Gönderi

9/10
·360 syf.··
Beğendi
·
2025 2. kitabı
Oxumaqdan həqiqi mənada həzz aldığım və iz qoyan nadir kitablardan biri oldu “Möcüzə” (Wonder). Bəlkə də onu bu qədər dəyərli edən təkcə məzmunu deyildi — bu kitab mənə ad günümdə verilmişdi və düşünürəm ki, həyatımda aldığım ən gözəl hədiyyələrdən biri idi. Bir kitab hədiyyə edirsiniz və həmin kitab sizin düşüncələrinizi, insanlara baxışınızı, hətta içinizdəki uşağın səsini belə dəyişir. Elə bir hissdir ki, sözlə ifadəsi çətindir. Amma çalışacağam ki, bu yazımda həmin hissi sizə də bir az ötürə bilim. Kitabın baş qəhrəmanı Avqi – fərqli bir sima ilə doğulmuş, cəmiyyət tərəfindən daim kənara atılmış bir uşaq… Amma onun daxilindəki güc, duyğular və ən çox da sakit qışqırtısı insanı silkələyir. Avqi mənə göstərdi ki, biz insanlar fərqli olanlara çox tez “yad” kimi baxırıq. Bəlkə də bunu hiss etmirik. Amma bir anlıq belə onların yerində olmağı düşünək… Bizim sadəcə baxışlarımızla, soyuq münasibətimizlə, bəzən isə sükutumuzla belə həyatlarını necə çətinləşdirdiyimizi görmək mümkündür. Kitabın digər qəhrəmanı – Via... Avqinin bacısı. Onun hisslərini oxuyarkən sanki öz içimdəki bir səsi gördüm. Mənim də bacım sağalmaz bir xəstəlikdən əziyyət çəkir. Hər kəsin diqqəti onun üzərində olarkən, mən öz problemlərimlə tək qalanda, bəzən incidiyim olur. Özümü buna görə qınayıram. Amma... biz də insanıq. Sevilməyə, dinlənilməyə, sadəcə “görülməyə” ehtiyacımız var. Bu kitab mənim bu hissimi ifadə etməyə kömək oldu. Via-nın diliylə, mən də öz içimi danışa bildim. Avqi, üzümlü kekim... Sən bu dünyaya qalib gəlmək üçün gəlmişdin. Heç kimə bənzəmirdin, bəlkə də bu, ən böyük gücün idi. Biz insanlar, çox zaman fərqli olanların dəyərini görməkdə acizik. Amma bu kitab göstərdi ki, əslində fərqli olmaq bir zəiflik deyil, möcüzə olmaqdır. Bu kitab haqqında saatlarla danışa bilərəm. Amma onu oxumaq istəyənlər üçün çox da açıqlama vermək istəmirəm. Sadəcə deyə bilərəm ki, əgər bu gün bir kitab oxumaq istəsəniz, bu o kitab ola bilər. Özünüzə, insanlara və həyata baxışınızı dəyişə biləcək bir kitab… “Möcüzə” mənim üçün yalnız bir ədəbiyyat nümunəsi deyil. O, empati, insanlıq, ailə, sevgisizlik və sevgi ehtiyacı haqqında yazılmış bir dərslik kimidir. Bəlkə də oxuyandan sonra siz də həyatınızdakı “Avqi”ləri fərqli bir gözdən görəcəksiniz… Hər zaman sevgi ilə, kitablarla və iç səsinizlə qalın. Oxumaq möcüzədir
Alıntı
MöcüzəR. J. Palacio · 3 alma · 201415,5bin okunma
·
48 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.