·208 syf.··Beğendi
···Okunma: 26 Kasım 2025 12:32 Bəzən böyük faciələri anlamağın yeganə yolu onun qarşısında tam aciz və günahsız bir gözlə durmaqdır. John Boyne’da Holokostu tarix kitablarının soyuq dili ilə deyil, məsum bir uşağın təmiz gözü ilə göstərir və oxucunun vicdanını sarsıdır. “Zolaqlı Pijamalı Oğlan” mənə bir daha göstərdi ki, tarix təkcə rəqəmlərdən, faktlardan, uzun-uzadı izahlardan ibarət deyil. Bəzən bir uşaq səsi, bir uşaq baxışı, hətta bir uşaq sadəlövhlüyü tarixdə minlərlə kitabın edə bilmədiyi qədər təsir göstərir. Bruno və Şmuelin hekayəsini oxuyarkən tarixin ən qaranlıq dövrlərindən birini sanki yenidən yaşadım amma bu dəfə böyüklərin qəddar baxışları ilə yox, iki balaca uşağın təmiz ürəyindən keçən səmimiyyətlə.
Bu kitabın ən ağrılı tərəfi odur ki, hər şey Brunonun heç nəyi anlamayan gözlərindən keçir. O, düşərgəni normal bir yer kimi görür, məhbus paltarını sadəcə “zolaqlı pijama” adlandırır, tikanlı məftili adi bir hasar kimi qəbul edir. Lakin oxucu olaraq mən hər cümlədə gerçəyin nə qədər dəhşətli olduğunu bilirəm. Bruno nə qədər anlamırsa, mən o qədər dərk edirəm. Bu ziddiyyət kitabı yalnız ədəbiyyat nümunəsi deyil, həm də vicdan sınağına çevirir.
Holokostun vəhşiliyi Brunonun baxışında gizlənmir əksinə, daha aydın görünür.
Çünki bir uşağın anlamadığı şeyləri böyüklər törədib. Bir uşağın sualları böyüklərin yaratdığı cavabsız faciələrə dəyəndə ağrı daha da artır. Bruno heç kimin düşməni deyil. O sadəcə dost axtarır. Bruno və Şmuelin dostluğu isə insanın ən böyük həqiqətini göstərir: insanlar düşmən doğulmur, onlar düşmən olmağa məcbur edilir.
Kitabın sonluğu isə oxucunu tamamilə darmadağın edir. Bruno kamptakı uşaqlardan birinə qarışanda anladım ki, faciələr təkcə günahsızlara deyil, bəzən günahsızların sevdiklərinə də zərbə vurur. Faşizm təkcə qurbanları öldürmür, eyni zamanda zalımların öz ailələrini də parçalayıb məhv edir. Atanın gecikmiş peşmanlığı bunun ən acı sübutudur.
Bu əsəri oxuyanda başa düşürəm ki, bəzən tarixdə elə səhvlər olur ki, onların tarix kitablarında quru cümlələrlə yazılması kifayət etmir. Onları anlamağın ən təsirli yolu bir uşağın çarəsiz və günahsız gözlərindən baxmaqdır. Bruno oxucuya Holokostu ədəbiyyatın dili ilə yox, vicdanın dili ilə göstərdi
“Bu hekayə, nifrətin yaratdığı divarların iki günahsız uşağın dostluğu qarşısında nə qədər mənasız olduğunu, amma yenə də ən böyük bədəlini məhz o uşaqların ödədiyini göstərir.”