Gönderi

259 syf.
·
Not rated
·
Read in 5 days
Keçən ildən indiyə qədər bir çox ədəbi dəyəri yüksək əsər oxusam da, "Karamazov qardaşları"ndan sonra təsiri altına düşdüyüm roman olmamışdı. Zövqlər müxtəlifdir, hətta "Yüzilin tənhalığı" belə o dərəcədə təsir yaşatmadı. Yenidən bu duyğuları İvan Turgenevin "Atalar və oğulları" romanı ilə yaşadım. Nədənsə rus ədəbiyyatının üzərimdə izaholunmaz bir təsiri var. Puşkindən başlamış irəliyə doğru davam edən Qoqol, Dostoyevski, Çexov, Tolstoy kimi ədiblərin yaradıcılığı qəribə bir cazibə qüvvəsinə malikdir. İvan Turgenevin "Atalar və oğulları" əsərindəki "ata və oğul" mövzusu əsrlərdir ədəbiyyatın aparıcı mövzusu kimi dünya xalqlarının problematik sahəsi kimi təqdim olunur. Ancaq biz artıq bilirik ki, daha çox Avropada mövcud olan və zamanla şiddətlənən, psixoanalitik Z. Freydin Edip kompleksinə bağladığı "ata-oğul" konfliktləri Şərq ölkələri üçün o qədər də xarakterik deyil. Bu səbəbdən (qrupda rast gəldiyim rəylərə görə) romanı "bəyənmirik", "qəbul etmirik", "Xoşumuz gəlmir", çünki bizə xas olmayan xüsusiyyətlər daşıdığı üçün əsəri anlamaqda çətinlik çəkirik. Bu məsələ ilə bağlı yazıçı, şair, kinodramaturq İlqar Fəhminin çox maraqlı araşdırmasını oxudum, hadisələri ən incə detallarına qədər araşdırıb, şərh edib. İlqar Fəhmiyə görə - nəsillər arası konflikt, "atalar-oğullar" savaşı, qəddar ata diktatı həqiqətdə bizə xas deyil, bizə kənardan - Avropadan sırınan bir haldır. Bizdə tarixən belə olmayıb - ağsaqqallar, böyüklər əksər hallarda övladların həyatına qəddarlıqla müdaxilə eləməyiblər, onların həyatını öz istədikləri kimi idarə etməyə çalışmayıblar. Buna görə də övladlar həmişə böyüyə hörmətlə yanaşıblar, ağsaqqalların, ailə başçılarının hörmətini saxlayıblar. Əgər hansısa məqamda fikirlər ziddiyyət təşkil edibsə də, bu ziddiyyətlər Avropadakı "ata-oğul konfliktləri" həddinə çatmayıb. Bir çox hallarda övladlar ata sözünə, böyük sözünə qulaq asıblar, hətta istəməsələr də, onların iradəsindən çıxmayıblar. (Ağsaqqallıq kultunun yaranmasının da səbəblərindən biri budur). Bəzi hallarda isə, övladın böyük təkidini görən böyüklər, ağsaqqallar özləri geri çəkiliblər, konfliktlərin ifrat həddə çatmasına yol verməyiblər. İlqar bəy hadisələrə geniş aspektdən baxdığı üçün məqaləni çox bəyəndim (Oxumaq istəyən olsa, rəylərdə linki paylaşaram). Turgenevin ən məşhur, ən diqqətə layiq romanı "Atalar və oğulları"dır. Əsəri bir il ərzində yazıb tamamlayıb. Roman ilk dəfə 1862-ci il "Ruskiy Vestnik"in fevral sayında dərc olunub. Romanın dərci ölkədə böyük tufan qopmasına səbəb oldu. Turgenevi müdafiə edənlər də, əleyhinə olanlar da böyük bir diqqətlə romanı oxudular. Romanla bağlı müzakirələr iki nöqtədə aktual idi: 1. Romanda yaradılmış və müasir tiplər kimi qələmə alınmış obrazlar o dövr üçün Rusiyada olan qabaqcıl demokratlara nə dərəcədə uyğun idi? 2. Turgenev yazdığı romanında kimə tərəf idi, "atalara", yoxsa "oğullara"? Lakin yazıçının əsərdə kimin tərəfinin tutması məsələsi bilinmir. Turgenev mövqeyini naməlum saxlayıb, o bir müşahidəçi kimi hadisələri sanki kənardan müşahidə edib və olub bitənləri oxucuya çatdırıb. Bazarov obrazı rus ədəbiyyatında özünəməxsus yer tutan obrazlardan biridir. Qatı nihilist tərəfdarı olan Bazarova bütün dəyərlər mənasız gəlirdi. Yenilikçidir, beynində yalnız gələcəkdə edəcəyi elmi kəşf var. Bütün əxlaqi dəyərləri alt-üst edir, poeziya və təbiətə nifrət edir. Lakin bütün bunlara baxmayaraq, gözlənilmədən kübar