Kitab tövsiyyəsi
Ken Robinson – Siz, Uşağınız və Məktəb kitabı haqqında
Ken Robinson britaniyalı yazıçı, təhsil eksperti və tanınmış natiqdir. O, Louis Aronika ilə birlikdə yazdığı “Siz, Uşağınız və Məktəb” kitabında uşaqların təhsil sistemindəki rolundan, yaradıcılığın inkişafından və gələcək üçün necə daha balanslı və dəyərlərə əsaslanan bir təhsil mühiti qurmaqdan bəhs edir. Robinsonun fikrincə, uşaqların yaradıcılığı sönməməli, əksinə, məktəb və ailə mühiti tərəfindən dəstəklənməlidir.
Kitabda uşaqların təhsilində valideyn, məktəb və müəllim münasibətlərinin rolu xüsusi vurğulanır. Müəllif qeyd edir ki, məktəblərdə yaradılan şərait – həm fiziki mühit, həm də təlim-tədris yanaşması – uşağın potensialının üzə çıxmasında mühüm rol oynayır. O, fasilələrin, oyunların və yaradıcı fəaliyyətlərin uşaqların inkişafındakı əhəmiyyətini önə çəkir və düzgün məktəb seçiminin vacibliyinə diqqət çəkir.
Kitabda həmçinin Ken Robinson uşaqların hərəkətliliyinin və mərhələli inkişafının əhəmiyyətini vurğulayır. O qeyd edir ki, uşaqlar yalnız masa arxasında oturmaqla deyil, bədənlərini, duyğularını və təxəyyüllərini birləşdirərəköyrənirlər. Buna görə də məktəblərdə fasilələr, oyunlar, idman və yaradıcı fəaliyyətlər sadəcə “boş vaxt” deyil, əksinə, öyrənmə prosesinin vacib hissəsidir. Robinsonun fikrincə, uşağın inkişafı mərhələli şəkildə gedir və hər mərhələdə valideynlər və müəllimlər onun ehtiyaclarını düzgün başa düşməli, təzyiqsiz şəkildə dəstək verməlidirlər.
Robinson, həmçinin, peşə təhsilinə dair cəmiyyətimizdə mövcud olan stereotipləri tənqid edir. Azərbaycanda tez-tez “peşə məktəbi” aşağı səviyyəli seçim kimi dəyərləndirilir. Lakin müəllif bildirir ki, peşə təhsili universitet təhsilindən az əhəmiyyətli deyil. Peşə məktəblərini bitirən gənclər ixtisaslaşmış mütəxəssislər kimi cəmiyyətə böyük töhfə verə bilərlər. Buna görə, valideynlər uşaqlarının qabiliyyətlərinə uyğun istiqamət seçmələrinə imkan yaratmalıdırlar.
Kitabda uşaqların emosional inkişafı və dözümlülüyü də ön plandadır. Robinson qeyd edir ki, valideynlər uşaqlarına uğursuzluqlara düzgün yanaşmağı, öz hissələrini dəyərləndirməyi və özlərinə inamla yanaşmağı öyrətməlidirlər. Bu, uşağın həm təhsil, həm də həyat uğuru üçün vacib mərhələdir.
Əsərdə maraqlı ideyalardan biri də uşaqlara məktəbdən sonra “bir illik fasilə” – yəni “gap year” vermək konsepsiyasıdır. Bu müddət ərzində uşaqlar müxtəlif sahələrlə tanış olur, iş təcrübəsi qazanır və gələcək ixtisas seçimlərini daha şüurlu şəkildə edə bilirlər. Müəllif hesab edir ki, belə bir təcrübə gənclərə öz potensiallarını və maraqlarını daha yaxşı dərk etməkdə kömək edir.
Nəticə etibarilə, “Siz, Uşağınız və Məktəb” kitabı valideynlər, müəllimlər və təhsil sisteminə maraq göstərən hər kəs üçün çox faydalı bir qaynaqdır. Bu kitab insanı həm özünü, həm uşağını, həm də təhsil sistemini dərinliklə analiz etməyə sövq edir. Robinsonun əsas mesajı budur: cəmiyyətin gələcəyi hər bir fərdin təhsilə yanaşmasından başlayır. Əgər biz valideynlər olaraq təhsili düzgün qiymətləndirib, müzakirə etməyi və dəyişdirməyi bacarmırıqsa, cəmiyyətin inkişafı da ləngiyəcək.
Bu səbəbdən müəllif valideynləri “daşın altına əllərini qoymağa” – yəni məsuliyyət daşımağa, düşünməyə və uşaqların gələcəyi üçün daha şüurlu qərarlar verməyə çağırır.