·96 syf.····Okunma: 28 Aralık 2025 15:46 İnsan ölümü yaxından hiss etdikcə həyatın mənasını sorğulamağa başlayır.
“Hər kitabın öz zamanı var” deyirlər. Mənim həyatımda İvan İliçin ölümü də məhz öz zamanında qarşıma çıxdı. Ətrafımda insanların yaxınlarını itirməsi, nənəmin halının getdikcə pisləşməsi, ölümün gündəlik həyatımın bir parçasına çevrilməsi.. Hər tərəfdən ölümlə çevrili düşüncələrlə yaşamaq insanda bir nöqtədən sonra susqunluq yaradır. Bilirsən ki, sənin üçün də gözlənilən son budur və artıq çox şey demək istəmirsən.
Düşünürəm ki, mən ölümdən tam olaraq qorxmuram, daha çox pis ölümdən qorxuram. İvan İliç də həyatını cəmiyyətin qəbul etdiyi kimi qurmuşdu: evlənmişdi, işləmişdi, “düzgün”yaşamışdı. Amma xəstəliklə üzləşəndə yaşadığı həyatın birdən-birə mənasız görünməsi onu daxildən parçalayırdı. O, başına gələnləri ölümün sonuna qədər qəbul edə bilmirdi və bu qəbul etməmək onun əzabını daha da artırırdı.
Bu hissələri oxuyarkən tez-tez nənəmi xatırladım. Onun ağrıdığını, şikayət etdiyini görürəm. Nə qədər qulluq olunsa da, anlayıram ki, onun əsas istədiyi şey dərman yox, uşaq nəvazişidir. Sadəcə diqqət, dinlənilmək, tək qalmamaq istəyir. “Oram ağrıyır, buram ağrıyır” dedikdə biz ona “yaxşı düşün” deyirik. Amma sonra anlayıram ki, bu mümkün deyil. Axı canı ağrıyır, sakitlik tapmır, yata bilmir, sadəcə dözür.
Bəzən işdən yorğun gəlib onun suallarını dinləmək mənim üçün çətin olurdu. Amma bu kitabdan sonra hiss edirəm ki, bir çox şeyə baxışım dəyişib. Əslində bu kitabı oxumamışdan əvvəl də bunları içdən-içə bilirdim.
Ona görə də İvan İliçin ölümü mənim üçün sadəcə bir əsər olmadı, bir aydınlanma oldu. Bu kitab mənə ölümün təkcə sona yaxınlaşmaq olmadığını, eyni zamanda insanın başqasına necə yanaşdığını göstərdi. İndi daha çox anlayıram, daha səbirli baxmağa çalışıram..