Benjamin Buttonun Tuhaf Hikayesi – Zamanın İçində Tərsinə Yalnızlıq
(F. Scott Fitzgerald, 1922)
Benjamin Buttonun hekayəsi ilk baxışda qəribə görünə bilər – bir insanın yaşlı doğulub uşaq kimi ölməsi. Amma əslində bu, zamana uyğunlaşa bilməyən bir insanın özlüyünə sadiq qalmaq uğrunda verdiyi səssiz bir mübarizədir. Fitzgerald bu qısa hekayə ilə bizə sual verir: Cəmiyyət nəyi qəbul edir və nəyi rədd edir? Və biz niyə bununla barışmalıyıq?
Benjaminin görünüşü ilə iç dünyası heç vaxt üst-üstə düşmür. Amma bu fərqlilik onun üçün yox, cəmiyyət üçün problemdir. Onu sevmirlər, çünki göründüyü kimi davranmır. Bəs nə fərqi var? Əgər bir insan özünü uşaq kimi hiss edirsə, niyə qoca kimi sakit olmalı, yük daşımalı, əylənməkdən imtina etməlidir? Benjaminin günahı nədir axı – təbiətin ona verdiyi fərqli zamansallıqmı?
Əsərin ən təkir edici hissəsi isə budur: Benjaminin həyatı yalnız o “orta yaş” mərhələsində “normal” sayılır. O zaman görünüşü və davranışı cəmiyyətin qəliblərinə uyğun gəlir. Və nə baş verir? İnsanlar onu sevməyə, dəyər verməyə başlayır. Deməli, bizə biz olduğumuz üçün yox, cəmiyyətin istədiyi şəkildə olduğumuz zaman dəyər verilir.
Əslində isə Benjaminin hekayəsi, cəmiyyətin fərqliliyi necə əzdiyinin, normadan kənara çıxanları necə tək buraxdığının simvoludur. Onun kimi olmaq – bir ömür boyu anlaşılmamaq, qəlibə salınmaq və sevilmək üçün dəyişməyə məcbur edilmək deməkdir.
Bu əsərdə çox aydın görünür ki, bir insanın daxili dünyasının istəyinə qarşı gəlinir. Çünki cəmiyyətə görə əsas olan görünüşdür. Halbuki ətrafımızda saysız “Benjamin”lər var – içində fərqli hiss edən, amma üzərinə geyindirilmiş sosial rollara uyğunlaşmaq məcburiyyətində qalan insanlar.
Mən onlara “görünməz Benjaminlər” deyirəm. Onlar hər yerdədir. Sadəcə görünmürlər… Çünki cəmiyyət onları görmək istəmir.
Sudabə Dursunəliyeva
04.06.2025
12:31