·292 syf.····Okunma: 07 Haziran 2025 09:30 Aleksey Tolstoyun oxuduğum ilk kitabı oldu. Elmi-fantastika janrının rus ədəbiyyatı üçün ilk nümunələrindən olması və başlanğıcın bu qədər yaxşı olması təəccübləndirdi məni.
Kitabda elmi-fantastika janrı üçün xarakterik olan xüsusiyyətlər özünü göstərir. Elm var, fantastika var, o dövr üçün fantastik olan bəzi məsələlərin indiki dövrdə reallaşması var. Düşünürəm ki, bir elmi-fantastika kitabı üçün ən vacibi sonda qeyd etdiyimdir və bu janrda olan kitabların dəyəri illər sonra ortaya çıxmalıdır. Yəni, yazıçının təxəyyülü ilə gələcəyi təxmin edə bilməsi qiymətli edir elmi-fantastik kitabları. Kitabda, həmçinin, əksər rus müəlliflər üçün xarakterik olan geniş izahlar da yer alır. Hadisələri bir film ssenarisi üçün hazır vəziyyətə gətirərək izah etmək bir çox rus yazıçıları üçün xarakterik xüsusiyyətdir.
Əsər haqqında qısaca bəhs edim. Kitabda bir ixtiraçının güclü lazer şüası buraxa bilən avadanlıq (hiperboloid) ixtira etməsindən və həmin ixtiraçının ondan necə öz faydası üçün istifadə etməsindən bəhs edilir. Bu hiperboloid adi lazer şüasını ikiqat gücləndirə bilmiş və çox effektli bir silah ixtira etmişdir. O, həqiqətən də ilk vaxtlar hiperboloiddən silah kimi istifadə edir və bir neçə qətl törədir bununla. İnsanın dərisinə toxunduğu anda ən kəskin bıçaqdan daha yaxşı kəsən və insanı 2 yerə ayıra bilən lazer düşünün. Amma Qarinin (ixtiraçı) əsas məqsədi insanları öldürəcək silah hazırlamaq deyil, dünyanın sahibi olmaqdır. Belə bir silaha sahib olan adamı və onun ixtirasını əlbəttə hər kəs istəyər. Ona görə də onu dəfələrlə öldürməyə və ixtirasını əldə etməyə cəhd edirlər. Amma Qarin hər dəfə sağ qalmağı bacarır və qətlləri də sağ qalmaq üçün törədir. Bəs Qarin günahsızdırmı? Xeyr.
Qarin hadisələrin gedişində amansız bir diktatora çevrilir və məqsədinə nail olmaq üçün hər şeyi və hər kəsi fəda etməyə hazırdır. Qarinin timsalında o dövrün və gələcəyin diktatorlarının tipik xüsusiyyətlərini görmək olar. Hətta illər sonra Hitlerin "ali insan irqi yaratmaq" ideyasını da oxuyuruq Qarinin fikirləri kimi. Bir qədər fərqli olsa da, çox oxşarlıqlar var. Yaxşı, bəs nə idi Qarinin məqsədi? Onun məqsədi Yerin dərin qatlarından külli miqdarda qızıl çıxarmaq və bunun sayəsində dünyanın hakiminə çevrilmək idi.
İndi isə kitabda bəhs edilən elmi və fantastik məsələlərə aydınlıq gətirməyə çalışım:
1. Qarin qızılı çıxarqmaq üçün yerin dərin qatlarına kimi qazma işi aparmalı idi. O, bunun üçün də hiperboloiddən istifadə edir, yəni, süxur qatlarını lazer şüası ilə yandırır və hava ilə yanmış süxurları yer səthinə qaldırır. Həmin dövrdə ənənəvi qazma üsulu ilə quyular qazılırdı. Bu üsulda qazma baltaları ilə süxurlar dağıdılır və qazma məhlulu ilə yer səthinə çıxarılırdı. Hətta bu üsul indi də aktiv şəkildə neft və qaz quyularının qazılmasında istifadə edilir. Bununla yanaşı, son illərdə "plazma balta" adında qazma aləti prototip kimi sınaqdan keçirilir. Bir neçə şirkət süxurları doğramaqla deyil, yandıraraq dərinliyə nüfuz etməyə çalışırlar. Bununla da daha çox dərinliyə daha asan çatmağı hədəfləyirlər. Yəni, Qarinin 20-ci əsrin əvvəllərində düşündüyü fikir 21-ci əsrin ilk 20 illiyində mümkün olmağa çalışır. Bax, budur elmi-fantastika.
2. Olivin qurşağı. Kitabda tez-tez bəhs edilən Olivin qurşağı barədə yazım. Olivin qurşağı yerin dərin qatarında (əsasən, mantiyaya yaxın ərazilərdə) əmələ gələn olivin tərkibli mineralları özündə saxlayan süxur kompleksidir. Belə zonalarda nikel, xrom, platin, bəzən də qızıl kimi faydalı qazıntılar əmələ gələ bilir. Yəni, kitabda bəhs edilən "Olivin qurşağına kimi qazma aparılaraq qızıl tapmaq" ideyası müəyyən mənada doğru ola bilər.
3. Qarinin neft kimi qızıl çıxarmaq fikri. Qarin həmçinin, həmin Olivin qurşağından qızılı ənənəvi üsulla yox, neft kimi çıxarmaq istəyir. Qısaca onu qeyd edim ki, qızıl təbiətdə səpinti halında tapılır və çıxarıldıqdan sonra müəyyən emal mərhələsindən keçir. Bundan sonra bizim gördüyümüz külçə, zinət əşyaları və s. formasını alır. Qarin isə qızılı səpinti halında deyil, maye kimi gələcəyini təxmin edir. Bəs bu, mümkündürmü? Çox az ehtimalla, bəli. Qızıl yalnız çox yüksək temperatur təzyiq şəraitində maye halına keçə bilir. Amma qızılın ərimə temperaturun 1000°C-dən çox olduğunu nəzərə alaraq, çox böyük dərinliklərdə belə bir zonaya çatmaq olar. Qarinin qazdığı 3000 metrlik quyularla yox. Yəni, kitabda bəhs edilən və Qarin üçün hakimiyyətinin əsas təməlini formalaşdıran qızılı maye halında çıxarmaq gözəl bədii təsviridir sadəcə.
4. Hiperboloidin işləmə prinsipi qoşa güzgüdən əks olunan işıq şüalarını birləşdirib vahid və çox güclü istilik şüası yaratmağa əsaslanır. Bu, sonralar ixtira olunan lazer şüalarını təxmin edən parlaq fikirlərdən biridir.
Fikirlərimi ümumiləşdirsəm, kitabı bəyəndim. Əsas odur ki, hekayə elmə söykənirdi. Bəzi hissələrdə real olmayan məqamlar olsa da, onların da kökü elmi cəhətdən izah oluna bilinirdi. Hadisələrin gedişatı da axıcı idi, oxucunu yormurdu. Elmi-fantastika janrına marağı olanların oxumalı olduğu kitablardandır, deyə düşünürəm.