·680 syf.··Beğendi
···Okunma: 18 Mayıs 2025 00:29 Salamlar.
Keçmiş hesabımda ilk incələməm John Steinbeck'in Qəzəb salxımları (qəzəblər və insanlar yazacaqdım :)) əsəri olmuşdu. Bu hesabımda yenə John Steinbeck öz yerini tutacaq həm də ilk sırada. Çalışacam spoilerdən istifadə etməyim.
Həm bu qədər gec oxuyub bitirməyimin üzüntüsü, həm də uzun müddət obrazlarla bir arada olmağın verdiyi sevinc var üzərimdə. Baş rol kimdi deyə soruşa bilərsiz.. Adam? Charles? Li? Samuel? Keti? Aron? Kaleb? Hamısı.. ən əsası isə biz özümüz.. Bəli, bu əsərdə insanlıq, vicdan, yaxşılıq və pislik ön plandadır. Habil və Qabil əfsanəsindən bu günə insanlığın tarixi var burda. Biz Qabilin törəmələri olaraq pisliyi də ürəyimizdə gəzdiririk. Və onu lazım olan anda (özümüzə görə) istifadə edirik. Yəni, biz seçim edirik. Kitabın ilk səhifələrində elə bundan bəhs olunur. Yaxşı və ya pis ola bilərsən, lakin sən hər iki halda bunun cəzasını ödəyəcəksən. Timşel - Bu cümlə isə "sən bacararsan, hakim ola bilərsən" mənasını verir. Biz içimizdəki pisliklə mübarizə aparıb ona hakim ola bilərik. Bu isə, bir qayda və ya əmr deyil, seçimdir.
John Steinbeck'in bir çox kitabını oxumuşam. Bu kitab isə başqa bir zirvədir. Mənə görə, tək mənə görə yox, elə yazıçının özünə görə, bu bir şah əsərdir və yenə elə yazıçının dediyi kimi digər əsərlərin yazılması bu əsər üçün bir hazırlıqdır. "Siçanlar və adamlar" əsərini oxuyaraq düşdüm Steinbeck bataqlığına, hər dəfə oxuduqca daha da dərinə edirəm. Amma bu ən dib idi, buna əminəm.
Ən çox da bir şeyə əmin oldum ki sevgisizlik insanı pis olmağa vadar edir. Xüsusən də, valideyn sevgisindən uzaq insanları ələ alır pislik. Sevilən daha yaxşı, az sevilən isə daha qəddar olur. Nə üçün ? Sevgi qazanmaq üçün. Ona görə də gələcəkdə valideyn olacaq və ya indi valideyn olan hər kəsə ilk tövsiyəm "övladlarınıza bərabər sevgi ötürün" olar.
Kitabda qeyd etməli olduğum digər məqam da ailələr arası münasibət, ata ilə oğul, iki qardaş: Charles və Adam arasında dialoqlardır. Biz onların uşaqlıqlarından böyük olan vaxtlarınadək hər anı izləyirik kitabda. Adam yaxşılığın, Charles pisliyin rəmzi kimi göstərilir. Və bu münasibət onlardan sonrakı nəsilə də, Adamın əkizlərinə də "miras" qalıb.
Habil və Qabil əfsanəsindən yola çıxsaq, bu rəqabət hər generasiyada özünü göstərir, Charles bu əfsanədəki Qabili, Adam isə Habili təmsil edir. Digər nəsildən Adamın əkizləri də bu yükü daşıyırlar. Aron Habilin, Kaleb isə Qabilin nümayəndəsidir. Ad uyğunluğu isə (Qabil / Kaleb) gözümdən qaçmadı.
Kaleb Qabil kimi davransa da, onun içində Habildən də izlər var, onun vicdanı var. O özünü tanıyır. Həqiqi pislər isə heç vaxt özünü tanımır və həmişə özünə haqq qazandırmağa çalışır. Özünün pis olduğunun fərqindədir və bunun səbəbini anasında görür. Anası demişkən, Keti ədəbiyyat tarixində görə biləcəyiniz ən pis qadın obrazıdır deyə bilərəm. Ya da bəlkə bunu demək üçün tezdir, bilmirəm. Lakin bir şey mənə aydın deyil ki, Kalebin pis olmasını hardasa anlamaq olar, Charlesin də. Amma Ketini anlamadım. Ketini kitabdakı obrazlar belə anlamayıb. Qəliz obrazdır, bir o qədər maraqlı, bir o qədər pis..
Və bu obraza tamamilə zidd obraz, elə bilərsiz Habili təmsil etdiyi üçün Adamın adını çəkəcəyəm, yox Adam yaxşı, çox yaxşı obraz ola bilər. Amma həm də biraz axmaq idi (sərt çıxdı, amma Ketiyə münasibəti onu belə adlandırmağıma əsas verir. Onun gözləri sonradan açıldı, amma çox gec idi). Həm yaxşı, həm ağıllı iki obraz var idi. Samuel Hamilton və çinli nökər Li. Bu obrazlar mənim ağlımdan heç vaxt çıxmaz. Onların müdrik söhbətləri adamda elə istək yaradır ki, girsin əsərin içinə və onlardan məsləhət alsın. Söhbət etsin. Həyatı müzakirə etsin.
Keti obrazına qismən yaxın obraz isə Abra ola bilər, amma daha zərif formada. Tam açıqlamasını vermirəm spoiler olacaq. Steinbeck'in əsərlərində diqqət etdiyim digər şey pis qadın obrazı baş rol olsa da, orda mütləq mükəmməl dərəcədə yaxşı və güclü olan qadın obrazları da olur. Samuel Hamiltonun həyat yoldaşı Lizza Hamilton da onlardandır. O mənə qismən "Qəzəb salxımları" əsərində ana obrazını xatırlatdı. "Mirvari" əsərində də belə güclü qadına rast gəlmişdim. Yəni, Ketini pis göstərməsi qadınlara qarşı mühakiməli olduğu anlamına gəlməsin.
Bu qədər obraz adı çəkdim amma inanın oxuyanda bu qədər qarışıq gəlmir, çünki ailənizdən biri kimi görürsüz bir yerdən sonra. Ailə demişkən, elə Samuel Hamilton yazıçı John Steinbeck'in babası obrazında çıxış edir, onun anası Olivia Samuel Hamiltonun övladlarından biri idi. Bəli, o, öz ailəsini bədii obrazlarla qarışdıraraq möhtəşəm əsər ortaya çıxarıb. Səhv etmirəmsə, 11 il üzərində işləyib əsərin. Yenə məni ağlatmağı bacardı..
Kitabda o qədər maraqlı epizodlar var ki, hamısını bura yazsam, yenə nələrsə əskik qalar deyə düşünürəm. Tarixə maraqlı olanlara da bu kitab cəlbedici olacaq, çünki Amerika tarixinə yer verilib demək olar hər fəsildə. Bəlkə də bir "Qəzəb salxımları" və ya "Siçanlar və adamlar" qədər ad qazanmayıb, amma ədəbiyyat sevən hər kəs bu kitabın bütün hamısından üstün olduğunu mütləq ki bilir. Bilmirsə də, mütləq oxusun, çünki burda "biz" varıq. Qabilin günahkar övladları...