmişdir. "Şahmat" novellasında yazıçı şahmat oyunundan yararlanaraq, müharibə dövründə fərdlərin tab gətirmə və var olmaq mübarizələrinə dair yaşanan dövrü çatdırmağa çalışıb. Novellada müharibə dövründə faşistlər tərəfindən tutulduqdan sonra təcrid olmağa məhkum olunmuş bir obrazla dünya şahmat çempionu olan obrazın şahmat mübarizəsi qələmə alınıb. Əsərin bəlkə də ən əhəmiyyətli xüsusiyyəti xəyali obrazlarla həyatdakı insanlar arasındakı paralelliyidir. Yazıçının kitablarının yandırılaraq vətənindən köçməsinə məcbur edilməsi, kitabda eynisini yaşayan Dr. B. dir. Bəzi araşdırmaçılara görə məhz bu obraz yazıçının öz prototipidir. Novelladakı xarakterlər haqqında kifayət qədər yazılar yazılıb, şərh edilib. Mən çox uzatmadan novellada ən çox bəyəndiyim və məhz bu məqamı vurğulamaq istədiyimi məsələni qeyd edəcəyəm. Dörd ay normal həyatından təcrid edilmiş Dk. B. öz-özünə söylədiklərini düşünməkdən ağlını itirmək üzrədir. Artıq hər şeydən ümidini kəsdiyi zaman 27 iyul günü yaşadığı bir hadisə həyatda tutunmasına səbəb olur. Sorğu otağına götürülərkən bu dəfə gözləmə otağında daha çox gözlədilir. Artıq öz yaşadığı otaqda əşyaları incələməyi o qədər yaxşı öyrənib ki, gözləmə otağındakı əşyaları və nəzərinə çarpan hər şeyi incələyir. Bayırda yağan yağış damlalarının paltodan süzülüb axmasını izləyərkən, paltonun cibindəki qabarıqlıq qəhrəmanın hədsiz sevincinə səbəb olur. Qabarıqlığın bir kitab olması düşüncəsi onu elə həyəcanlandırır ki, aylardır dadmadığı ən böyük xoşbəxtlik anını yaşayır. Əsərdə bu situasiya çox gözəl təsvir edilib: "Dizlərim əsməyə başladı: kitab! Dörd aydan çox idi ki, əlimə kitab almırdım. İçərisindəki yan-yana düzülmüş sözləri, sətirləri, vərəqləri görə bilmək, oradan tamam başqa, yeni, yad, yayındırıcı fikirləri oxumaq, izləmək, beyinə doldurmaq kimi adi bir təsəvvürdə nəsə həm coşdurucu, həm də keyi- dici bir şey vardı"(səh.45). Dk. B.nin hər təhlükəni gözə alaraq kitabı oğurlamaq cəhdi burda oxucuya hansı əsəri xatırladır? Beləliklə, bu kitab xarakterin artıq yavaşlayan zehni fəaliyyətinin xilaskarına çevrilir. Hər insanın ehtiyacı fərqlidir, kimisi kitaba ehtiyac duyur, kimisi də başqa nəsnələrə. Əsərlə bağlı 1960-cı il Almaniya istehsalı eyni adlı "Schachnovelle" filmini izlədim. ️Filmdə təbii ki, əsərdən fərqli olan səhnələr də vardı. Bir məqamı qeyd edim, izləmək istəyənlər üçün maraqlı olacaq. Filmin 38-ci dəqiqəsində Dk. B. faşistlərdən qaçmaq üçün tələsik əşyalarını toplamağa başlayanda qəfil hərəkətlə portretlər asılmış divara yaxınlaşır, portretlərdən birini divardan çıxarıb baxır, bu zaman kadrda sol tərəfdə Stefan Svayqın öz protreti də göstərilir. Diqqətimdən qaçmadı. ️‍️ Filmin linkini hər zamankı kimi yerləşdirirəm. youtube.com/watch?v=bh39vGL... Xoş mütaliələr və xoş seyrlər! ️P.S. "Şahmat" əsəri və əsasında çəkilmiş film mənə həm də V. Nabokovun "Lujinin müdafiəsi" əsərini xatırlatdı. Kitabı oxumamışam, filmini izləmişəm.
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020239,8bin okunma
·
91 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.