Kitabı təsadüfən oxumaq qərarına gəldim. Düzü, mən bir kitaba başlayanda başqa bir əsərə fokuslana bilən biri deyiləm. Amma bu kitab – bəli, Söyüdlü arx – bir məcburiyyət nəticəsində oxumalı olduğum bir əsər oldu. Və etiraf edim, çox sevdiyim kitablardan birinə çevrildi.
O qədər yerinə düşdü ki, sanki bir anlıq özümü oxudum bu kitabda. Hekayənin detalları, sevgisi, hadisələri fərqli olsa da, məzmunu – içindəki duyğular, mübarizələr, seçimlər – tamam tanış idi. Məncə bu kitabı başqa bir vaxt oxusaydım, bəlkə bu qədər təsirlənməzdim. Amma "Leyli və Məcnun"un ağırlığından çıxıb, "Söyüdlü arx"a keçmək ruhuma bir növ şəfa oldu.
Mən Nuriyyə və Muradın sevgisinə çox toxunmayacam bu yazıda. Onların hekayəsi də gözəldir, düşündürücüdür, bəzən acıdır. Amma mən "Söyüdlü arx"ın özü haqqında danışmaq istəyirəm.
Bilirsinizmi?
İnsan həyatı da məhz bu arx kimidir.Yuxarıdan baxanda – sadəcə bir su yoludur. Amma içində… içində ( yəni axarında) qərarlar yatır, qorxular yatır,təhlükəli səssizliklər yatır, bəzən yarımçıq qalan cümlələr, sevgilər, ya da heç deyilməmiş arzular və ən əsası – ümid yatır. Və bu axarın hara yön alacağına biz qərar veririk.
Əsərdəki söyüdlü arx isə sadəcə təsərrüfat məsələsi deyil. O, yenilik və köhnəliyin, dəyişikliklə sabitliyin qarşıdurmasını simvolizə edir. Onun üzərindəki mübahisə sadəcə arxın çəkilib-çəkilməməsi ilə bağlı deyil – bu, kimin dünyagörüşünün ( konservativ yoxsa yenilikçi) qalib gələcəyidir.
Kənd sədrinin arxın çəkilməməsi üçün apardığı mübarizə, irəli sürdüyü “məsuliyyətli” misallar, əslində onun stabil qalmaq çabası, həmin an üçün məncə özünü qoruma instinkti idi. O öz əziyyətini paylaşmaq istəmirdi, bunu ədalətıi hesab etmirdi …. Amma Nuriyyə demiş : “ Güclülər, xoşbəxtlər bu qədər amansız, bu qədər xudpəsənd olmamalıdırlar. “ Düzdü sədr xaraktercə çox yaxşı adam idi, amma bu məsələdə məncə bu cümlə ona da aid edilə bilər ))
Amma əsərin gözəl tərəfi budur ki, o da dəyişir. Sonda o da quzeylilərlə yaxınlaşır və bu yaxınlıq – dəyişikliyin, insanlığın və bəlkə də sevginin bir təzahürünə çevrilir.
Çox uzun yazmaq olar ona görə də,
Sözlərimi kitabdan çox sevdiyim bir cümlə ilə yekunlaşdırıram - : “ Biz ürəyimizin, vicdanımızın səsini eşidib, səbrlə yolumuza davam etməliyik. O zaman gec-tez həqiqət meydana çıxar. Yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər.”
Bura qədər oxuduğunuz üçün təşəkkürlər)