zadəgan qadın Odinstovaya eşq elan edir. Bu da oxucunu təəccüb içində buraxır. Yazıçı bununla nəyi çatdırmağa çalışıb, hər oxucu özlüyündə müxtəlif yanaşma ilə baxacaq məsələyə. "Odinstova onun xoşuna gəlirdi. Onun barəsində yayılmış dedi-qodular, onun fikirlərində azad və müstəqil olması, Bazarova şübhəsiz rəğbət bəsləməsi - bütün bunlar hamısı, sanki onun xeyrinə idi. Ancaq o tezliklə başa düşdü ki, ondan "nəsə əldə etmək" mümkün olmayacaq, ondan əl çəkməyi isə bacarmır və buna özü də təəccüb edirdi. Odinstova yadında düşən kimi onun qanı cuşa gəlirdi; öz qanının öhdəsindən asanlıqla gələ bilərdi, ancaq daxilində başqa elə bir qüvvə var idi ki, özü bunu heç cürə ehtimal edə bilməz, buna həmişə lağ edərdi; bu qüvvə də onun bütün qüruruna toxunurdu. O, bütün romantik duyğulara laqeyd nifrət bəslədiyini Anna Sergeyevna ilə söhbətlərində əvvəlkindən daha artıq söyləyirdi; tək qaldıqda isə özünün bir romantik olduğunu qəzəblə dərk edirdi. Belə hallarda o meşəyə gedib iri addımlarla gəzər, əlinə keçən budaqları qırıb tökər və yavaş səslə həm özü, həm də Odinstova haqqında deyinərdi" (səh. 250). Burda Turgenevin böyük ustalıqla təsvir etdiyi qəhrəmanının özünün də anlamadığı sıxıntısı haqqında oxuyuruq. Eyni zamanda zadəgan qadın da qayaya rast gəldiyinin fərqindədir və düşmüş olduğu situasiyada quş kimi çırpınır, ancaq bunu həyat təcrübəsinin verdiyi güc sayəsində ustalıqla gizlətməyə çalışır. "Odinstova da Bazarova heyran idi. Bazarov onun fikrini məşğul edir, onun barəsində çox-çox düşünürdü. Bazarov yanında olmadıqda o darıxmırdı, onu gözləmirdi, ancaq o gəldikdə həmən saat dirçəlirdi; o böyük həvəslə Bazarovla təkildə qalırdı, hətta Bazarov onu hirsləndirdikdə və ya onun zövqünə, zərif vərdişlərinə toxunduqda da onunla həvəslə söhbət edirdi. O sanki həm onu sınamaq, həm də özünü yoxlamaq istəyirdi" (səh. 251). Bununla yazıçı nəyi izah etməyə çalışıb, cavablamaq çətindir. Bazarov öz ideyasından uzaqlaşıb, lağ etdiyi sevgi hissinə təslim olub? Bəs Odinstovanın sınamaq, yoxlamaq istəyi nəyə bağlıdır? Gənc yazıçı, publisist Ayxan Ayvaza görə, Turgenev özü də qadın qarşısında acizdir (Avropada aşiq olduğu bir qadına görə anası ilə tez-tez mübahisələr etməsi) və bu acizlik onun bir çox əsərlərində (“Asya”, “İlk məhəbbət”, “Rudin” və s.) təsvir etdiyi qəhrəmanlarına da yansıyıb. Bəlkə də Ayxan bəy haqlıdır, çünki Turgenevin həyatı haqqında oxuyanda müğənni və bəstəkar Polina Viardoya aşiq olması faktına rast gəlmişik. Zamanın əskiltmədiyi "Atalar və oğulları" əsəri dünən olduğu kimi, bu gün də Turgenevin ən yetkin, ən məşhur əsəri olaraq qalır. Yazıçının təsvir və təhlillərdəki incəliyi, gözəlliyi, dilin təmizliyi, dialoqlardakı ustalıq romanın başlıca xüsusiyyətləri sırasındadır. Oxucu ədəbi dəyəri yüksək olan bu əsərin istər-istəməz təsiri altına düşməkdən xilas ola bilmir. ️Rejissor Adolf Berqunkerin ekranlaşdırdığı, Lenfilm kinostudiyasının 1958-ci il istehsalı "Atalar və oğulları" filimini izlədim. Çox maraqlıdır ki, filmdəki dialoqlar əsərlə təxmini eynidir, çox az fərq var. Hətta bunu özümə təsdiq etmək üçün əsərin orijinal variantını da yükləyib oxudum və əmin oldum. Bu səbəbdən məhz 1958-ci il versiyasını izləmək məsləhətdir. youtube.com/watch?v=L3xlQDc... Xoş mütaliələr! 2018-dən 17-ci kitab - @mumogluceylan
Babalar ve Oğullar
Babalar ve OğullarIvan Turgenyev · Türkiye İş Bankası Kültür Yayınları · 202144.7k okunma
··
73 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.