·272 syf.··Beğendi
···Okunma: 03 Şubat 2024 00:00 Stivens mükəmməl eşikağasıdır, lap mister Marşal ilə mister Leyn kimi. Göstərdiyi xidmətdə əsla tərəddüd hissinə qapılmayan, özünü fırlanan böyük bir çarxın bir parçası kimi görməkdən şərəf duyan bu adam sadəcə həqiqi peşəkarların sahib ola biləcəyi "qeyrət" anlayışının şərtlərini ödəmək üçün həyatındakı hər şeydən və başda özü olmaqla, hər kəsdən üz döndərməyə hazırdır.
Bəhsi keçən "qeyrət" olduqca mürəkkəb qavramdır, ancaq onu Stivensin dilindən tək bir ifadə ilə anlatmalı olsaq, əsas prinsipi "heç kimin yanında soyunmamaq"dır. İdeal eşikağası heç vaxt başqalarının yanında öz aləmində olmamalıdır, sadəcə özü ilə tək qaldıqda belə bir sərbəstliyə haqqı çata bilər.
Buna görə də əsər boyunca Stivens bir an olsun bizi gözardı etmir və əynindəki "mükəmməl eşikağası" paltarını heç bir şəkildə çıxarmır. Həyatının dönüş nöqtələrini anlatdığı anlarda belə, hisslərini qarşımıza çılpaq şəkildə sərməkdən çəkinir, əvəzində son ana kimi öz prinsiplərinə bərk-bərk bürünür.
Əvvəllərdə baş obrazın təfərrüat bolluğu ilə gerçək düşüncələrini - özünü gizləməsi qıcıqlandırıcı ikən (ən azından mənə elə gəlmişdi) əsəri oxuduqca biz bu kiçik detalların böyük bir mənzərəyə hazırlıq olduğunu anlamağa başlayırıq.
Stivens bizə bir səyahətdən bəhs edir - başqa şəhərə işgüzar məqsəd daşıyan bir səyahət. Lakin hekayə irəlilədikcə bunun daha çox Stivensin daxili aləminə, yaşadıqları və yaşaya bilmədiklərinə səyahət olduğunun fərqinə varır və onun israrla özünü bizə qarşı müdafiə edərək təsəlli tapma cəhdini kədərli bir təbəssümlə izləyirik.
Stivensin öz eşikağası həyatında qalibiyyət adlandırdığı bir neçə məqam var. O, ölüm ayağında atasının yanında olmaq əvəzinə işini seçir, həyatına rəng qata biləcək yeganə insanın gedişinə mane olmaq əvəzinə işini seçir, ağasının səhvinin fərqinə vardığı halda onu xəbərdar etmək əvəzinə işini seçir, Stivens hər zaman, hər situasiyada işini seçir.
Geriyə dönüb baxanda əslində bu seçimlərin onu addım-addım ən böyük məğlubiyyətə - keçib getmiş anların peşmanlığına gətirib çıxardığını sadəcə biz yox, Stivens də anlayır. Ancaq bunu qəbul etmək çətin, həm də təhlükəlidir.
Çünki heç nəyin geri qaytarıla bilməyəcəyi bir nöqtədə uğrunda hər şeydən imtina etdiyiniz amalın əslində o qədər də önəmli olmadığı qərarına gəlmək başqa bir adla mənəvi intihardır.
Əsərdə bir çox vurucu səhnə var, lakin sonlara yaxın Stivensin hər şeyini lord Darlinqtona verdiyi üçün başqa heç kimə verəcək heç nəyi qalmadığını dilə gətirdiyi an mənim üçün xüsusidir.
Dünyasına bu qədər bələd olmağımıza rəğmən bu cümlə ilə qoca eşikağası bir anlıq bizi çaşdırır. Hadisələrin sonrakı gedişatına dair ümidlənir, yaşadığı fərqindəliklə Stivensin günün qalanını özünə ayıracağına inanırıq.
Amma tam da burada bütün əsər boyunca var olmadığını düşündüyümüz Kazuo üslubu ortaya çıxır və bizi öyrəşdiyimiz qəlibdən - baş obrazın xarakter inkişafı ilə nəticələnən sonluqdan məhrum (və xilas) edir.
Stivens öz işinə necə sadiqdirsə, Kazuo da yaratdığı obraza eyni şəkildə sadiqdir və oxucunun təskinlik tapması naminə bundan vaz keçmək niyyətində deyil.
"Günün Qalanı" İşiquro yaradıcılığından oxuduğum ilk əsər oldu. Müsbət bir duyğu ilə başlasam da, bir az oxuduqdan sonra gözləntimi qarşılamayacağı hissinə qapıldım.
Maraqlısı budur ki, ikisində də yanılmadım.
Əsər, həqiqətən də, gözləntimi qarşılamadı. Kazuo mənə istədiyimi vermədi, mənim zövqümə uymağı rədd etdi. Əvəzində isə mənə baxış bucağımı dəyişməyi, axtardıqlarımdan vaz keçib tapdıqlarıma fokuslanmağı öyrətdi.
Yalnız o zaman əlimdəki bu kitabın illər keçsə də, xatırlayacağım, içindəki bir neçə cümlə ilə ürəyimdə özünə yer edəcək əsərlərdən biri olduğunu anladım.
Adətən, belə anlarda - nisbətən qərəzli yanaşdığım yazıçıdan oxuduğum kitabı gözləmədiyim bir şəkildə bəyənəndə sehri qaçmasın deyə başqa kitablarını oxumaqdan çəkinirəm. Amma İşiquroda belə olmayacaq, yaradıcılığında oxunmağı gözləyən daha bir neçə "dayanacağ"ım var.
Səni və qələmini tanımaq gözəl idi, Kazuo. Növbəti kitablarda və bambaşqa obrazlarda görüşənədək!