Bilmirəm, uşaqları tərbiyə edərkən və ya məktəbdə onlara nəsə öyrətməyə çalışarkən, nə qədərimiz onların yerinə özümüzü qoyuruq?
Bəlkə də çox azımız bir uşağın iç dünyasını, yaşadığı çətinliyi, susduğu yerlərdə nə demək istədiyini dərk etməyə çalışır. Bəzən düşünürəm: mənim kimi, bir uşağın hekayəsini beynində canlandırmağa çalışan, onu sanki bir obraz kimi hiss edən daha kimlər var?
Kitabı oxuyanda sanki uşaqların dünyasının sehrli olduğuna və orda onlarla nə vaxtsa eyni olduğumuza inanıram. Xəyalımda özümügöy üzündə parlayan ulduzlarla dolu o sehirli dünyada təsvir edirəm. Böyüdükcə bu sehri niyə inkar edirik, hələ də həll edə bilmirəm. Bu çəhrayı röyalarda yaşamaq deyil türklər demiş, bu özünü və uşağı anlamağa çalışmaq və onlara nümunə olduğumuzu, yetişdirmə məsuliyyətini yerinə yetirərkən uşaqlardan tələb olunanların yaşlarına uyğun olmalı olduğubu unutmamaq üçün olmalıdır məncə.
“Ağacdakı Balıq” kitabının anotasiya hissəsində qəribə hadisələrdən bəhs olunduğu yazılır. Amma qəribəlikdən çox, fərqlilik var. Bəlkə redaktorun və ya tərcüməçinin də fərqli yanaşmasıyla əlaqəlidir.
“Ağacdakı balıq” ifadəsi metaforadır və Eynşteynə aid edilən sitata əsaslanır və bu kitabın əsas simvolik mənasını daşıyır məncə.
Kitabdakı hekayə də, hər uşağın fərqli bacarıqları olduğunu, lakin bizi. çox vaxt bu fərqlilikləri nəzərə almadan onları eyni meyarlarla və ya öz mentalitetimizlə qiymətləndirməyimizi tənqid edir.
Əsərin əsas gücü də məhz buradadır: Uşaqların hər biri bir-birindən fərqli olan kiçik, lakin tam bir şəxsiyyət kimi təqdim olunur. Onlar nəinki stereotiplərə sığmır, hətta oxucuya insanı anlamanın, qəbul etməyin nə qədər vacib olduğunu xatırladır.
Əsərin baş qəhrəmanı Elay Nikerson disleksiyalı bir uşaqdır. O, yazı və oxu ilə bağlı çətinliklər yaşayır, lakin bu onun ağılsız, tənbəl və ya səviyyəsiz olduğu anlamına gəlmir. O sadəcə “ağaca dırmaşmaqda” çətinlik çəkən bir “balıqdır”.
Elay Nikersonun, Keyşanın və Albertin arasında qurulan dostluq münasibəti çox sevdiyim, həzz verən cəhət idi.
Kaş belə olaq, olmaqda davam edək.
Onların bir-birinə dəstəyi, hər birinin fərqli “gücsüz” görünən, amma əslində “gücə çevrilən” yanları var.
Mister Daniyels obrazı isə müəllimlərin necə dəyişdirici gücə sahib olduğunu göstərir. Onun Elayın dünyasına ehtiyatla və mərhəmətlə yaxınlaşması, sadəcə bir pedaqoji yanaşma deyil – bu, insan olmağın təcəssümüdür.
Bu kitab bir uşağın sadəcə oxumaqda çətinlik çəkdiyi üçün nə qədər yanlış anlaşılacağını və nə qədər sevilməyə ehtiyacı olduğunu dərindən hiss etdirir.