Osa Lind “Ellika Tomsonun Kəşf Gündəliyi”
Kitabın başlanğıcında binanın təmizlikçisi uşağı yönləndirir ki, müəllimin ona verdiyi Kristofor Kolumb haqqında tapşırığı başqa bir prizmadan dəyərləndirsin və öz kəşfini yazsın. Mən bu məqamı çox bəyəndim. Çünki əsərdə həm psixoloji nüanslar var, həm də əyləncəli yanaşma mövcuddur. Uşağa — hətta böyüklərə belə — təsvir dünyasını göstərir, gündəlik həyatda fikir vermədiyimiz məqamları göz önünə gətirir.
Hekayə dostluğun, sosial mühitin, bağ qurmağın önəmini incə şəkildə təqdim edir. Bununla yanaşı, oxucuya özünü dəyərli görməyi, özünü qəbul etməyi və qarşıdakı insanı da kəşf etməyi öyrədir. Əsərdə iki əsas böyüyün, eləcə də digər böyüklərin uşağı dinləməsi xüsusi vurğulanır. Uşaqla müzakirə aparmaq, ona qulaq asmaq, hər sözünü dəyərləndirmək — müəllifin çox gözəl çatdırdığı bir görüntüdür. Çünki məhz bu dinlənmə sayəsində Ellika Tomson addım-addım inkişaf edir, ətrafını kəşf edir, gözəllikləri görür və bu yolla özünü də kəşf etmiş olur.
Ətrafındakı insanlara və əşyalara dəyər verməyi öyrəndikcə, özünün də dəyərli olduğunu anlayır. Dolayısı ilə özünə hörmət edilməsini tələb edir. Əslində, uşaqlar bəzən bizə inad edəndə, sərtlik göstərib “yox” deyəndə, əslində bunu tələb edirlər: “Hörmət edin, sərhədlərimizi qırmayın!” Sərhədlər pozulduqda uşaq öz güvənini itirə, böyüklərə etibar etməyə bilər. Bu isə onu başına buyruq görünməyə məcbur edə bilər. Kitab sanki bizə bunu çatdırmaq istəyir.
Oxuyarkən mən çox həyəcanlandım. Beynimdə, hisslərimdə rəngli tablolar canlanırdı. Təəssüf ki, o rəngli tablonu sözlərlə tam təsvir etmək çətindir. Amma kitab məni uşaqlara necə baxdığımı, bir zamanlar mənim də uşaq olduğumu xatırlatdı. Özümü qəhrəmanın yerinə qoyanda dünyanın necə rəngli göründüyünü sanki yenidən yaşadım.
Məncə, uşaq ədəbiyyatı oxuyan hər bir insan qəhrəmanlara, uşaqlara empatiya bəsləyərək, özünü onların yerində təsəvvür edərək daha dərin bir təcrübə qazana bilər. Əgər bir hekayənin tablosu oxucunun beynində canlanmırsa, deməli, biz onu yetərincə dəyərləndirmirik.
Müəllifin əvvəlki kitablarının mətn baxımından daha güclü olduğunu düşünürəm. Amma bu əsərdə mətn bir qədər sadə olsa da, çatdırılmaq istənən mesaj çox güclüdür: böyüklərin uşaqları dinləməsi, onların sözünü qiymətləndirməsi və dəyərləndirməsidir. Uşaq dəyərləndirildiyini hiss edəndə həm özünə, həm də ailəsinə, cəmiyyətə və insanlara daha çox fayda verir