Kitabda II Dünya Müharibəsindən sonra yaralarımı sarmağa başlayan Yaponiya təsvir olunur. Ancaq yaraya nə qədər məlhəm qoyub sarısanda izi yenə qalacaq.
Bu izi daşıyanlardan biri də rəssam Masuci Onodur. Dövrünün məşhur rəssamı Ono müharibədən sonra bütün diqqət və qayğısını ailəsinə və evinə yönəldib. İçindəki rəssamlıq alovunu nəvəsi ilə birgə çəkdiyi rəsmlər və oynadığı rəngarəng oyunlarla doydurur. Müharibənin qasırğasından zədələnmiş, hətta məhv olmuş evini, bağını təmir etməyə başlayır. İki qızının həyatı ilə yaxından maraqlanır, hətta yeznəsi ilə də. Ancaq çatışmayan nəsə var. Biz əsərdə Ono ilə nəvəsinin, hətta qızlarının timsalında dəyişən Yaponiyanı görürük. Ono isə köhnə Yaponiyanın, yaponların, bir sözlə keçmişin həsrətini çəkir.
Əsər ümumilikdə çox sakit irəliləyirdi,amma sıxıcı gəlmədi çünki yazar bu sakitliyi elə incəliklə işləmişdi ki,elə müharibədən sonra lazım olan da bu idi. Rəssamın evi,ailəsi, küçə,kafe hamı sakit şəkildə yaşamağa,sadəcə yaşamağa çalışırdı. Qəhrəmanlarda baş verən fəaliyyətlər isə yalnız daxili təlatümlər idi və mövcud vəziyyətə görə bunlar hərəkətlərdə özünü biruzə vermirdi. Bu da həqiqətən o qorxu və dinclik dönəmini insana hiss etdirir.