·256 syf.····Okunma: 23 Ağustos 2025 17:21 Druqonun yaşadığı bu yalnızlıq sadəcə fiziki tənhalıq deyildi; əksinə, insanın içindəki boşluqla, mənasız gözləmə ilə dolan bir yalnızlıq idi. O, qalaya qədəm basanda həyatının orada donub qalacağını düşünmürdü. Onun xəyalında bu qala bir neçə ay sonra arxada qoyulacaq bir dayanacaq idi. Lakin zaman keçdikcə Druqonun bütün arzuları, ümidləri və gələcəklə bağlı xəyalları bu qalanın daş divarlarının arasında əriyib yox olur.
Əsərin əsas ideyası da elə buradan başlayır: insanın həyatının mənasız bir gözləməyə çevrilməsi. Druqo, illərini bir gün gələcək şərəfli döyüşün, bir gün açılacaq yeni fürsətin ümidiylə keçirir. Amma o gün heç vaxt gəlmir. Ən sarsıdıcı tərəf isə odur ki, həyatın mənasını bir “gözləmə”yə bağlayan insan, həmin gözləmənin içində yaşlanır və nəhayət, həyatı əldən çıxır.
Qalanın soyuqluğu sadəcə fiziki mühit deyil, həm də Druqonun taleyini simvolizə edir. Divarların arxasında o, tədricən hər şeydən təcrid olur: cəmiyyətdən, dostlardan, hətta özündən belə. Druqonun içində daşıdığı yalnızlıq, həyatın əslində nə qədər tez əldən çıxa biləcəyini oxucuya göstərir.
“Tatar çölü” sadəcə bir roman deyil, həm də insan ömrünün hədər gedə biləcəyinə dair bir xəbərdarlıqdır. Buzzati oxucuya sanki pıçıldayır: əgər həyatını sadəcə gələcəyi gözləməklə sərf edirsənsə, onda gələcək heç vaxt gəlməyəcək.
Bu baxımdan Druqonun faciəsi çox insana tanış ola bilər. Çünki bəzən biz də həyatımızı “bir gün olacaq” deyə gözləməkdə keçiririk. Amma əsərin ən ağrılı həqiqəti də budur: gözlədiyimiz “o gün” bəzən heç vaxt gəlmir.
Hər zaman sevgi və kitablarla qalın…