·200 syf.····Okunma: 12 Temmuz 2025 10:16 Sevgi hardadırsa, tanrı ordadır
Hekayədə əvvəlcə həyat yoldaşını, sonra da oğlunu itirmiş ata təsvir olunur. Bu itkilər onu dindən uzaqlaşdırsa da, sonradan bir tanışının təkidi ilə İncili oxumağa başlayır və keçən hər gün tanrıya bir az da yaxınlaşdırır. Bu yaxınlıq hətta bir gecə yuxusunda tanrını görməsinə səbəb olur. Yuxusunda tanrı onu görməyə gələcəyini deyir və bundan sonra Martın gələn hər adamda tanrını axtarır. Hər ehtiyacı olan adama kömək etmək istəyir, onu isti yeməyə, çaya qonaq edir ki, birdən tanrı olsa, ona kömək etmiş olsun. Bu hissələr mənə qorxunun yaratdığı riyakarlıq kimi gəldi. Əksər insanların dinə olan inancını xatırlatdı mənə. Tanrıdan, cəhənnəmdən qorxduqları üçün yaxşılıq edən insanları təmsil edir Martın mənə görə.
Hekayənin ötürmək istədiyi mesaj isə, tanrı yaxşılıq etdiyin, sevgi göstərdiyin hər bir insandadır. Yəni, tanrı sənin əməllərində gizlidir. Odur ki, özlüyündə yaxşı insan ol ki, tanrı qatında da yaxşı olasan.
Yuxuda nə gördüm
Hekayənin adı ilə süjet xətti arasında əlaqəni qura bilmədim. Diqqətsiz oxuduğunu zənn edib, təkrar nəzər yetirdim, amma yenə əlaqə yaratmaq mümkün olmadı mənim üçün.
Ümumilikdə, hekayədə qızının ondan xəbərsiz hamilə qalmasına hirslənən və onu övladlıqdan çıxarmaq istəyən atadan bəhs edilir. Ata qızını çox istəsə də, bu səhvi ona bağışlamaq istəmir. Ta ki, qızını yenidən görənə kimi. Onda anlayır ki, qızına bu qədər əsəbiləşməkdə haqlı deyil. Qızına qarşı haqsız kin bəsləyib. Onun özündə də günah var. Bundan sonra isə ancaq qeyri-qanuni nəvəsinə nifrət bəsləyir.
Hekayədə müəllifin nə ötürmək istəyidiyi mənə aydın olmadı. Yəni, səhv etmiş övladınızı bağışlayın, amma onun səhvindən (bu, insan olsa bələ) nifrət edin???
Alyoşa Qorşok
Hekayələr içində ən maraqla oxuduğum oldu. Alyoşanın iş görəndəki ritmi hekayəyə də təsir etmişdi, sanki. Onun çalışqanlığını və saflığını bəyəndim daha çox. İnsanların onun bu xüsusiyyətlərindən sui-istifadəsi isə dünyanın ənənəvi ədalətsizliyinin tərənnümü kimi təqdim olunur hekayədə. Bununla müəllif müasir dövrdəki iş mühitlərində çox işləyənlərin başına gələnlərə güzgü tutur özü də bilmədən. Başqa bir qəşəng məqam isə Alyoşanın sevgi hissini anlaması səhnəsidir. Həmin səhnədən də saflıq yağırdı. Alyoşa və Ustuşyanın evliliyinə qarşı müdir və ailələrinin münasibəti isə insanın mənfəət göstəricisidir.
Korney Vasilyev
Bu hekayə müəyyən axınla gedən və mənim üçün çox da maraq kəsb etməyən süjet xəttinə malik idi. Əsərdəki xəyanət, peşmanlıq, şiddət - hamısı həmin dövrün rus ailələrindəki vəziyyəti izah etməyə yönəlib.
Bədbəxtlər
Yaxşılıq, qorxu, doğru bildiyini etmək və yanılmaq. Bu hekayə qeyd etdiyim hisslərin bir insanda yaratdığı təsirləri oxucuya çatdırır. İnsan yaxşılıq etmək istəyir, hətta bunu etməli olduğunu daxildən hiss edir və həmin instinkt onu buna vadar edir. Bu yaxşılıq həmçinin onun doğrusudur. Hərəkəti etdikdən sonra duyulan qorxu hissi isə onu düşünməyə vadar edir. Görəsən, bilsə, nə deyəcək? Amma unudulan bir məqam var ki, qorxduğu da insandır və onun da insani hissləri var.
Karma
Hekayə buddizm inancı olan karmanı müxtəlif insan həyatları üstündən izah edir. Ümumi süjet xətti olaraq mənə yorucu gəlsə də, ötürmək istənilən mesaj aydın idi: Nə edirsənsə, qarşına o çıxır.
Övlad sevgisi
İnsanların bəzən insan olduqlarını xatırlamaları lazımdır. Hekayə bizə bu fikri izah edir öz gözəl təsviri ilə.
Axı niyə?
Hər bir insanın həyatında "Niyə mən?" sualını verdiyi an olub, yəqin. Həyatın çətin getdiyi, uğursuzluqlarla üzləşdiyi, problemlərin yaxasından möhkəm yapışdığı zamanlarda insan dünyadakı ən pis hadisələrin onun başına gəldiyini düşünür. Bu hekayə də, elə bir isanın bütün çətinliklərə rəğmən dözməsini, amma bir nöqtədə "Axı niyə?" sualını verməsini təsvir edir. Sanki, insanın o həddə necə gəlməsinin portretini çəkib Tolstoy bu əsərlə.
Baha başa gəlir
Hekayələrin ən yumoristiki bu idi. Dövlətlərin idarə sistemlərinə yumoristik yanaşma yaxşı alınıb.