·94 syf.··Beğendi
···Okunma: 07 Haziran 2025 18:37 Oscar Wilde-ın “Önəmsiz bir qadın” pyesi cəmiyyətin qadınlara və ümumilikdə insanlara necə yanaşdığını sorğulayan bir əsərdir. Burada “önəmsiz” adlandırılan qadın – Mrs. Arbuthnot – əslində ləyaqəti, gücü və səmimiyyəti ilə əsl mənəvi üstünlük nümayiş etdirir. Cəmiyyət isə onun keçmişini bağışlamır, tək qalmasını öz seçimi deyil, bir cəza kimi görür.
Əsərdə diqqətimi çəkən hissələrdən biri Mrs. Arbuthnot-un dediyi bir fikirdir: “Qadınlara qarşı ən zalım olanlar yenə də qadınlardır.” Bu ifadə sərt görünsə də, onun yaşadıqları fonunda düşündürücü bir gerçəklik daşıyır. Tərk edilmiş bir ana olaraq o, illərlə başqa qadınların qınağı və susqun hökmləri ilə qarşılaşıb. Bu isə qadın həmrəyliyi anlayışını, elə bu günümüz üçün də aktual olan bir məsələni sual altına alır.
Digər bir maraqlı və düşündürücü məqam isə oğlunun – Gerald-ın – atasının Lord Illingworth olduğunu öyrəndikdən sonra anasına onunla evlənməyi təklif etməsidir. İlk baxışda bu qəribə görünür. Amma bəlkə də Gerald anasının cəmiyyətin gözündə “təqsirsiz” görünməsini istəyirdi. Onun fikrincə, bu evlilik hər şeyi “düzəldə” bilərdi. Amma Mrs. Arbuthnot üçün bu artıq keçilmiş bir yol idi. Onun üçün hörmət, ləyaqət və daxili sədaqət rəsmi evlilikdən daha dəyərlidir. O, cəmiyyətin fikrinə deyil, öz vicdanına əsaslanaraq qərar verir. Bu da onu əsl mənada güclü bir obraz edir.
Wilde-ın əsərdəki ironik və sarkastik üslubu, kişilərlə qadınlara fərqli yanaşmaları tənqid etməsi də diqqətəlayiqdir. Məsələn, “kişilər evlənməkdən yorularaq, qadınlar maraqla evlənir, amma hər ikisi də məyus olur” kimi cümlələr cəmiyyətin evlilik anlayışını tənqid edən incə bir zarafatdır, amma eyni zamanda reallığı da göstərir.
Əsl qurtuluşun nə zaman mümkün olacağı ilə bağlı düşünəndə isə belə bir nəticəyə gəlirəm: İnsanlar bir-birini qadın və ya kişi kimi deyil, sadəcə “insan” olaraq dəyərləndirməyi öyrənməlidir. Səhvi edənə yanaşma cinsiyyətə görə deyil, o davranışın özü ilə bağlı olmalıdır. Çünki bəzən kişilər də susmağa, emosiyalarını gizlətməyə məcbur qalır – onlara zəif olmağın, kövrəlməyin yasaq olduğu öyrədilir. Amma həqiqət budur ki, hisslər və səhvlər yalnız qadınlara aid deyil. İnsan olmaq – səhv etmək, öyrənmək və dəyişmək haqqına sahib olmaq deməkdir. Bunu qəbul etdikdə, bəlkə də daha şəfqətli və anlayışlı bir cəmiyyət qurmaq mümkün olar.