·420 syf.··Beğendi
···Okunma: 18 Aralık 2025 18:27 Martin Eden insanın özünü yoxdan var etmə mübarizəsi, fərdiyyətçilik və bu yolun gətirdiyi daxili boşluq haqqında bir romandır. Cek London bu əsərdə göstərir ki, insan bütün həyatını tək bir ideala bağladıqda, bu ideal onu həm yüksəldə, həm də tükədə bilər. Kitab boyu biz Martinin cəmiyyətin içində özünə yer tapmaq cəhdini görürük. Elə bunu ifadə edən ən yadda qalan cümlələrdən biri də budur:
“Özünə yer tap!” (s. 350).
Mənim üçün bu sözlər Martinin bütün həyatının xülasəsi kimidir.
Ah Martin..
Bu kitab mənim üçün bir tapıntı oldu. Əgər uzun-uzadı təsvirləri, insanın iç dünyasını oxumağı sevirsinizsə, mənim kimi bu kitabı da sevəcəksiniz.
Kitabı oxuduqca Martini tanıdıq biri kimi təsəvvür edirdim. Bizdən biri imiş kimi. Ona özümü o qədər yaxın hiss edirdim ki. Bu kitabı oxuyanda ağlamadım, amma içimdə çox böyük bir təəssüf hissi keçirdim.
Kitab boyunca Martin qədər mən də onun məşhur olmasını böyük həvəslə gözləyirdim. Həmin hissəyə çatanda gözlərimin dolduğunu xatırlayıram. Amma bu məşhurluq onun üçün gözlənilən kimi xoşbəxtlik yox, əksinə bədbəxtlik gətirdi. Bu məşhurluq onu sərxoş etdi, depressiyaya saldı. Bunun nəticəsi kimi artıq vecsiz, yaşama həvəsi qalmayan birinə çevrildi. Hər şeydən tez əl çəkdi.
Bir şey anladım ki, hər şeyin ifrat dərəcədə çoxu doğrudan da ziyan verici imiş. Martində də belə oldu. O qədər böyük həvəslə oxuyur, öyrənir, yazıb yaradırdı ki, yatmağı, yorulmağı belə özünə ar bilirdi. Özünü o qədər yorub tükətmişdi ki, artıq həyatdan iyrənirdi. Yaşamaq üçün bir səbəb axtarmırdı, axtarsa da tapa bilmirdi.
Bu səbəbdən kitaba 10 yox, 9 bal verirəm. Sonunun pis bitməsi mənim üçün bir az zəiflik göstəricisi oldu. Martin kimi bir obrazın sonun fərqli olmasını istəyərdim.
Martin Eden mənim üçün çox sevdiyim obrazlardan biri oldu. Onun hekayəsi təkcə bir insanın yox, bir ideala həddindən artıq bağlanmağın hekayəsidir. Həmişə yaddaşımda ayrı bir yerin olacaq.
Həmçinin filminə də baxdım. Martin tam mənim xəyalımda canlandırdığım obraz oldu. Amma Ruth obrazını canlandıran aktrisa üçün bunu deyə bilməyəcəyəm. Kitab qədər olmasa da filmi də bəyəndim. Lakin kitabın ötürdüyü hisslər, dərinliklər və incəliklər mənim üçün tamam başqa idi.