Kitab tövsiyəm: “Rin -Tin-Tey Əminin mirası” – Inqvar Ambyörnsen
Baş qəhrəmanlar — Samson və Roberto — olduqca maraqlı və fərqli xarakterlərdir.Samson (it) hürsədə ürkək , saf, sadiqliyi bir az da qorxaqlığı simvolizə edir, Roberto(pişik) isə cəsurluğu, iti ağlı simvolizə edir.
Samsona əmisindən bir miras qalır, lakin bu miras onlara çox da rahatlıq gətirmir. Əksinə, burada onları həm gülməli, həm də düşündürücü macəralar gözləyir.
Kitab alleqorik bir üslubda yazılıb: yəni heyvanların xarakteri və münasibətləri vasitəsilə insan davranışları təsvir olunur. Bu səbəbdən həm uşaqlar, həm də böyüklər üçün maraqlı və düşündürücü oxu təcrübəsidir.
Rəsm və illüstrasiyalar da hekayənin ruhuna çox uyğun çəkilib — sanki oxuyarkən kitabın içində gəzirsən.
Müəllif Skandinavi ədəbiyyatına xas bir sadəlik və dərinlik gətirir. Bildiyim qədər Skandinaviya ölkələrində yeni çıxan kitabların çoxu dövlət tərəfindən alınır və bu da onların ədəbiyyatını inkişaf etdirərək dünyada tanıdıb. Bu kitab da həmin uğurlu ədəbiyyatın gözəl nümunələrindən biridir. Yeri gəlmişkən "Qədim Qala", "Nebula" nəşriyyatlarına skandinav uşaq ədəbiyyatını bizə sevdirdiyinə görə təşəkkür də edirəm.
Müasir olmasına baxmayaraq bu kitab mənə Jül Vernin, Mark Tvenin , Robert Luis Stevensonun kitablarındakı 17-18 əsrin dövrünü xatırladırdı.
Valideynlər üçün tövsiyə:
Bu kitabı uşaqlarınızla birlikdə oxuyub , xeyli güləcəksiz. Ancaq hekayədəki vəziyyətləri də müzakirə etməyi unutmazsınız. Bu sualları verə bilərsiz müzakirədə:
“Sən bu vəziyyətdə olsaydın, nə edərdin?”
“Bu heyvanın davranışı sənə kimi xatırladır?”
“Səncə, əsl dostluq nədir?”
Oxuduqdan sonra uşaqlardan kitab haqqında təsəvvürlərini danışmağı və hətta öz təsvirlərini çəkməyi istəyə bilərsiniz. Bu, həm düşünmə bacarığını, həm də yaradıcılığı gücləndirəcək.
Bir-iki ifadə uşaqlar üçün bir az uyğun olmaya bilər, amma böyüklə birgə oxunduqda, müzakirə şəklində, bu kitab uşaqların dünya görüşünü və empatiyasını genişləndirə bilər.
Bu kitab həm dərin, həm də yumor dolu bir alleqoriyadır. Uşaqlarla birlikdə oxumaq üçün mükəmməl seçimdir — çünki həm əyləndirir, həm də düşündürür. Skandinaviya ədəbiyyatının o sakit, amma kəskin müşahidə gücü burada da hiss olunur. Uşaqlar üçün “sadəcə macəra” kimi görünür, amma hər sətrin altında insana dair dərin bir mesaj yatır.