Spoiler!
Puan vermedi·380 syf.··
2025 78. kitabı
·
26 günde okudu
·
Okunma: 25 Eylül 2025 19:41
Elxan Elatlının “Psixiatr Xanım” kitabı haqqında düşüncələrim Bu gün Elxan Elatlının Psixiatr Xanım kitabından danışmaq istəyirəm. Kitab ən çox satılanların siyahısında birinci yerdə olduğu üçün marağımı çəkmişdi. Ancaq oxuyandan sonra gördüm ki, əslində almasam da, oxumasam da olarmış deyəcəyim bir kitab imiş. Əsərdə diqqətimi çəkən əsas məqam qadının yenə ikinci plana atılması oldu. Məsələn, baş qəhrəman Rüfət gündə bir qadınla gəzdiyi halda özünə “namuslu arvad” axtarırdı. Burada açıq-aşkar ikiüzlülük görünür: kişiyə hər şeyin icazəli olması, qadına isə sərt qadağaların qoyulması. Digər tərəfdən, kitabda qadınların bədən təsvirlərinə həddindən artıq yer verilib. Bu, sanki qadını bir insan yox, yalnız bir obyekt kimi göstərməyə xidmət edir və belə təsvirlərin əsərdə çoxluğu heç də düzgün deyil. Məni xüsusilə qəzəbləndirən hissə isə Rüfətin bir qızın riyaziyyat kimi çətin bir fənni sevməsini qəribə qarşılaması oldu. Bu, nə deməkdir? Qızlar zəka baxımından kişilərdən zəifdir ki, riyaziyyatı sevməsinlər? Belə yanaşma həm köhnəlmiş, həm də təhqiramizdir. Əslində, bu cür fikirlər qadınlara qarşı cəmiyyətimizdə mövcud olan stereotiplərin bir təzahürüdür. Kitabın sonluğunda isə Nuray xanımın Duyğunun bacısı çıxması oxucuya təəccüb kimi təqdim olunub. Ancaq məni daha çox çaşdıran başqa bir məqam vardı: Duyğunun həyatında təsvir olunan bacı obrazı ilə Nuray xanımın təsviri heç üst-üstə düşmürdü. Bu uyğunsuzluq süjetin inandırıcılığını zəiflədir. Ümumiyyətlə, kitabın bəzi məqamları maraqlı olsa da, qadın obrazlarına yanaşma, stereotiplərin təkrarlanması və bəzi süjet boşluqları əsəri zəiflədir. Məncə, yazıçı oxucuya daha balanslı, daha real və hörmətli qadın təsvirləri təqdim etsəydi, əsər daha güclü və təsirli ola bilərdi. Amma əsas məsələ təkcə bu kitab deyil. Belə əsərlərin ən çox satılanlar siyahısında birinci yeri tutması da düşündürücüdür. Çünki oxucu kütləsi hansı mövzulara maraq göstərirsə, müəlliflər də həmin istiqamətdə daha çox yazmağa meylli olurlar. Yəni bu cür stereotiplərlə dolu kitabların populyarlaşması, əslində, cəmiyyətdə həmin yanlış təsəvvürlərin möhkəmlənməsinə səbəb olur. Qadınların yalnız bədənləri ilə dəyərləndirilməsi, onların zəkasının kiçildilməsi və ikinci plana atılması normal bir şeymiş kimi təqdim olunur. Bu isə çox təhlükəli tendensiyadır. Məhz buna görə düşünürəm ki, belə əsərlər nə qədər çox oxunursa, o qədər də yanlış düşüncələrin yayılmasına xidmət edir. Biz oxucu olaraq həm müəllifdən, həm də ədəbiyyatdan daha yüksək standartlar gözləməliyik. Əks halda, oxuduqlarımız bizi düşüncədə irəli aparmaq əvəzinə, geriyə – köhnə stereotiplərə qaytarır. Yəqin ki, bu Elxan Elatlıdan oxuduğum son kitab olacaq.
Psixiatr XanımElhan Elatlı · Teas Press · 2025112 okunma
·
101 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.